İbad Hüseynovu bu hadisələrin müəllifi kimi təqdim etmək ideyası rəsmi dairələrdən gəlib
Erməni terrorçu Monte Melkonyanın öldürülməsi mövzusunu “özəlləşdirməyə” çalışan yalan və zərərli ideya müəllifləri uzun müddət özlərinə arxayın ola bilməzdilər, əgər onlara rəsmi dairələrdə dəstək olmasaydı. Bundan əlavə, İbad Hüseynovu bu hadisələrin müəllifi kimi təqdim etmək ideyası da rəsmi dairələrdən gəlib.
“Turan”-ın yazdığına görə, bu məsələdə MTN-in iştirakı heç bir şübhə doğurmur. Çünki bu yaxınlarda bu qurumun sponsorluğu barədə “təkzib” bu şanlı orqanın həmin yalançı nəzəriyyəyə bağlılığını təsdiqləyir.
Belə ki, “Əsgər” filminin rejissoru Etibar Məmmədov bildirib ki, MTN İbad Hüseynov haqqında filmin sponsoru olmayıb və eyni zamanda da etiraf edir ki, bu idarənin əməkdaşının vaxtilə aparılan əməliyyat barədə danışması üçün xüsusi icazə alınıb.
Əslində bunun mənası belədir: MTN əməkdaşının danışdığı hadisələri qurum rəhbərliyi mütləq yoxlamalıdır. Əgər MTN rəhbərliyi bunun əleyhinə olsaydı və ya öz əməkdaşının bəyanatını yalan hesab etsəydi, bu fikirlərin söylənməsinə yol verməzdi. Deməli, MTN razı olub. Bununla da bu qurum ictimai rəyin aldadılmasına təşəbbüs göstərib. Bu səbəbdən ortaya sual çıxır – məqsəd nədir?
Ümumiyyətlə, hüquq-mühafizə orqanları bəyanatlarla deyil, faktlarla, sübutlarlarla çıxış etməlidirlər.
İbad Hüseynov və onun şefinin ən “tutarlı sübut”u kəsilmiş başın fotosudur.
Hüquq dilində danışsaq, kəsilmiş başın Melkonyana aid olmasını təsdiq etmək üçün məhkəmə-tibbi ekspertizanın rəyi və ya fotonun ekspertizası lazımdır. Lakin bu, yoxdur. Çünki heç bir normal ekspert belə rəy verməz.
Əvəzində İ.Hüseynovun qəhrəmanlığına digər “tutarlı” sübutlar var. Məsələn, Ramiz Mehdiyevin və ya Vaqif Hüseynovun fikirləri. Onlar öz kitablarında Monte Melkonyanın Qarabağda məhv edilməsini yada salırlar.
Eyni zamanda “qəhrəmanlıq vesterni”nin müəllifinin Monte Melkonyanın aradan götürülməsi üzrə əməliyyatın keçirilməməsi barədə MTN rəhbər işçilərinin 1993-cü il bəyanatları ilə işi yoxdur.
E.Məmmədov özünün son bəyanatında bəyan edir ki, onun filmində bunun MTN-nin yox, Müdafiə Nazirliyinin hərbçilərinə və sənədlərinə istinad ediblər.
Elə buradaca bu rejissora xatırlatmaq istəyirsən ki, vaxtilə MTN nümayəndələri “Əsgər” filminin yaradılmasına öz bağlılıqlarını gizlətməyiblər. Əsasən bu qurumun yüksək vəzifəli əməkdaşlarından biri İ.Hüseynova tövsiyə edib ki, filmdə başın kəsilməsindən yox, sadəcə məhv edilməsindən danışılsın. Başqa vacib detallar da olub ki, hələlik bu barədə demirik. Bütün bunlar ondan xəbər verir ki, MTN filmin ssenarisinə təsir göstərib.
“Əsgər” filminin rejissorunun istinad etdiyi Müdafiə Nazirliyinin arxivinə gəlincə, görünür, onun Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin keçmiş rəisi general Talib Məmmədovun fikirlərindən xəbəri yoxdur, ya da özünü xəbərsiz kimi göstərir. Ona “258 saylı PDM ekipajı” filminə baxmağı tövsiyə edirik. Hər şeyi təkrar etməyəcəyik, ancaq Kəşfiyyat İdarəsinin rəisi açıq şəkildə bildirib ki, İ.Hüseynovun Melkonyanın məhv edilməsinə heç bir aidiyyatı yoxdur və bütün materiallar Müdafiə Nazirliyinin arxivlərində saxlanılır.
Melkonyanı məhv edən 708-ci briqadanın ikinci batalyonunun keçmiş komandiri polkovnik Xətai Baxışovun ünvanına ittihamlara gəlincə, o, vaxtilə “Əsgər” filmi ilə bağlı maraqlı qeydlər etmişdi.
Belə ki, X.Baxışov Melkonyanı guya İ.Hüseynovun öldürməsini təsdiqləyən sənədləri saxta adlandırıb.
“Baxın, məsələn, Melkonyanın məhv edilməsi əməliyyatının keçirilmə tarixi 29 iyun 1993-cü il göstərilib. Və bir arayış da var iki həftə öncəki tarixdə – 14 iyun 1993-cü il. Burada deyilir ki, 1992-ci ildə İ.Hüseynov təxribat törədərək 12 ermənini öldürüb, qənimət kimi 7 avtomat götürüb. Sənədi 161-ci hissənin komandiri Barat Quliyev imzalayıb. Lakin B.Quliyev 1992-ci ildə belə arayış verə bilməzdi, çünki o zaman bizimlə birlikdə 708-ci briqadada xidmət edirdi. 161-ci hissəyə 1993-cü ilin aprelində göndərilib. Bundan başqa, birinci sənəddə B.Quliyev polkovnik-leytenant, ikincidə mayor kimi göstərilib. Bu, necə olur? Belə çıxır ki, Monte Melkonyanın məhvinə görə onun rütbəsini kiçildiblər? Bu arayışların necə ortaya çıxması barədə suallara isə onları düzəldənlər cavab versinlər. Lakin qeyd etmək lazımdır ki, hissənin qərargah rəisi İbad Hüseynovun doğma qardaşı mərhum İlyas olub. Arayışların hər birində ikinci yerdə onun imzası durur. Filmdə çıxış edən zabit Məmməd Rahimov danışır ki, 1993-cü ilin iyununda Monte Melkonyanın məhv edilməsi barədə tapşırığı hazırlayıb İbad Hüseynova həvalə edib. Ancaq iş bundadır ki, Məmməd Rəhimov bunu edə bilməzdi, çünkü bu vəzifəyə 1993-cü ilin noyabrında təyin edilib”, – Xətai Baxışov bildirib.