Gerşkoviç həbsini Moskvadakı Lefortovo istintaq təcridxanasında çəkir
Moskva Şəhər Məhkəməsi dövlət sirri təşkil edən məlumat toplamaqda təqsirləndirilən “Wall Street Journal”ın Amerika nəşrinin jurnalisti Evan Qerşkoviçi həbsdə saxlayıb. Bu barədə “Mediazona”ya istinadən məlumat yayılıb.
Gerşkoviç həbsini Moskvadakı Lefortovo istintaq təcridxanasında çəkir.
Məhkəmə iclasında ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi iştirak edib. İclas qapalı keçib, məhkəmə binasına gələn jurnalistlər və diplomatlar üçün onlayn yayım təşkil edilib.
Vəkil Mariya Korçagina jurnalistlərə bildirib ki, jurnalist özünü təqsirli bilmir. Onun sözlərinə görə, müdafiə tərəfi Gerşkoviç barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı, müəyyən hərəkətlərə qadağa qoyulması və ya 50 milyon rubl girovla əvəzedilməsini istəyib.
Jurnalistlərə verdiyi şərhdə Lin Treysi deyib ki, günahsız jurnalistin belə şəraitdə necə saxlanıldığını görmək onun üçün çətin idi:
“Dünən ilk dəfə idi ki, istintaq təcridxanasında görüşə icazə verdilər, o,sağlamdır və şəraitə rəğmən möhkəm dayanıb. Biz ona kömək etməyə davam edəcəyik və konsulluqla əlaqə saxlamağı tələb edəcəyik. İttihamlar heç nəyə əsaslanmır”.
“TheWall Street Journal”ın jurnalisti Evan Qerşkoviç martın 30-da Yekaterinburqda saxlanılıb. Daha sonra Moskvanın Lefortovo Məhkəməsi onu iki ay müddətinə həbs edib. Gerşkoviç casusluqda ittiham olunurdu. Rusiya istintaqı iddia edir ki, Gerşkoviç ABŞ-ın sifarişi ilə hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məxfi məlumatlar toplayıb. İttihamın detalları barədə məlumat verilmir. Casusluq maddəsinə əsasən, jurnalisti 12 ildən 20 ilə qədər həbs gözləyir.