“İşçi Masası”nın həbsdə olan üzvü Möhyəddin Orucovun atası Şahbəddin Orucov işemik insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə Meydan TV-yə Möhyəddin Orucovun anası Təranə Orucova məlumat verib.
Onun sözlərinə görə, Şahbəddin Orucov iyulun 10-da Nizami Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
İyunun 17-də yol polisi Şahbəddin Orucova məxsus “Naz Lifan” markalı avtomobilini “20 Yanvar” ərazisində saxlayaraq 40 800 manat borcunun olduğunu bildirib və cərimə meydançasına aparıb.
Təranə Orucova deyir ki, həmin hadisədən sonra həyat yoldaşının vəziyyətində ağırlaşmalar başlayıb:
“Şahbədin həmin hadisədən sonra güclü əsəb keçirirdi. Keçirdiyi stress nəticəsində səhhətində ciddi problemlər yaranmışdı. Danışanda çətinlik çəkirdi, nitqi tutulurdu, sözləri unudurdu. Oğlunu əlindən aldılar, maşınını əlindən aldılar. Birinci Qarabağ müharibəsi əlilidir, görün, necə zülmlərə məruz qoyublar. Adama 48 000 manat borc yazarlar? Həmin maşını həyat yoldaşıma 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə vermişdilər”.
Möhyəddin Orucov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) ittiham olunaraq, 3 il müddətinə həbs olunub.
O itithamları qəbul etməyib, həbsinin siyasi fəaliyyətilə bağlı olduğunu bildirib.