Ziya Hüseynzadənin Avropa Yenidənqurma və İnkişaf Bankından götürülmüş milyonlarla vəsaiti ələ keçirdiyi bildirilir
2017-ci ildə Azərbaycan gözəli seçilmiş model, “Razi” kimi tanınan Raziyyat Əliyevanı döyməkdə ittiham edilərək həbs olunan “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin rəhbəri Ziya Hüseynzadənin haqqında daha bir cinayət işi üzrə məhkəmə başlayıb. Bu dəfə o, Avropa Yenidənqurma və İnkişaf Bankından götürülmüş milyonlarla vəsaiti ələ keçirməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq), 195 (qanunsuz kredit alma) 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 320-ci (rəsmi sənədi saxtalaşdırma və ya saxta sənəddən istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.
1989-cu il təvəllüdlü Ziya Hüseynzadə haqqında hər iki cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Modelin döyülməsi, hədələnməsi, maşınına ziyan vurulması və s. ittihamlarla bağlı cinayət işi Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasının icraatındadır. Maliyyə məsələlərilə bağlı olan dələduzluq, qanunsuz kredit alma və s. ittihamları isə Azad Məcidov, Əli Məmmədov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası araşdırır.
Martın 6-da hakim Azad Məcidovun sədrliyilə keçirilən məhkəmə prosesində Ziya Hüseynzadənin vəkili İlkin Ələsgərov jurnalistlərin bu məhkəmədə iştirakına etiraz edib. Vəkil məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb.
Təqsirləndirilən şirkət rəhbəri də vəkilinin vəsatətini müdafiə edib. Onlar məhkəmə prosesinin qapalı keçirilməsinə əsas olaraq, deyiblər ki, bu cinayət işində dövlətə aid bir sıra sənədlər var, prosesin gedişində onlar açıqlana bilər. Jurnalistlərin iştirakı həmin sənədlərin yayılması deməkdir.
Məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət təmin olunmayıb. Lakin təqsirləndirilən şəxs və onun vəkilinin etirazına görə medianın prosesdə çəkiliş aparmasına icazə verilməyib. Bununla belə, jurnalistlərin iştirakı qadağan olunmayıb. Çünki məhkəmə prosesi açıq keçirilir. Açıq məhkəmə prosesində isə istənilən şəxs iştirak edə bilər.
Daha sonra məhkəmədə prokuror Fariz Rzayev ittiham aktını elan edib.
İttihama əsasən, Ziya Hüseynzadə Kənan Rəsulovla birlikdə Salyan rayonun Yenikənd və Pambıqkənd kəndlərində ümumilikdə 9.6 hektar ərazidə yerləşən istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 2 milyon dollar kredit alıb. Lakin bu kredit təyinatı üzrə xərclənməyib.
Ziya Hüseynzadə həmçinin Zaur Əliyevlə əlbir olub, Avropa Yenidənqurma və İnkişaf Bankından daha 5 milyon 600 min avro kredit götürərək, bu vəsaiti ələ keçirməkdə təqsirləndirilir.
Bundan başqa, Ziya Hüseynzadə Zaur Əliyevlə birlikdə şirkət direktoru olmuş, mərhum Aydın Rzayevin vaxtilə başqa bir işə görə verdiyi etibarnamədən sui-istifadə edib, “Muğanbank”dan 7 dekabr 2022-ci ildə 30 min dollar pulu nağdlaşdırıb götürməkdə ittiham olunur. Şirkət rəhbərinin “Muğanbank”ın Xəzər şöbəsindən 2 milyon dollar nağdlaşdırıb götürməsi də ittihamda yer alıb.
Təqsirləndirilən iş adamına qarşı ittihamlardan biri də birlikdə Avropa Yenidənqurma və İnkişaf Bankından kredit götürdüyü Kənan Rəsulova qarşı dələduzluqla bağlıdır. İttihama əsasən, o, Kənan Rəsulovun adına iqlimlə bağlı layihənin icrası üçün 260 min avroluq qrant alınıb, bunun 133 minini özünə götürüb.
Prokurorun çıxışdan sonra məhkəmə prosesinə sədrlik edən Azad Məcidov Ziya Hüseynzadəyə ittiham verilmiş hər maddə üzrə qanunda nəzərdə tutulan cəzaları elan edib. Məlum olub ki, ümumilikdə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzasından söhbət gedir.
İttiham aktında yazılanlara münasibət bildirən Ziya Hüseynzadə onları qəbul etmədiyini söyləyib.
“Özünü zərrə qədər təqsirli bilmirəm”, – şirkət rəhbəri bildirib.
Həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də Kənan Rəsulov bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
Kənan Rəsulovun vəkili məhkəmədə mülki iddia qaldırıb. Məlum olub ki, Kənan Rəsulov 130 min avro, eləcə də mülki iddianı qaldırmaq üçün ödənilmiş 5 min manat rüsumu Ziya Hüseynzadədən tələb edir.
Təqsirləndirilən şirkət rəhbərinin vəkilləri mülki iddia ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Bu iş üzrə növbəti məhkəmə iclası martın 13-də keçiriləcək.
Ziya Hüseynzadənin model Raziyyat Əliyevaya qarşı zorakılıq etməsi ittihamıyla olan cinayət işi üzrə də məhkəmə prosesi davam edir.
İttihamda göstərilib ki, Ziya Hüseynzadə sevgilisi Razi Əliyevanın ona xəyanət etməsindən şübhələnib. Bu səbəbdən aralarında mübahisələr yaranıb. Mübahisə zamanı Ziya Hüseynzadə Razi Əliyevanı döyüb, boğub, dişləyib və s. Bundan başqa, onun üstünə bıçaq çəkərək, öldürməklə hədələyib. İttihamda həmçinin yazılıb ki, Ziya Hüseynzadə Razi Əliyevanın yaşadığı evdə yox, anasıgildə olduğunu biləndə ora gələrək, qapını sındırıb, səs-küy salıb.
Həmin cinayət işində Ziya Hüseynzadəyə qarşı ittihamlardan biri də budur ki, birlikdə yaşadıqları dövrdə ona bahalı hədiyyələr aldığını, külli miqdarda pul xərclədiyini əsas gətirərək, sonradan 185 min manat dəyərində “Mercedes Gelandewagen” markalı avtomobili geri istəyib. Lakin o, verməkdən imtina edib. Razi Əliyevanın Türkiyəyə getdiyini biləndə isə evakuator xidmətiylə danışıb və həmin avtomobili olduğu yerdən götürüb gətirib, daha sonra sındırıb. İttihama əsasən, Ziya Hüseynzadə avtomobilə 94 min manatlıq ziyan vurub.
Lakin şirkət rəhbəri bu işdə də özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.