“Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu da tərəfimizdən anlayışla qəbul edilir”.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda deyilir.
Nazirlik bildirib ki, “Səfərbərlik üzrə hərbi xidmətə çağırılan hərbi qulluqçuların ehtiyata buraxılması ilə bağlı sənədlər hazırlanıb: “Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib”.
“Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir”, – deyə açıqlamada qeyd olunur.
Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.
Prezidentin İlham Əliyevin sentyabrın 28-də imzaladığı sərəncama əsasən, Azərbaycanda qismən səfərbərlik elan edilib.
Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Ermənistanla Azərbaycan arasında başlanan və 44 gün davam edən II QArabağ müharibəsi nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.
Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.