Əsgərov saxlanılarsa, onu 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir
Mayın 24-də Moskvanın Basman Rayon Məhkəməsi “Nə? Harada nə vaxt?” televiziya şousunun oyunçusu Rövşən Əsgərov barəsində qiyabi hökm çıxarıb.
Məhkəmə istintaqın vəsatətini təmin edərək Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (“KİV və ya internet vasitəsilə nasizmin reabilitasiyası”) ilə təqsirləndirilən Rövşən Əsgərov barəsində 2 ay qiyabi həbs-qətimkan tədbiri seçib.
Hazırda axtarışda olan Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.
Əgər Rövşən Əsgərov saxlanılarsa, onu 5 milyon rubla qədər cərimə və ya 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
O, Sovet İttifaqının marşalı Georgi Jukovu oğurluqda ittiham etmişdi.
49 yaşlı Rövşən Əsgərov Azərbaycan və Rusiya vətəndaşıdır. Əsasən Moskvada yaşayır.
2009-cu ildən “Baku” jurnalının direktorudur.
Jurnalın baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.