Moldovada hökumət istefaya gedib

Foto: twitter

Prezident Baş nazirin istefasını qəbul edib

Moldovanın Baş naziri Natalya Qavrilita istefa verdiyini açıqlayıb.

O, fevralın 10-da bu barədə brifinq zamanı bildirib.

Natalya Qavrilita bir il yarımdan sonra istefasını elan etməyin vaxtı çatdığını söyləyib.

“Biz böhranlı hökumətdə hakimiyyətə gəldik və korrupsiya ilə mübarizə apardıq. Bu dövrdə Avropa İttifaqına inteqrasiya siyasəti yürütdük. Dərhal da enerji şantajı ilə üz-üzə qaldıq və onlar fikirləşdilər ki, biz bundan vaz keçəcəyik, milli maraqlara xəyanət etmiş əvvəlki hökumətlər kimi davranacağıq. Ancaq belə olmadı. Biz davamlı böhran rejimində işlədik”, – deyə Qavrilitsa əlavə edib.

Konstitusiyaya görə, Baş nazirin istefası bütün Nazirlər Kabinetinin istefası deməkdir.

Moldova Prezidenti Maya Sandu Baş nazirin istefasını qəbul edib.

“Mən Baş nazir Natalia Qavrilitsanın istefasını qeyd etdim. Hüquqi prosedurlardan, Baş nazir istefaya getdikdən sonra parlament fraksiyaları ilə məsləhətləşmələr aparacağam, daha sonra isə namizəd irəli sürəcəyəm”, – bunu Prezident Sandu “Facebook” səhifəsində yazıb.

Natalya Qavrilitsanın rəhbərlik etdiyi hökumət 2021-ci ilin avqustunda erkən seçkilərdə qalib gələn Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası tərəfindən formalaşdırılıb.

Ana səhifəDünyaMoldovada hökumət istefaya gedib