MN: Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub

Müdafiə Nazirliyi Gəncənin yenidən hədəfə alındığını deyir

Source: Meydan.TV


Müdafiə Nazirliyi Gəncənin yenidən hədəfə alındığını deyir

Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub.

Bu açıqlamanı Müdafiə Nazirliyi yayıb.

"Oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib", – nazirlik bildirib.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Oktyabrın 10-da Rusiyanın təşəbbüsüylə Moskavada hər iki ölkənin Xarici işlər nazirləri humanitar atəşkəsə imza atsalar da, buna əməl olunmayıb. Belə ki, oktyabrın 11-də Gəncə şəhərinin yaşayış binasına "Skad” (Scud) ballistik raketi ilə zərbə endirilib.

Bundan sonra, oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Son raket zərbəsi nəticəsində isə 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb.

Oktyabrın 18-i saat 00:00-dan isə etibarən Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs elan olunub.

Ana səhifəXəbərlərMN: Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub