Mənbə: hromadske

Mixail Saakaşvili: Mən həbsdən qorxmuram, şəxsən Gürcüstana bu seçkilərdə iştirak etməyə gələcəm

Məqalə yeniləndi:  8 Sentyabr 2021

Məqalə JAMnews saytında dərc olunub.

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili xüsusi videomüraciətində oktyabrın 2-də keçiriləcək yerli özünüidarə orqanlarına seçkilərdə iştirak etmək üçün ölkəyə qayıdacağını bəyan edib.

“Xaricdə yaşayan bütün həmvətənlərimi seçki günü məzuniyyət götürüb, vaxt ayırıb və kim necə bacarır – quru və ya hava yol nəqliyyatı ilə – birgə Gürcüstana gəlməyə çağırmaq istərdim”, – Saakaşvili deyib.

O, həbs olunmaqdan qorxmadığını deyir, çünki gürcü xalqının onu və özünü azad edəcəyindən əmindir. Saakaşvilinin qeyd etdiyi kimi, marşrutunu və konkret vaxtı daha sonra açıqlayacaq:

“Bildiyiniz kimi, mənə qarşı cinayət işi açılıb. Mənsə hər yerə, o cümlədən Gürcüstanla qonşu ölkələrə gedirəm, məni hər yerdə qəbul edirlər və heç yerdə heç kəs vətənimdə mənə qarşı qaldırılan bu işlər barədə heç nə danışmır”.

Üçüncü prezidentin sözlərinə görə, o “bütün bunları tamamilə aşkar şəkildə edəcək” və qarşıdakı seçkilərdə müxalifətin qələbəsinə “gerçəkdən də heç bir alternativ yoxdur”.

O, həmçinin bəyan edib ki, hazırkı hakim partiyaya qarşı heç bir “revanş” olmayacaq.

Eyni zamanda, Saakaşvilinin sözlərinə görə, “İvanişvili (hakim partiyanın qeyri-rəsmi lideri) oğurladığı hər şeyi qəpiyinədək qaytaracaq. O, anaları və ataları xaricə qaçmış uşaqların, məhsullarını sata bilməyən kəndlilərin,valyuta iki dəfə və daha çox dəyərdən düşdüyü üçün kredit götürüb qaytara bilməyən insanların zərərini ödəyəcək. Mən bunu gürcü xalqına vəd edirəm”.

Avqustun 8-də Gürcüstanın hazırkı Baş naziri İrakli Qabribaşvili Ukraynada prezident Vladimir Zelenski ilə görüşüb. Qabribaşvili görüşdən bir gün əvvəl Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili haqqında bəyanat verib.

“Onu qarşılamaq və məhbəsdə ona komfort təmin etmək üçün böyük qalstuk kolleksiyamız var”, – Qaribaşvili deyib.

Mixail Saakaşvili hazırda Ukrayna vətəndaşıdır. O, Ukraynanın prezidenti Vladimir Zelenski tərəfindən 2020-ci il mayın 7-də Ukrayna Milli Şurasının İcra Komitəsinin sədri təyin olunub.

Sabiq prezident Mixail Saakaşvili sonuncu dəfə ötən il avqustun 27-də Gürcüstana qayıdacağını bəyan edib.

Gürcüstan hakimiyyəti Mixail Saakaşvili ilə bağlı axtarış elan edib. O, Gürcüstanda Sandro Qirqvlianinin qətli ilə bağlı cinayət işinin dəlillərinin gizlədilməsinə və deputat Valeri Qelaşvilinin döyülməsinin təşkil edilməsinə görə qiyabi olaraq ittiham edilib. Gürcüstan qanunvericiliyi məhbuslara və məhkum olunanlara dövlət xidmətində işləməyi qadağan edir.

Gürcüstanda yerli öznüidarə orqanlarına seçkilər oktyabrın 2-nə təyin edilib. Müxalifət bu seçkilərdə qələbə çalmaqla növbədənkənar parlament seçkilərinə də nail olacağına ümid bəsləyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  8 Sentyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cvjz09

Ən çox baxılan