Elnur Astanbəyli
Aynurla hardasa 22 il öncə eyni qəzetdə – “Xalq Cəbhəsi”– birgə işləmişik, elə birgə də qovulmuşuq: müsavatçı ittihamı ilə…
Bacımın da adı Aynurdu, ona görə, bir az da İncəli təbirincə ona “Bajı” deyirəm, ancaq Aynuru – Aynur Elgünəşi mənə doğma hiss etdirən, əlbəttə, bu ad doğmalığı deyil.

Ədalətlidi Aynur, əsl jurnalistdi, peşəsi canından qiymətlidi. Vicdanlıdı. 22 il əvvəl bunun cəzasını çəkmişdi, indi də onun cəzasını çəkir. Bilirəm, şahidəm.
İntəhası, indi mən ən çox Aynurun canından narahatam, mənən çox güclü olduğunu bilirəm, di gəl, canındakı fiziki ağrıları da bilirəm.
Və o ağrılara baxmayaraq onu şərləyənlərə meydan oxuyur Aynur, şərləyənlərin yerində olsam, gündə azı beş rükət ölüb yerə girərəm.
×××
Sevinci, – Sevinc Vaqifqızını – bəlkə də, çoxunuz lap yaxından tanımır.
Həyatımda ən zərərsiz, belə deyək, “müqəddəs” yalana belə onun qədər dözümsüz olan birinə heç vaxt rast gəlməmişəm.

Bir dəfə hansısa məclisdə ağzımdan “Daha 200 qramdan artıq içməyəcəyəm” sözü çıxıb, növbəti məclisdə içdiyim badələri hesablayıb.
Birbaşa qayıtdı ki: “Özün vəd verib tutmursansa, yazılarını oxuyandan nə gözləyirsən?” Pərt oldum. Nəsə qırıldatdım, hətta deyəsən, zarafata saldım, dəqiq yadımda deyil.
Bircə onu deyim ki, Sevincin dürüstlüyünü, prinsipiallığını satın alacaq kapital hələ kəşf olunmayıb.
Pul əl çirkidir, ya yox, bilmirəm, ancaq onu dəqiq bilirəm – əgər bu dünyada həqiqətən elə bir əl varsa o elə Sevincin əlidir.
Qısası, Sevinc – doğruluq deməkdi.
×××
Və Natiq… Natiq Cavadlı… Azərbaycanın ayağına daş dəysə ağrısını ürəyində hiss edən adamdı o…

Sözün həqiqi mənasında jurnalistdi, təkcə başqalarının deyil, bəzən özünün də sevmədiyi sualları qarşısındakına ünvanlamaqdan qorxmayan, o sualların cavablarını mərdcəsinə axtarmaqdan çəkinməyən jurnalistdi.
Bu ölkənin az qala son 30 illik tarixinin şahididi, canlı tarixdi, indi həbsdə olması isə sevdalısı olduğu tarixin utancıdı. Təkcə Natiqin həbsinə görə ölkəcə utanmağa dəyər!
×××
Aynur, Sevinc, Natiq, sizi və sizin timsalınızda Nərgizi, Ayseli, Xəyaləni, Aytacı, Ramini, Elnarəni, Ülvini, Hafiz Babalını… tanıdığıma, sizinlə dost olduğuma görə qürur duyuram!
Və mənən yanınızda olmaqdan başqa sizə heç nə ilə kömək edə bilmədiyim üçün üzr istəyirəm.