O, 3 il müddətinə azadlıqdan məhrum edilib
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.
Hökmə əsasən, Möhyəddin Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama əsasən, Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılarkən cibindən 3.2 qram narkotik tapılıb. Məhkəmə onu narkotik ittihamı ilə təqsirli bilsə də, onun üzərindən satışla bağlı ittihamı götürüb. Ona istintaq zamanı verilən ittiham maddəsi Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik saxlama, daşıma – satış məqsədilə törədildikdə) maddəsindən 234.1.-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsinə tövsif edilib.
Möhyəddin Orucov isə işlədiyi Transformator zavodunda işçilərin əmək hüquqlarının pozulması ilə əlaqədar dövlət qurumlarına etdiyi müraciətlərə görə rəhbərliyin sifarişi ilə polis tərəfindən şərləndiyini bildirib.
İşçi Masası Həmkarlar İttifaqının ümumilikdə 4 üzvü həbsdədir. Onlardan Afiəddin Məmmədov 8 il, Ayxan İsrafilov və Elvin Mustafayevin hər biri 3 il azadlıqdan məhrum edilib.
Gənc fəalların heç biri özünü təqsirli bilmir, onlar işçilərin hüquqlarını müdafiə etdiklərinə görə cəzalandırıldıqlarını deyirlər.