Azərbaycan Gömrük İttifaqına şərtlə qoşula bilər, strateji məsələlərdə – enerji siyasəti, üçüncü dövlətlərə qarşı iqtisadi və tarif siyasəti, gələcək enerji layihələrində qərar vermə ixtiyarını özündə saxlayar
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu günlərdə gerçəkləşən Moskva səfəri ən müxtəlif rakurslardan təhlil edilməkdədir. Ən maraqlı məqam ondan ibarətdir ki, baş diplomatımızın Rusiya paytaxtına səfəri Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Riqa sammiti başa çatandan dərhal sonra reallaşdı.
Azərbaycan prezidenti Riqaya getmədi. Azərbaycan XİN rəhbəri isə RF paytaxtına səfər edərək, son dərəcə mühüm bəyanatlarla çıxış etdi:” Avrasiya İqtisadi Birliyində Avropa Birliyi ilə assosiasiya sazişində olduğu kimi, şərtlərdən biri azad ticarət zonası haqdadır. Avropa Birliyi ilə bu, mümkün deyil, çünki biz Dünya Ticarət Təşkilatının üzvü deyilik. Avrasiya İqtisadi Birliyinə gəlincə, burada Gömrük İttifaqı mühüm rol oynayır.
Lakin Ermənistan tərəfindən torpaqlarımızın işğalı Gömrük İttifaqında bizim onunla birgə mövcudluğumuza imkan vermir. Əgər Ermənistan öz silahlı qüvvələrini ərazilərimizdən çıxarsa, o zaman sərhədlər açılar və əgər situasiya normallaşarsa, Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətlər yaranarsa, kim bilir sabah nə olacaq…”
E. Məmmədyarovun sözügedən açıqlaması diplomatik jest kimi dəyərləndirilə bilər. Lakin situasiyanın təhlili onu deməyə əsas verir ki, Azərbaycanın bu qurumlara üzvülüyü milli maraqlara cavab vermir. RF prezidenti Vladimir Putinin SSRİ-ni bərpa etməyə yönəlmiş bu layihələri onlara qoşulan ölkələrin suverenliyini məhdudlaşdırır. Nəzərə alsaq ki, Azərbaycanda biznes və kommersiya sahələri tam inhisara götürülüb, Gömrük İttifaqına üzvlüyün oliqarx-məmurların maraqlarına zidd olduğunu da ehtimal edə bilərik. Gömrükdən keçirilən avtomobil və ölkəyə gətirilən digər mallara görə nəzərdə tutulan və hətta dövlət vergisindən də yüksək olan rüşvət bu quruma üzvlüklə aradan qalxa bilər. Bu, məmurların milyardlarla pul itkisinə məruz qalması deməkdir. İnhisarların dağıdılmasının əlbəttə ki, müsbət tərəfləri mövcuddur. Gömrük İttifaqına üzvlüklə minlərlə vətəndaş rüşvətdən azad olmaqdan savayı bank və inşaat sahələrindəki inhisarlara da son qoyulması nəticəsində rahat nəfəs ala bilər. Lakin quruma üzvlük digər təbəqələr, məsələn, kənd təsərrüfatı işçilərinə zərbə vura bilər. Bazara çıxarılacaq məhsulların Rusiya ilə razılaşdırılması da ciddi problemlərə səbəb ola bilər. Ümumiyyətlə, Gömrük İttifaqı üzvlərinin enerji siyasəti eyniləşdirilməlidir. Bu baxımdan, Azərbaycan Qərblə həyata keçirəcəyi enerji layihələrində digər ittifaq üzvlərinin maraqlarını da nəzərə almalıdır. Söhbət cibə gedən milyardların kiminləsə bölüşdürülməsindən gedir. Lakin Azərbaycan Gömrük İttifaqına şərtlə qoşula bilər, strateji məsələlərdə – enerji siyasəti, üçüncü dövlətlərə qarşı iqtisadi və tarif siyasəti, gələcək enerji layihələrində qərar vermə ixtiyarını özündə saxlaya bilər. Lakin inhisarların dağıdılması Azərbaycan oliqarxlarının milyardlarla dollardan məhrum olması deməkdir. Bakı belə gedişata razı ola bilərmi? Ritorik sualdır.
Prinsipcə, E. Məmmədyarovun dolayısı ilə verdiyi “Qarabağı qaytarın, Kreml layihəsinə üzv olaq” bəyanatı Rusiyanın da maraqlarına cavab vermir. V. Putin xaraktercə diktatorluğa meyllidir və özünü imperator kimi aparır. O, heç bir zaman Azərbaycan və ya başqa müstəmləkə hesab etdiyi ölkələrin diqtəsi ilə addımlamağı qəbul edə bilməz. Digər tərəfdən, Qarabağın qaytarılması MDB məkanında olan digər separatçı rejimlərin də maraqlarına ziddir. Əgər, Kreml Bakının təklifi ilə razılaşsa və Qarabağın qaytarılmasında iştirak etsə, bu, separatşı rejimlərin əsas himayədarı olan Rusiyaya Qərbin yeni təzyiqlərinə yol aça bilər. Yəni, artıq presedent mövcud olar və Qərb digər separatçı bölgələri də problemi ölkələrin ərazi bütövlüyü çərçivəsində həll etməyə səsləyə bilər.
Digər tərəfdən, Azərbaycana jest etmək Putin iqtidarına əlavə problemlər də yarada bilər. Belə ki, Rusiyanın ictimai-siyasi, elmi və yaradıcı elitasında erməni lobbisinin təsiri kifayət qədər güclüdür və Putin bu dayağını itirmək istəməyəcək. Belə olan təqdirdə, E. Məmmədyarovun təklifi nə anlama gəlir? Faktiki olaraq, Bakı Moskvanın yaratdığı qurumlara üzv olmaq üçün qeyri-mumkun şərt irəli sürür. Lakin bu təklifin arxasında başqa bir məqamın dayandığı üzə çıxır. Mətbuata sızan məlumatlardan bəlli olur ki, Bakı və Moskva arasında bir neçə işğal olunmuş rayonun qaytarılmasına dair anlaşma var. Əgər bu plan reallaşarsa, Bakını hansısa mühüm məsələlərdə güzəştə vadar edən Kreml İrəvandakı siyasi situasiyanı da öz xeyrinə dəyişə bilər. Maraqlıdır ki, son zamanlar Ermənistan prezidenti Sərkisyan İrəvanı Rusiyanın forpostu olmaqdan xilas etmək üçün Qərblə anlaşmağa başlayıb. Moskva Ermənistandakı situasiyanı Sərkisyanın nəzarətindən çıxartmaq və özünün vassalı olan sabiq prezident Robert Köçəryanı hakimiyyətə qaytarmaq istəyir. Burada daha bir məqamı təhlil etməyə ehtiyac yaranır. Savaş başlayarsa, İrəvan öz təbliğatını bu istiqamətdə qura bilər – “millətlərin özünü təyin etmə hüququna” Bakı etnik təmizləmə ilə cavabı verir. Bu mərhələdə savaşa başlamaq göründüyü kimi sadə deyil. Lakin bu münaqişəni Cənubi Qafqazda və Şərqi Avropada mövcud olan digər münaqişələrlə eyniləşdirmək olmaz. Ən azı ona görə ki, Dağlıq Qarabağ əhalisinin hamısı etnik ermənilərdən ibarət deyil, bu ərazidə yaşayan Azərbaycan türklərinin hüquqları da nəzərdən qaçırıla bilməz. Digər tərəfdən, işğal altında olan ərazilərin əhalisinin əksəriyyəti türklərdir və məsələyə milli təyin etmə prizmasından heç cürə baxıla bilməz. Bir məqama da diqqət yetirək. Belə bir fikir irəli sürülür ki, əgər Azərbaycan irimiqyaslı – işğal olunmuş ərazilərin ən müxtəlif istiqamətlərindən azad olunmasına başlasa, Ermənistan bu qədər ərazini qorumaq imkanında olmayacaq. Lakin unutmaq olmaz ki, savaş başlayarsa, bu zaman prosesə Rusiya müdaxilə edə və Bakını tələyə sala bilər. Lakin kənar baxışla görünən budur ki, Kreml Azərbaycanı yeni savaşa şirnikləndirir və işğal olunmuş torpaqlarımızın azad olunacağına dolayısı ilə yardım edəcəyinə “zəmanət” verir. Görünən həm də budur ki, Rusiyaya Qarabağın azad edilməsi deyil, yeni savaş lazımdır. Aydın məsələdir ki, savaş başlayarsa, ruslar son anda öz tarixi müttəfiqləri olan ermənilərə yardım edəcəklər.
Lakin bu savaş Sərkisyan hakimiyyətinin sonunu gətirdiyi kimi, Azərbaycan hakimiyyətinə də ciddi problemlər yaradacaq. Lakin Kreml həm də “cızığından çıxmış” Sərkisyanı cəzalandırmaq istəyir. Bu fonda Sərkisyana qarşı Moskvapərəst müxalifətin gücləndirilməsi Ermənistan prezidentini əks addımlar atmağa vadar edir. 2 il öncə Qagik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası ilə sabiq prezident Levon Ter-Petyosyanın başçılıq etdiyi “Erməni Milli Konqresi” birləşərək, Kremlin çətiri altına keçdi və bu baxımdan kifayət qədər güclü koalisiyanin bir neçə ay öncə Sərkisyan tərəfindən darmadağın edilməsi, Kremli ehtiyat varinat kimi qoruduğu Köçəryana yenidən “stavka” etməyə sövq edir. Moskva Koçaryanı hakimiyyətə qaytarmaq arzusundadır. Odur ki, bir neçə işğal edilmiş rayonun İrəvanın nəzarətindən çıxmasına yardım da edə bilər. Bu plan Sərkisyanın fiaskosuna və Koçaryan variantının reanimasiyasına yardim edə bilərdi. Amma diqqət çəkən həm də budur ki, Bakı Qərblə oynadığı “inteqrasiya” oyununu indi də ruslarla davam etdirmək istəyir. Lakin Bakı ilə məsafə saxlamağa başlayan Qərbdən fərqli olaraq, Moskvanın bu halda hansı problemlər yarada biləcəyini Azərbaycanda düzgün dəyərləndirirlər. Bu oyunun finişi belə görünür – Azərbaycan 2-3 rayonu qaytarır, Koçaryan yenidən prezident olur, Moskva hər iki ölkədə özünə qarşı loyal münasibət əldə edir. Bu oyunların pərdəarxasını bildiyindən Qərb regiondakı oyunlardan məsafələşmək yolunu tutur. Amma bu da məlumdur ki, Qərb və xüsusilə də ABŞ sürətlə uzaqlaşdıqları kimi, eyni sürətlə də geri dönmək imkanlarına malikdirlər. Belə olan təqdirdə, Məmmədyarovun bəyanatından çıxan nəticəni və yuxarıda göstərilən mümküm ssenarinin tamamlanmıış olduğunu söyləmək tezdir. “Axsaq ördəyin” hansı addımları atacağını proqnozlaşdırmaq çətindir…