Model qızın ölümündə həkimlər günahlandırılır

Gözünə işıq salır, deyir: “Bax, reaksiyası var. Məni orda aldadıb. İki gün özlərinə vaxt qazanmaq üçün belə hərəkətlərə yol verirdi”.

Bu sözləri əməliyyat zamanı həyatını itirmiş model Leyla Oruclunun anası deyir.

İyunun 22-də Leyla Oruclu “Zəfəran Hospital”da girdiyi liposaksiya (piy əritmə) əməliyyatından ayılmayıb. Anası Sevinc Alpman deyir ki, qızının ölümündə həkimi Sirus Qoçxani və anestezioloq Pərviz Əhmədov günahkardır. O, qızının 2 ay əvvəl verdiyi analizlə əməliyyata alındığını deyir:

“Mənim uşağıma orda qan veriblər. Mənə xəbər etməyiblər. Əməliyyatdan çıxandan sonra xəbər verəydilər. Niyə xəbər etməyiblər? Bəlkə gəlib qanımı versəydim, düzələrdi?! Götürüb, gemolize olunmuş (köhnə) qan vurublar. Piyi olmadığı halda piy çəkiblər, bədəninə nəql ediblər. Qızımı şoka, komaya salıblar. Mənim uşağımı öldürüblər”.

Modelliklə məşğul olan Leyla Oruclu vəfat edəndə 21 yaşı olub. O, Maliyyə -İqtisad Kollecində təhsil alıb. Anası deyir ki, sentyabrda Ukraynaya gedib təhsilini davam etdirmək istəyirdi. Sevinc xanım bildirir ki, modelliklə məşğul olmaq qızının hobbisi idi, o, gələcəkdə vergilər sahəsində çalışmaq istəyirdi.

Xəstəxanadan bildirdilər ki, həkim Sirus Qoçxani məzuniyyətdədir. Anestezioloq Pərviz Əhmədov isə hər şeyin aydınlaşması üçün ekspertiza rəyini gözlədiklərini dedi:

“Normal qan vurulub, heç bir köhnə qan vurulmayıb. Çünki qanların hamısı Mərkəzi Klinikadan gəlir”.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124-cü- “Ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Qızın anası və həkimlər istintaqda ifadə veriblər.

Sevinc Alpman isə qızının ölümü ilə barışa bilmir: “Gecələr yorğanı qaldırıram, deyirəm, qızım, gəl yanıma yataq”.

Ana səhifəVideoModel qızın ölümündə həkimlər günahlandırılır