İlham Əliyev: Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək (yenilənir)

“Həyata keçirilən əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb”, – nazirlik bildirib.

Source: Azertac


14.34.


Prezident İlham Əliyev Azərbaycan ordusunun cəbhə bölgəsində əməliyyatlarını davam etdirdiyini deyir.


Bunu Prezident Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul edən zaman səsləndirib.


O qeyd edib ki, yeni yaşayış məntəqələrinin, şəhər, kənd və qəsəbələrin azad edilməsi davam edir.


İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib ki, bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək.

***


12.46.


"Vejnəli qızıl yatağının talanmasına görə 3 nəfər barəsində beynəlxalq axtarış elan olunub".


Bu barədə Baş Prokurorluq açıqlama yayıb.


"Azərbaycan Vergilər Nazirliyi tərəfindən müəyyən edilib ki, İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan «Base Metals» Qapalı Səhmdar Cəmiyyəti Zəngilan rayonu Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib", – açıqlamada bildirilir.


Bildirilir ki, qeyd edilən cinayət faktları ilə əlaqədar “Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeriy Mejlumyan, “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyanın barələrində məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilib və istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

***


11.48.


Ermənistan silahlı qüvvələrinə məxsus "Su-25" təyyarəsinin vurulduğu bildirilir.


Məlumatı Müdafiə Nazirliyi yayıb.


Bildirilir ki, Ermənistan silahlı qüvvələri Zəngilan istiqamətində Azərbaycan mövqelərinə hücum etməyə cəhd göstərib.


"Döyüş nəticəsində 30-dək canlı qüvvə itirən Ermənistan ordusu geri çəkilib. Azərbaycanın mövqelərinə havadan hücum edən Ermənistana məxsus Su-25 döyüş təyyarəsi də vurulub", – məlumatda qeyd olunub.

***


Azərbaycan ordusunun bu cəhdin qarşısını aldığı bildirilir

Noyabrın 2-də saat 06:00-dan başlayaraq Ermənistan silahlı qüvvələri Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik ötən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrin də atəşə tutulduğunu bildirib.

Məlumatda qeyd olunub ki, noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.

“Qarşı tərəfin hücuma keçmək niyyəti Azərbaycan ordusu tərəfindən vaxtında aşkar edilib. Həyata keçirilən əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb”, – nazirlik bildirib.

Ana səhifəSiyasətİlham Əliyev: Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək (yenilənir)