”Monte Karlo” kimin kirvəsinindir?

AXCP üzvləri məhkəmədə ifadə verib

Source:


AXCP üzvləri məhkəmədə ifadə verib

AXCP üzvləri Səadət Cahangir və Ramiz Əhədov, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli fevralın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. Onlar Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəy rayonunun icra başçısı olmuş Saleh Rüstəmli, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsinin üzvü Ruslan Nəsirlinin məhkəməsində şahid qismində ifadə veriblər.

Hakim Eldar İsmayılovun sədrliyilə keçirilən məhkəmədə əvvəlcə Moskvada yaşayan və Azərbaycana qeyri-rəsmi pul köçürmələrilə məşğul olan Natiq Kamalov ifadə verib.

O bildirib ki, Moskvadakı azərbaycanlılar Azərbaycana göndərmək istədikləri pulu ona təhvil verir, o da müəyyən faiz müqabilində bu işi yerinə yetirirdi. Pulu qəbul edəndən sonra Bakıda yaşayan qohumu Tural Mehdixanova mesajla onu gəlib götürəcək adamın ad-soyadını yazıb göndərdi. Həmin şəxs də gəlib şəxsiyyət vəsiqəsini göstərməklə pulu götürürdü. Bakıda pulun təhvil verilmə prosesi adətən “Monte Karlo” şadlıq evində baş tuturdu. Şahidin bildirdiyinə görə, həmin şadlıq evi onun kirvəsinindir.

N.Kamalov bildirib ki, S.Rüstəmli onun vasitəsilə Bakıya müxtəlif vaxtlarda 175 min, 3 min, 4 min dollar pul göndərib. Şahid iddia edib ki, 175 min dollar göndərilərkən pulu S.Rüstəmlidən özü qəbul edib. Eyni zamanda, S.Rüstəmlinin 175 min dolları məhz 23 may 2017-ci ildə göndərdiyini yadında saxlamasını onunla əsaslandırıb ki, həmin gün verilən pula Simferopoldakı mağazasına avadanlıq almışdı. S.Rüstəmli də sual verib ki, həmin gün Simferopolda olubsa, Moskvada ondan pulu necə şəxsən alıb?

S.Rüstəmli bildirib ki, həmin gün qardaşı oğlu Vidadiyə pulu başqa adam göndərib. Həmin şəxslə birlikdə N.Kamalovun Moskvadakı ofisinə gediblər. Pulu göndərən şəxs ofisdə onun işçisinə təqdim edib.

Şahidlər S.Cahangir, Ü.Həsənli təqsirləndirilən şəxslərdən A.Məhərrəmlinin onlara bir dəfə 200 manat pul verməsi barədə ifadə veriblər. İddia olunur ki, A.Məhərrəmli Moskvadan AXCP-yə göndərilən pullardan onlara da verib.

Şahidlər A.Məhərrəmlinin bir dəfə onlara 200 manat pul verməsini dəqiq xatırlamasalar da, bunu istisna etməyiblər. Bildiriblər ki, ola bilər və yəqin ki, verilən vəsait siyasi məhbuslardan kiminsə özünə sovqat göndərilməsinə xərclənib, yaxud ailəsinə çatdırılıb.

S.Cahangir bildirib ki, hazırda AXCP-nin 15 nəfər siyasi məhbusu var. Bundan başqa, inzibati həbs cəzası alanlar var və onların sayı hazırda 30-a yaxındır.

46687

Ü.Həsənlinin sözlərinə görə, bu iş üzrə istintaqda onu dindirərkən AXCP-nin necə maliyyələşməsi haqda soruşublar:

“Mən cavab verdim ki, AXCP üzvü deyiləm və bilmirəm”.

AXCP üzvü R.Əhədov bildirib ki, onu Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıb, sonra da polislər özləri evinə gətiriblər. Evində bir saata yaxın axtarış aparılıb, AXCP ilə bağlı maliyyə sənədlərini tapmağa çalışıblar. R.Əhədovun sözlərinə görə, o, MCQMİ əməkdaşlarına partiyanın kiməsə maaş verilməsi və bu kimi başqa işlərlə məşğul olmadığını söyləyib. Polisləri daha çox AXCP-nin necə maliyyələşməsi, partiyada bu işə kimin nəzarət etməsi maraqlandırıb:

“Dedim ki, mən siyasi məhbuslarımıza, onların ailələrinə yardım məqsədilə verilən ianələri yığıram, sovqat, ailələrinə kömək şəklində onlara çatdırıram”.

Məhkəmədə hal şahidi qismində İslam Rəhimov dindirilib. Deyib ki, iş yerində olarkən polislər yaxınlaşıb, bir hadisədə şahidlik etməsini istəyiblər. O da razılaşıb və “Əlibaba” kafesinin qarşısında polislər V.Rüstəmlini saxlayıb üzərinə baxış keçirəndə görüb. O, iddia edib ki, Vidadinin cibindən bir, maşınından da iki bükümdə narkotik tapılıb.

V.Rüstəmli isə bu şahidin söylədiklərinin yalan olduğunu, narkotikin onun cibinə və maşınına MCQMİ-nin həyətində polislərin özləri tərəfindən atıldığını bildirir.

Məhkəmə prosesi fevralın 5-nə qədər təxirə salınıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlini cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edib. İddia olunur ki, S.Rüstəmov Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Ana səhifəReportaj”Monte Karlo” kimin kirvəsinindir?