Bəşir Süleymanlı: “Cənab Linkin səfər gündəliyi haqqında az məlumata malikəm”
Elman Fəttah: “Bu məsələyə hakimiyyətin Qərb diplomatlarına göstərdiyi “müxalifətlə görüşməyin” ənənəvi təzyiqinin nəticəsi kimi baxıram”
Ərəstun Oruclu: “”Əvvəla, Mixael Link o şəxs deyil, ikinci də tutduğu vəzifə və mövqe də buna imkan vermir”
Bugünlərdə ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları üzrə Bürosunun (ATƏT DTİHB) direktoru Mixael Link Azərbaycanda olub.
İki günlük səfər çərçivəsində Mixael Link rəsmi şəxslərlə görüşüb, konkret olaraq, baş nazirin müavini Əli Həsənovla, xarici işlər naziri Elmar Məmmədyarovla, və MSK sədri Məzahir Pənahovla. Görüşlərdə Azərbaycan və ATƏT-in əməkdaşlığı məsələlərini müzakirə olunub.
Cənab Link Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) bugünlərdə həbsdən çıxmış sədr müavini Bəşir Süleymanlı və Şərq və Qərb Araşdırmalar Mərkəzinin sədri Arastun Oruclu ilə də görüşüb.
Görüş barədə Meydan TV-yə danışan Bəşir Süleymanlı bildirdi ki, onlar yerli seçki müşahidə təşkilatı olaraq ATƏT DTİHB ilə sıx əməkdaşlıq edirlər: “Bütün fəaliyyətimizi ATƏT-in standartlarına uyğunlaşdırmağa çalışmışıq. O cümlədən, hökumətin də ATƏT qarşısında azad və ədalətli seçkilərin keçirilməsi öhdəlikləri var. Cənab Linkin səfəri parlament seçkiləri ilə bağlı olduğundan sırf rəsmi şəxslərlə görüşüb. Nəzərə alın ki, Link bu vəzifəyə yeni təyin olunduğundan ölkədəki ictimai-siyasi durum barədə məlumatı azdır”.
B.Süleymanlı görüş zamanı onun həbsdən çıxandan sonra təmsil olunduğu SMDTM-in fəaliyyət göstərməsinin və Anar Məmmədlinin azadlığa buraxılıb-buraxılmamasının mümkünlüyü barədə müzakirə aparıldığını dedi: “Bildirdim ki, hazırda nəinki seçki təşkilatının, başqa QHT-lərin də fəaliyyəti sual altındadır, heç bir təşkilat layihələrini qeydiyyata aldıra bilmir, həm də SMDTM rəhbərlərindən birinin həbsdə, digərinin isə yeni həbsdən çıxdığını nəzərə aldıqda, seçki müşahidəsi ilə məşğul ola bilməyəcək”.
Mixael Linkin siyasi partiya funksionerlərilə görüşməməsinə gəldikdə, Süleymanlı bu barədə konkret məlumata malik olmadığını söylədi: “Mən cənab Linkin səfər gündəliyi haqqında az məlumata malikəm, amma onun Ərəstun Oruclu ilə görüşdüyünü bilirdim. İndiki səfər çox qısa idi və tanışlıq xarakteri daşıyırdı. Mayda ATƏT DTİHB-in qiymətləndirmə missiyası gələcək, yəqin ondan sonra fəaliyyətə başlayacaqlar”.
Şərq və Qərb Araşdırmalar Mərkəzinin sədri Arastun Oruclu cənab Linklə qeyri-formal şəraitdə görüşdüyünü dedi: “Mixael Linki 1996-cı ildən tanıdığımdan ötən illərdə yaxın dostluq münasibətlərimiz yaranıb. O, gənc liberallar təşkilatının rəhbəri, Bundestaqın üzvü və Almaniya XİN-in birinci müavini olduğu dövrdə də bu münasibətlərimiz qalıb. İndi onunla ATƏT DTİHB direktoru qismində ilk dəfəydi görüşürdük. Özü də Bakıya gəldiyini və görüşmək istədiyini yazmışdı. Evimdə qonaq oldu və bu, qeyri-formal görüş idi. Amma qarşıdan gələn seçkilər və ictimai-siyasi məsələlərlə bağlı geniş müzakirəmiz oldu. Qənaətim budur ki, Azərbaycanda keçiriləcək parlament seçkilərinə beynəlxalq diqqət var. Həm də beynəlxalq müşahidənin tam həcmdə həyata keçiriləcəyini sezdim”.
Müsavat Partiyasının başqan müavini Elman Fəttah cənab Linkin gəlişindən məlumatlı olduqlarını dedi: “ATƏT DTİHB Azərbaycandakı seçkilərə obyektiv qiymət verən qurum olub. Bu səfər zamanı yalnız baş nazirin müavini, XİN və MSK rəhbərlərilə görüşməsi, müxalif siyasi partiyaların nümayəndələri ilə görüşə təşəbbüs göstərməməsini hakimiyyətin Qərb diplomatlarına göstərdiyi “müxalifətlə görüşməyin” ənənəvi təzyiqinin nəticəsi kimi baxıram”.
“Seçki ilində seçkilərdə iştirak və seçkiləri müşahidə baxımindan yeganə resursu olan siyasi partiyalarla bu movzuda təmasdan imtina etməyi isə cənab Link səfərinin az əhəmiyyətli olması kimi dəyərləndirirəm”, deyə cənab Fəttah fikrini tamamlayıb.
Amma Ərəstun Oruclu düşünmür ki, cənab Link hakimiyyətin diqtəsi ilə özünə görüş proqramı tutub: “Əvvəla, Mixael Link o şəxs deyil, ikinci də tutduğu vəzifə və mövqe də buna imkan vermir. Əgər elə olsaydı, həbsdən bugünlərdə çıxmış SMDTM-in sədr müavini Bəşir Süleymanlı ilə görüşməzdi. Yaxud hakimiyyət cənab Linkin mənim evimdə qonaq olmasından məmnun olardı”.
Mixael Link ATƏT DTİHB direktoru vəzifəsinə 2014-cü ilin iyul ayında təyin olunub və bu postda Yanes Lenarçiçi əvəz edib.