Bankların həm kredit, həm də uzunmüddətli depozit reytinqləri endirilib
“Moodys” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın daha 4 bankının reytinqini aşağı salıb.
Reytinqi aşağı salınan banklar “Xalq Bank”, “Bank Respublika”, “VTB Bank” və “Bank of Baku”dur.
Bu barədə agentliyin yaydığı press-relizdə bildirilir:
““Xalq Bank”ın kredit reytinqi B3-dən aşağı salınıb. Bankın uzunmüddətli depozit reytinqi isə B2-dən (əsaslı kredit riski) daha aşağı, B3-ə (yüksək kredit riski) endirilib. “Bank Respublika”nın həm kredit reytinqi, həm də uzunmüddətli depozit reytinqi B2-dən B3-ə endirilib. “Bank of Baku”nun kredit reytinqləri də endirilib”.
Məlumatda bildirilir ki, “VTB Bank”ın kredit reytinqi caa1-dən caa3-ə (çox yüksək kredit riski), uzunmüddətli depozit reytinqi isə B2-dən daha aşağı, B3-ə endirilib.
Hazırda Azərbaycanda 32 bank var. Onlardan biri Azərbaycan Beynəlxalq Bankı xarici öhdəlikləri yerinə yetirməkdən imtina edib. Daha 4 bank problemlərə görə, nəzarətə götürülüb. Ötən il isə ölkədə 11 bank bağlanıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.