Moskva Bakı və Yerevanı kompromisə çağırır

Elxan Şahinoğlu: Rusiya yenə “köhnə mahnıları oxuyur”

Source:


Elxan Şahinoğlu: Rusiya yenə “köhnə mahnıları oxuyur”

Moskva Qarabağ münaqişəsi tərəflərini güc tətbiqindən çəkinməyə və kompromisə nail olmaq üçün siaysi iradə göstərməyə çağırır. Bu barədə RF XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Təəssüf ki, siyasi dialoqun bərpası münaqişə zonasında vəziyyətin kəskinləşməsi, qurbanların, o cümlədən  dinc əhali arasında  qurbanların artması ilə əlaqədar çətinləşir.

Biz gələcək eskalasiyanın yolverilməz olduğunu hesab edirik. Tərəfləri güc tətbiq etməkdən çəkinməyə, kompromisə nail olmaq üçün lazımi siyasi iradəni nümayiş etdirməyə çağırırıq”, – o vurğulayıb.

M.Zaxarovanın sözlərinə görə, Qarabağ nizamlanması mövzusu bu ilin aprel-may aylarında Ermənistan və Azərbaycan xarici işlər nazirlərnin Moskvaya səfəri zamanı ətraflı müzakirə edilib.

“Bu, Sergey Lavrovun xarici həmkarları ilə hazırkı əlaqələrinin də müzakirə mövzusudur. Biz bu istiqamətdə ABŞ və Fransa ilə sıx əməkdaşlıq edirik. Bu yaxınlarda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində RF xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüş zamanı bu ay həmsədrlərin regiona səfəri ərəfəsində nizamlanma ilə bağlı praktiki məsələlərə baxılıb”, – o əlavə edib.

Mariya Zaxarovanın fikirlərini Meydan TV-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “yenə köhnə mahnıları oxuyurlar” deyərək bildirdi ki, Azərbaycanın güzəşt limiti bəllidir: “Güzəşt ondan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır ki, Azərbaycan da hansısa qarşılıqlı addım atsın. Rusiyanın Ermənistana təzyiq imkanı çatdığı halda heç bir addım atmır. Mariya Zaxarovanın dedikləri həm də son vaxtlar Ermənistanın ətraf rayonları boşaldacağı barədə yayılan şaiələri yenidən gündəmə gətirir. Bununla o, Rusiyanın əvvəlki mövqedə qaldığını və ortada heç olmadığını göstərmək istəyib. Yəni Rusiya münaqişəni həll etmək istəmir. Çünki münaqişə həll olunsa, Moskvanın regiondakı maraqları zəifləyəcək”.

E.Şahinoğlu bildirdi ki, Ukrayna və Suriya hadisələrindən sonra ABŞ-la Rusiya arasında ciddi fikir ayrılığı yaranıb. Belə bir fikir ayrılığından sonra onların birgə münaqişəni həll edəcəyi gözlənilmir.

Ana səhifəXəbərlərMoskva Bakı və Yerevanı kompromisə çağırır