Monarxiya sentyabr 26-da baş tutan referendumdan həm öncə, həm də sonra ən çox eşitdiyimiz sözdür. Dünyanın bəzi ölkələrində hələ də qalmaqda olan bu idarə sistemi nədir? Bu sistemi demokratiyadan fərqləndirən nədir? Bu və digər suallara cavab verməyə çalışmışıq.
Monarxiya sözü yunan dilindəki “monárkhēs” (μονάρχης,) sözündən yaranıb. Mənası monos, yəni tək, vahid və arkho, yəni idarə etmək sözlərindən ibarət olub, vahid idarəetmə mənasını daşıyır. Monarxiya dövlətin bir nəfər tərəfindən idarə olunmasına deyilir. Bu şəxs hökmdar, kral, imperator, padşah, şahzadə, xaqan və s. adları daşıya bilər. Bu siyasi quruluşun ən böyük özəlliyi hakimiyyətin digər şəxsə seçimlə yox, vərəsəlik yolu ilə ötürülməsidir. Belə ki, başçı öləndən sonra onu öz ailəsindən bir nəfər (oğlu, ya da qardaşı) əvəz edir. Monarxiyada cəzalandırma, bağışlamaq və s. bu kimi səlahiyyətlərin hamısı dövlət başçısında olur.
Monarxiyanın əsas iki növü var; konstitusiyalı monarxiya və mütləq monarxiya. Konstitusiyalı monarxiya ölkəni idarə edən monarxın heç bir siyasi səlahiyyətə malik olmaması deməkdir. Monarx ölkənin, bütövlüyün simvolu olaraq qalır , amma ölkə parlament, baş nazir tərəfindən idarə olunur. Belə idarəetmə üsulu əsasən 18-ci əsrin sonlarından etibarən yayılmağa başlayıb.
Mütləq monarxiya isə dövləti qeyri-məhdud səlahiyyətlərə malik , yalnız bir şəxsin idarə etməsidir. Bu idarəetmə sisteminin əsasını Babilistan kralı Hamurappi qoyub.
Hazırda da bəzi ölkələrdə monarxiya sistemi qalmaqdadır. Amma Avropadakı monarxiyalı sistemlərin əksəriyyəti yuxarıda qeyd etdiyimiz kimi simvolik xarakter daşıyır, yəni həmin ölkələr əsasən parlament tərəfindən idarə olunur. Vatikan isə istisnadır. Burada mütləq hakimiyyət Papada olsa da, o, seçkli yolla hakimiyyətə gəlir və ömrünün axırına qədər bu vəzifədə qalır. Hollandiya, Danimarka, İngiltərə, İsveç və Belçika kimi ölkələrdə isə konstitusiyalı monarxiya quruluşudur. Kamboca, Yaponiya və Malaziya da konstitusiyalı monarxiya olan dövlətlər sırasına aiddir. Bruney, Mərakeş, Oman, Qətər, Səudiyyə Ərəbistanı kimi ölkələrdə isə monarxın daha güclü siyasi təsirə malik olduğu görünür.