Buna səbəb kimi 40 800 manat cərimə borcu göstərilib
“İşçi Masası”nın həbsdə olan üzvü Möhyəddin Orucovun atasının avtomobili 40 800 manat cərimə borcu iddiası ilə polis tərəfindən müsadirə edilib.
Bu barədə Meydan TV-yə Möhyəddin Orucovun ailəsindən məlumat verilib.
Bildirilib ki, yol polisi Möhyəddinin atası Şahbəddin Orucova məxsus “Naz Lifan” markalı avtomobili iyunun 17-də “20 Yanvar” ərazisində saxlayaraq cərimə meydançasına aparıb:
“Qaradağa həbsxanaya, Möhyəddinin yanına gedirdik, yol polisi bizə “saxla” əmri verdi. Maşına yaxınlaşan polis həyat yoldaşımın sənədlərini yoxlayandan sonra dedi ki, sizin cərimə borclarınız var, maşın cərimə meydançasına aparılmalıdır. Bizi 2 saat yolda saxladıqdan sonra maşını cərimə meydançasına, bizi isə Badamdardakı Yol Polisi İdarəsinə apardılar. Orada bizə dedilər ki, bir neçə ildir ki, sürəti aşma borcunuzu ödəməmisiniz. Cərimənin məbləği çox böyükdür, portalda görünmür. Harasa zəng edib, öyrəndilər ki, cərimə borcu 40.300 manatdır”.
Fəalın ailəsindən bildirilir ki, hadisə baş verənə qədər onlara heç bir xəbərdarlıq edilməyib:
“Əgər həqiqətən də cərimə vardısa, niyə vaxtında bildiriş göndərməyiblər? Neçə gündür ki, polis idarələrini gəzirik, deyirlər ki, əmr Bakı şəhər Baş Polis İdarəsi tərərfindən verilib, bizim gücümüz çatan bir şey deyil”.
Ailənin bildirdiyinə görə, Şahbəddin Orucov bugünlərdə mətbuata Möhyəddinin həbsi, eləcə də polis işgəncələrindən danışıb. Müsahibədən 3-4 gün sonra bu hadisə baş verib.
Ailə bildirib ki, məsələ ilə əlaqədar məhkəməyə müraciət edəcəklər.
Məsələ ilə bağlı aidiyyatı qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Möhyəddin Orucov ilk dəfə 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib. Azadlığa buraxılandan qısa müddət sonra – dekabrın 13-də yenidən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. O itithamları qəbul etməyib, həbsinin siyasi fəaliyyətilə bağlı olduğunu bildirib.
O, məhkəmədəki ifadəsində deyib ki, anbardar işlədiyi “ATEF” Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması haqda şikayətlərinə görə əvvəlcə inzibati qaydada həbs olunub. Azadlığa buraxılıb, Suraxanı rayonu 32-ci polis bölməsində baş verənlərlə bağlı müsahibə verəndən sonra şirkət rəhbərliyi ilə polisin iş birliyi nəticəsində yenidən həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi ona qarşı ittihamları qismən yüngülləşdirib və fəal barəsində 3 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb.