“Moskva Bakıdan Vaşinqtonun regiondakı oyunlarına qarşı istifadə etmək istəyir”

Rauf Mirqədirov


”Solovyovu Bakıya gətirənlər Azərbaycana kifayət qədər ciddi zərbə vurduqlarını düşünürlərmi?”



Həftə siyasi olaylarla, xüsusən xarici siyasət baxımından hadisələr bolluğuyla seçilir. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakı səfəri, eləcə də rusiyalı jurnalist Vladimir Solovyovun “Vesti FM”-ə prezident İlham Əliyevlə görüşünün detalları haqda müəyyən qədər açıq danışması bir sıra sualları gündəmə gətirib.



Meydan TV siyasi şərhçi Rauf Mirqədirovla söhbətdə gündəmin yaratdığı suallara cavab almağa çalışıb.


 – Rauf bəy, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakı səfəri barədə rəsmi məlumatlardan və şərhlərdən xəbərdarsınız. Bu baxımdan sizin yanaşmanız necədir?

– Ümumiyyətlə, Rusiya-ABŞ münasibətləri və Moskvanın regiondakı rolu ilə bağlı çox ciddi problemlər yaranıb. Bu, xüsusilə Moskvanın Vaşinqtonla münasibətlərində gözlənilən pozitiv dəyişikliklərin baş verməməsi, hətta münasibətlərin daha da gərginləşməsilə bağlıdır. Faktiki olaraq, Vaşinqton Moskvaya ultimatum verir: birinci növbədə, Suriyada, sonra Şimali Koreyada xarici siyasətini bizimlə razılaşdır, ya da sizi cəzalandıracağıq. Prezidentin Trampın son açıqlası təxminən belədir. Söhbət yalnız Suriya və Şimali Koreya ilə bağlı deyil, bu gedişatın Azərbaycana da təsiri olacaq. Burada İrana da münasibət var. Söhbət Azərbaycanla birgə terrorizmə qarşı mübarizədən gedir, Yaxın Şərq məsələsidir. Bunlar prosesin beynəlxalq tərəfidir. Bu gedişatda rəsmi Bakının özünü necə aparacağı ciddi məsələdir, xüsusilə rəsmi Moskvanın regiondakı siyasətinə korrektələr olacaqmı sualları qalır. Digər tərəf isə birbaşa terror təhlükəsilə bağlıdır. Xatırlayırsınızsa, ABŞ Rusiyaya “başına gələn başmaqçı” olar prinsipilə xəbərdarlıq edirdi ki, Moskva Dəməşq, yaxud Yaxın Şərq məsələsinə nə qədər cəlb olunsa, daha çox terror obyektinə çevriləcək. Bilirsiniz ki, Şimali Qafqazdakı terror olayları beynəlxalq aləmdə o qədər də əks-səda doğurmur. Sadəcə, terror aktları 90, yaxud 2000-ci illərin əvvəllərində olduğu kimi Rusiyanın mərkəzi şəhərlərinə qayıdır, Sankt-Peterburq metrosundakı partlayış buna sübutdur. Səbəb diskussiya mövzusu ola bilər. Bəli, əvvəlki illərdə də ehtimal olunan məsələ – Rusiyanın təhlükəsizlik orqanlarının öz əməlidir. Bütün hallarda problem var və bu, Rusiya xarici siyasətinə təsir göstərməlidir. Bir sıra hallarda terroru həyata keçirənlər keçmiş sovet respublikaları ilə bağlıdır. Bilirsiniz ki, Azərbaycan vətəndaşları da bu və ya digər terror təşkilatlarında iştirak edirlər, ərazimizə çoxlu sayda Yaxın Şərqdən və ərəb ölkələrindən turistlər gəlir, onlar burdan Rusiyaya gedir. Bu baxımdan Azərbaycan kifayət qədər ağrılı nöqtədir. Bakının küçələrində ərəb ölkələrindən gələn turistləri görmək olur.  Bu sahədə xüsusi xidmət orqanlarının əməkdaşlığı Bakı və Moskva üçün zəruridir. Amma əsas məsələ regiondakı olaylarla bağlı Azərbaycanın mövqeyini öyrənmək, bizdən ABŞ və Qərbə qarşı diplomatik, hərbi-siyasi oyunda nə dərəcədə istifadə etməyin mümkünlüyünü aydınlaşdırmaqdır.


– Nikolay Patruşev Bakı görüşlərində bildirib ki, təhlükəsizlik təmin olunarsa, iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz. Bu açıqlamanı necə şərh edərdiniz?

–  Düşünmürəm ki, Patruşev təhlükəsizliyin təmin olunmasından danışanda bunu siyasi-iqtisadi münasibətlərlə əlaqələndirsin. Əgər söhbət təhlükəsizliyin təminatına terrorizmlə mübarizə kontekstində baxılırsa, bu, Moskvadan az olmayaraq Azərbaycanın da maraqlarına cavab verir. Düzdür, Azərbaycan terrorun birbaşa obyektinə çevrilməsə də, bu təhlükəyə qarşı mübarizə aparmaq lazımdır. Bir daha deyirəm, söhbət təhlükəsizlik baxımından terrorizm kontekstində gedirsə, problem deyil. Məncə, Patruşev təhlükəsizlik anlayışına daha geniş kontekstdə baxır. Məsələn, Azərbaycanın Kollektiv Təhlükəzlik Müqaviləsinə cəlb olunması, yaxud Bakıdan Vaşinqtonun regiondakı oyunlarına qarşı istifadə etmək istəyi var. Bu isə Azərbaycanın maraqlarına cavab vermir.


– Ötən həftə Ümumrusiya Azərbaycanlıları Təşkilatının ləğvi məsələsi qaldırılıb. Ədliyyə Nazirliyinin məhkəməyə müraciətini şərh edənlər arasında Moskvanın bununla Bakıya təzyiq etdiyini düşünənlər də var. Deyilənləri bölüşürsünüzmü?

– Əgər bu təzyiqdirsə, mövqeyinizi müəyyınləşdirin ifadəsində bir siqnaldır. Ancaq sual yaranır; Ümumrusiya Azərbaycanlıları Təşkilatını ləğv etməklə Moskva Bakıya qarşı necə təzyiq edə bilər? Yaxşı, ləğv edin, sonra?! Hər bir təşkilatın mövcudluğu, ya da qeyri-mövcudluğu Azərbaycana gerçək təzyiq vasitəsi ola bilməz. Siyasi-iqtisadi maraqlar Azərbaycan və Rusiya kimi sistemlərdə tamamilə başqa olur. Bəli, “mövqeyinizi müəyyənləşdirin” mesajı olar, bu tip mesaj bəsit və primitiv olduğundan Rusiyaya şərəf gətirəcək vasitə deyil.


-Ancaq siyasətdə şərəf arxa planda olur, daha çox maraqlar təsir amilinə çevrilir. Belə deyilmi?

– Söhbət diaspora təşkilatından gedir və bu, bütün dünyada var. Postsovet məkanında bu strukturun necə fəaliyyət göstərməsi başqa mövzudur. Bəli, bu təşkilat rəsmi Bakının təsiri altındadır. Ancaq Rusiya kimi böyük dövlət üçün ciddi siyasət deyil, mən şərəf deyəndə bunu nəzərdə tutmuşdum.


– Yəqin ki, rusiyalı telejurnalist Vladimir Solovyovun “Vesti FM”-ə müsahibəsini dinləmisiniz. Azərbaycanın Prezident Administrasiyası bu barədə rəsmi açıqlama yaymayıb. Bu baxımdan baş verənləri necə qiymətləndirirsiniz?

– Mən inanmıram və inanmaq istəmirəm ki, Azərbaycan prezidenti Vladimir Solovyova o cavabları verib. Söhbət ondan getmir ki, İlham Əliyevin bu və ya digər addımlarında jurnalistin dediklərini görürük. Söhbət dövlət başçısı statusunda olan siyasətçinin motivlərinin nə cür olmasından asılı olmayaraq o cavabları verməməsindən gedir. Ona görə Əliyevin o cavabları verdiyini düşünmürəm. Çünki bu, onun statusuna və indiyə qədər dediklərinə tamamilə ziddir. Bilirsiniz ki, prezident dəfələrlə Azərbaycandakı demokratiya, siyasi məhbus məsələləri haqda münasibətlərini ifadə edib. Gerçək vəziyyətdən asılı olmayaraq Əliyev Azərbaycanda demokratiyanın olduğunu deyib və müasir dünyanın eşidə biləcəyi məqam da budur. Müasir dünyada dövlət başçısı deyə bilməz ki, Avropa Şurasının üzvüyük, amma həbslər, saxta seçkilər keçiririk, həyat yoldaşımı qəsdən Birinci vitse-prezident təyin edirəm və s. Dövlət başçısı statusunda olan siyasətçi belə danışa bilməz, hətta içində düşünsə də, niyyəti olsa da. Solovyovun müsahibəsində inana biləcəyim hissə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsinə, Avrasiya Birliyinə üzv olması haqda ehtimalıdır, yəni dövlət başçısı mesaj verə bilər ki, Qarabağı qaytarın, üzv olaq. Bu cümlənin özü kifayətdir ki, Azərbaycanın hakim siyasi elitası ölkənin gələcəyinin necə görmək istəyir. Əslində, Qarabağ məsələsi Azərbaycanın iqtisadi-siyasi bütün sahələrini özündə ehtiva edir. Müsahibənin digər hissələrinə gəldikdə, dövlət başçısının Solovyov kimi jurnalistə yuxarıda xatırlatdığım məsələlər barədə danışmasına inana bilmirəm. Bəli, dövlət başçısı, yaxud hakim elita bəzi məsələlərin öz adından deyilməsini xoşlayır, amma bu haqda açıq şəkildə danışmaq, demək ki, “ABŞ Azərbaycanı pis vəziyyətdə görmək istəyir” və bunu ictimaiyyətin diqqətinə çıxartmaq… Bu, sadəcə, prezident olaraq İlham Əliyevin özünün maraqlarına ziddir. Bəli, dövlət başçısının, yaxud rəsmi şəxsin Amerikayla münasibətlərdə hansısa maraqları ola bilər, ancaq bu barədə açıq danışmaq olmaz. Nəhayət, rəsmi Bakı çox vaxt digər dövlətləri ikili standartlarda ittiham edir. İndi sual yaranır; bəs bu görüşün təşkilatçıları Azərbaycana kifayət qədər ciddi zərbə vurduqlarını düşünürlərmi? Bundan sonra  rəsmi Bakı “Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər edənlər cəzasız qalmamalıdır” söyləyəndə, heç kim inanmayacaq.

Ana səhifəVideo“Moskva Bakıdan Vaşinqtonun regiondakı oyunlarına qarşı istifadə etmək istəyir”