MM-də müzakirə: “Xalqın çoxu nə partiyamızın adını bilir, nə sədrini tanıyır”

Foto: Prezident.az

Partiya sədrləri yeni qanun layihəsində bəzi dəyişikliklərin edilməsini istəyirlər

“Təsis edilən partiyanın 10 min üzvünün olması ilə bağlı təklif verən partiyalardan biri Milli Cəbhə Partiyasıdır”.

Bu açıqlamanı oktyabrın 24-də Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev səsləndirib.

Partiya sədri hesab edir ki, hər bir partiyanın 10 min üzvünün olması 10 min Azərbaycan vətəndaşını fəallaşdırmaq deməkdir.

“Bəs “200-300 min üzvümüz var” deyən partiyalar 10 min üzvünün adını yığıb verə bilməyəcək?”, – deyə Nurullayev sual edib.

Deputat Razi Nurullayev
Foto: Meydan TV

“Partiyaların da bir çoxunun maddi resursları o qədər deyil ki…”

YAP sədrinin müavini Tahir Budaqov qanun layihəsinin 5.3-cü və 18.6-cı bəndlərinin izahını istəyib:

“Çünki yerli təşkilatlarda bəlkə minlərlə üzv var. Ona görə də bu məsələ dəqiqləşdirilməlidir”.
Hakim partiya yetkilisi qanunun 30.1-ci maddəsinin, reyestrlə bağlı məsələnin günün tələbi olduğunu vurğulayıb:

“Bütün dünyada proseslər elektronlaşma üzərində qurulub. Reyestrin təqdim edilmə forması dəqiqləşdirilməlidir. YAP 800 min insanın siyahısını çap edib təqdim etməlidir, ya necə?! Partiyaların da bir çoxunun maddi resursları o qədər deyil ki, bunu etsin. Reyestrə üzvlər elektron qaydada da daxil edilməlidir”.

“Torpaqla bağlı məhdudiyyətin götürülməsini YAP təklif etmişdi, amma bu təklifimiz nəzərə alınmayıb. Bu məsələyə də dəqiqlik gətirilsin. Kommersiya məqsədli torpağı əkib-becərmək üçün mülkiyyətə verilməməsi ilə razıyam, amma inzibati binalarının tikilməsi üçün torpaqların partiya mülkiyyətinə verilməsinə məhdudiyyət qoyulması məntiqə uyğun deyil”, – Tahir Budaqov deyib.

Tahir Budaqov. Mənbə: “stat.gov.az”

“Xalqın çoxu nə partiyamızın adını bilir, nə sədrini tanıyır”

Vəhdət Partiyasının sədri Tahir Kərimli çoxpartiyalı konstitusion mühiti təmin etmək üçün yeni qanuna ehtiyacın olduğunu deyib:

“İllərdir mətbuatda “Siyasi partiyalar haqqında” qanunun dəyişməsi üçün təkliflər səsləndirilir. Amma indi hamı deyir ki, mövcud qanun qalmalıdır. Niyə indi belə danışırlar?”.

Onun sözlərinə görə, Azərbaycanda qeydə alınmayanlar da daxil olmaqla, 100-dən partiya var:

“Amma xalqın çoxu nə partiyamızın adını bilir, nə sədrini tanıyır. Müharibə dövründə yenə də biz partiyalar olaraq yaxşı ki, bəyanatlarla çıxış etdik. Azərbaycanda bir şəxsin nüfuzu əsasında formalaşmış partiyalar var. Bir çoxu partiya sədri ilə dalaşıb gedib özünə partiya yaradıb. Biz bu gün xalqa partiyamızı göstərməliyik, xalqdan dəstək almalıyıq”.

Deputat Tahir Kərimli
Deputat Tahir Kərimli, Foto: Paralel.az

Tahir Kərimli qanunun bəzi maddələri ilə razı olmadığını vurğulayıb:

“Məsələn, partiya yaratmaq üçün ölkədə 20 il yaşamaq tələbi var. Amma yeni qanun layihəsi mütərəqqidir. Biz özümüzü cəmiyyətdə, dövlətdə təqdim etməliyik. Biz müstəqil dövlət kimi qapalı tipli partiyanı qəbul etmişik. Bəzi ölkələrdə açıq tipli partiyalar mövcuddur. Amma bizdə bu sistem deyil axı?! Partiyalar deyir ki, niyə biz MSK-ya hesabat verməliyik?! MSK hakimiyyət qoluna aid deyil. Eyni zamanda Hesablama Palatası rəsmi olaraq hər hansı hakimiyyət qoluna aid deyil”.

“Bəlli bir qrup var ki, nə edirsən et, yanaşmaları budur ki…”

Qüdrət Həsənquliyev də layihədən yalnız 20 il Azərbaycanda yaşamış şəxsin Azərbaycanda siyasi partiyanın təsisçisi ola biləcəyi ilə bağlı müddəanın çıxarılmasını təklif edib və bunu Konstitusiyaya zidd sayıb.

Q.Həsənquliyev yeni tələblərin hazırda dövlət qeydiyyatına alınmış partiyalara da şamil olunmasını düzgün saymayıb:

“Konstitusiyasının 149-cu maddəsinə əsasən, layihədəki 30.1-ci maddə də Konstitusiya ilə ziddiyyət təşkil edir. Çünki Konstitusiyaya görə, qanunun geriyə şamil olunma qüvvəsi yoxdur. Siyasi partiyaların seçkilərdə iki dəfə iştirak etməməsi ilə bağlı maddə də çox müzakirə olunur. Bu, əslində partiyaların hərəkətliliyini təmin etməyə hesablanır. Çünki siyasi partiyanın namizədinin qeydə alınmaması məsələsi var. Bu halda da partiya seçkilərdə iştirak etmiş sayılmalıdır. Partiyaların aktivliyinin təmin olunması məqsəddirsə, onların namizədlərinin qeydiyyata alınması ilə bağlı məsələ sadələşdirilməlidir. Bir şəxsin neçə siyasi partiyaya üzv olması məsələsini də siyasi partiyaların dəqiqləşdirmək imkanı yoxdur. Bu da daha çox mənəvi məsələdir, nəinki hüquqi”.

Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev. Foto: arxiv

Deputat parlamentdən kənar müxalifəti də hədəfə alıb:
“Bəlli bir qrup var, nə edirsən et, yanaşmaları budur ki, siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmaq məqsədilə qanun qəbul edilir”.

“Dövlət qulluqçularının partiyalara üzv olması məsələsinə də diqqət çəkmək istəyirəm. Dövlət qulluqçuları siyasi vəzifə tutursa, bu hüquq ona tanınmalıdır. İnzibati vəzifə tutan dövlət qulluqçularına isə siyasi partiyaya üzv olmaq qadağan edilməldir”,- deyə Həsənquliyev fikrini bitirib.

“Ənənəvi partiyalar gücünü itirib”

Dünyada ənənəvi partiyaların, ənənəvi sistemlərin rəqəmsal dünyada öz gücünü itirdiyini söyləyən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İtaliyada son seçkiləri misal kimi gətirib:

“1 il əvvəl yaranan partiya seçkilərdə qalib gəlib hökuməti formalaşdırır. Artıq ənənəvi partiyalara inam itib. Amma mən bildiyim qədərilə ABŞ-da 400 siyasi partiya var, seçkilərdə ikipartiyalı mübarizə gedir. Bu, yerlərdə formalaşan ənənələrdən irəli gəlir. Ancaq son illər postsovet ölkələrdə müşahidə etdiyimiz budur ki, ölkənin siyasi sistemini xarici təsirlərdən qorumağa ehtiyac var. Ukraynada Medvedçuk var idi. Digər ölkələrdə də bu oliqarxları gördük. Düşünürəm ki, biz də xaricdən olan təsirlərin qarşısını almaq üçün öz siyasi sistemimizə müəyyən məhdudiyyətlər qoymalıyıq. Xaricdən maliyyələşən siyasi korrupsiya çox ciddi amildir. Biz bunu Fransanın parlamentinin fəaliyyətində, ABŞ Konqresində görürük. Bu, müşahidə edilərək aşkar olunmalıdır. Yaxud da hazırda biz yeni qanunu müzakirə ediriksə, qanunvericilikdə bununla bağlı məhdudiyyətlər olmalıdır. Bizim bir təklifimiz də xalqın adından siyasi partiyanın danışması ilə bağlıdır”.

Asim Mollazadə
Mənbə: Meydan TV

“Qanun müddəalar praqmatik prinsiplərə söykənir”

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəldiyini deyib:

O, Azərbaycanda “Siyasi Partiyalar haqqında” qanunun 1992-ci ildə qəbul olunduğunu xatırladıb:

“1995-ci ildə qəbul edilən Konstitusiyada siyasi partiyalara dair müddəalar olsa da, bu, qanunvericilikdə əks olunmamışdı. Bir sıra Avropa ölkələrində, qonşu ölkələrdə bu qanun həmin müddətdən dəyişib. Azərbaycanda da “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəlir”

Əli Hüseynlinin sözlərinə görə, yeni qanun layihəsində partiyalarla bağlı təsbit olunan yeni müddəalar praqmatik prinsiplərə söykənir.

Əli Hüseynli
Əli Hüseynli. Foto: Report.az

“47 partiyadan 250-yə qədər təklif…”

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli 47 siyasi partiyadan 250-yə qədər təklifin gəldiyini söyləyib:

“Biz bu təklifləri qruplaşdırıb, təhlil etmişik. Bu iclas bir ay əvvəl baş tutmalı idi, amma təkliflərə görə, bu günə qədər yubanıb.

Vitse-spiker bildirib ki, Azərbaycan Avropaya inteqrasiya edir:

“Ona görə qanun Azərbaycanda mövcud olan siyasi sistemin ciddi məqamları nəzərə alınaraq hazırlanıb”.

Fəzail İbrahimli
Foto: Meydan TV

“Qəbul olunacaq qanun sərt olmalıdır”

İclasa qatılan Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov Azərbaycan cəmiyyətində radikallıq meylləri, siyasi mədəniyyətdə, etikada ciddi qüsurların olduğunu vurğulayıb:

“Daha dəhşətli isə ifrart millətçiliyə, dini fanatizmə meylli insanların olmasıdır. Fanatizmdən hər zaman faşizm qoxusu gəlir. Deyilənlərin siyasi partiyalara sızmasının qarşısını qəti şəkildə almaq lazım gəlir. Buna görə də qəbul olunacaq qanun sərt olmalıdır. Qanun sərt olmasa, belə zərərli, təhlükəli meyllərin siyasi partiyalara sızmazının qarşısını almaq mümkün deyil”.

Əli İnsanov
Foto: Meydan TV

“Demokratik Fransanın ermənipərəst prezidenti Makron, yaxud Avropa Parlamentinin illərdir erməniləri dəstəkləyən deputatının fikirlərini, demokratiyanın beşiyi sayılan ABŞ Konsqresində erməni lobbisindən güc alan senatorların səs verdiyi layihələri, qanunları biz əsasmı götürməliyik?! Bu sənədlər Azərbaycan həqiqətlərinə uyğunlaşdırılmalıdr”,- İnsanov belə deyib.

Milli Məclisdə müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” yeni qanun 6 fəsildən, 30 maddədən ibarətdir.
Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə hazırlanaraq qəbul edilib. Qanuna sonuncu dəfə 2012-ci ildə dəyişiklik olunub.

Ana səhifəSiyasətMM-də müzakirə: “Xalqın çoxu nə partiyamızın adını bilir, nə sədrini tanıyır”