Təqsirləndirilən şəxslərdən biri müstəntiq, ikincisi isə bankda şöbə müdiri olub
Rəssam-modelyer Elnarə Bəkirovanın atası, iş adamı Kamran Bəkirovu qətlə yetirib, meyidi isə quyuya atmaqda ittiham olunan iki nəfər – Mustafa Zeynalov və Namiq Əliyevin məhkəməsi başlayıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyilə baxılır.
Oktyabrın 19-da məhkəmənin hazırlıq iclasında məlum olub ki, təqsirləndirilən şəxslərin hər ikisi ali təhsilli, eyni zamanda, qohumdurlar.
1955-ci il təvəllüdlü Mustafa Zeynalov hüquqşünasdır, vaxtilə müstəntiq işləyib. Polis orqanlarında çalışmış Mustafa Zeynalov sonradan rüşvət ittihamıyla cinayət məsuliyyətinə cəlb olunub. O, “Kontakt Home” mağazalar şəbəkəsində hüquq şöbəsinin müdiri vəzifəsində də çalışıb.
1984-cü il təvəllüdlü Namiq Əliyev isə bankda şöbə müdiri, ardınca mobil operatorlardan birində işləyib, dəfələrlə müxtəlif dövlət qurumlarına fərdi layihələr verib.
Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində Elnarə Bəkirova iştirak edib. O, təqsirləndirilən şəxslərə ağır cəza tələb edib.
Təqsirləndirilən şəxslərə dövlət hesabına vəkil təyin olunsa da, onlar imtina ediblər. Mustafa Zeynalov deyib ki, onun öz vəkili var, sadəcə, niyəsə məhkəmə prosesində iştirak etmir. O, vəkili gəlmədiyinə görə məhkəmənin təxirə salınmasını istəyib.
Zərərçəkmiş isə buna etiraz edib: “Bu, işin uzadılmasıdır”.
Amma hakimlər belə nəticəyə gəlib ki, öz vəkili olmadan prosesin davam etdirilməsi müdafiə hüququnun pozulması olar. Bu səbəbdən məhkəmə prosesi təxirə salınıb.
Cinayət işinin materiallarında göstərilib ki, 1954-cü il təvəllüdlü Kamran Bəkirov 2023-cü ilin aprelində Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivində öldürülüb.
Qızı iddia edir ki, həmin vaxt onu aldadıb, birgə biznes qurmaq adıyla görüşə çağırıb, qətlə yetiriblər. Ailə üzvlərinin sözlərinə görə, görüşə gedərkən onun üstündə 300 min manata qədər pul olub.
İttihama əsasən, Kamran Bəkirov pulu ələ keçirmək məqsədilə öldürülüb.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Lakin Azərbaycan qanunlarına görə, yetkinlik yaşına çatmayanlara, qadınlara, yaşı 65-dən yuxarı olan şəxslərə ömürlük həbs cəzası verilmir.
Zərərçəkmiş Elnarə Bəkirovanın bildirdiyinə görə, təqsirləndirilən şəxslərin hər ikisi deputat, “Kontakt Home” mağazalar şəbəkəsinin rəhbəri Elnur Allahverdiyevin qohumlarıdır. O deyib ki, Mustafa Zeynalov deputatın dayısı, Namiq Əliyev isə o biri dayısının kürəkənidir.