Mitinqin ilk aparıcısı 17 noyabrdan danışdı


Ənvər Əliyev: “Plan beləymiş ki, mitinqi təsadüfü adamlar idarə etsin”



17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci ilin noyabr-dekabr aylarında Bakı şəhərində yüzminlərlə insan Azadlıq Meydanına toplaşaraq Moskvanın Ermənistanın Azərbaycana ərazi iddialarına laqeyd reaksiyasına etiraz etməyə başlayıb. Aksiyalar 17 gün davam edib, dekabrın 4-dən 5-nə keçən gecə sovet ordusu tərəfindən dağıdılıb.



Aksiyaların təşkilatçısı və Azadlıq Meydanında davam edən mitinqin ilk aparcısı, AMEA-nin Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Meydan TV-nin suallarını cavablandırıb.


– Ənvər bəy, 1988-ci ilin 17 noyabrında başlanan aksiyalar barədə fikirlər müxtəlifdir. Tələbə hərəkatı, Meydan hərəkatı, nəhayət, Nemət Pənahlının adı ilə bağlayanlar da var. 14 günlük, dekabrın 5-nə qədər davam edən aksiyalar necə başladı?

– Hər şey 1 il əvvəl, 1987-ci ildə erməni akademik Aqanbekyanın Fransada daşnaklar qarşısındakı çıxışının “Le mond” qəzetində dərcindən sonra başlamışdı. Aqanbekyan Dağlıq Qarabağın iqtisadi-sosial əlaqələri baxımdan Azərbaycandan çox Ermənistana bağlı olduğunu demişdi. Həmin açıqlama əvvəlcə AMEA-nın institutlarında yayıldı, çünki o zaman tələbələrin xaricə çıxışı indiki səviyyədə deyildi. Düzdür, mitinqlərdə tələbələr daha fəal idi, amma aparıcı qüvvələr Elmlər Akademiyasının hazırda dünyasını dəyişmiş bir neçə alimi idi. Deməli, 1988-ci ilin 19 fevralında ilk mitinq keçirildi, akademik Ziya Bünyadov çox yaxşı çıxış etdi. Əslində, Ziya Bünyadovun erməni alimlərinə qarşı çıxışı çoxdan başlamışdı, 19 fevral mitinqində isə daha kəskin danışdı. Aksiya AMEA-nın qarşısında başladı və üz tutduq indiki Azadlıq Meydanına. O zaman Lenin Meydanı adlanırdı. Düzdür, yolboyu milislər maneçilik yaradırdı, amma bu, o qədər də təsir etmədi, çünki yürüşə qoşulanlar çox idi.


– O zaman respublikanın rəhbərliyi Kamran Bağırov idi də…?

– Bəli o idi, amma Kamran Bağırovu Sovet Azərbaycanının ən uğursuz rəhbərlərindən saymaq olardı. Həmin hadisələr zamanı da istənilən mövqe tuta bilmədi. Düzdür, hadisələr başlayanda xalqın etiraz gücü, müqaviməti Azərbaycan rəhbərliyindən qat-qat güclüydü. Elə bu güc də SSRİ-də böyük rezonans yaratdı. 17 noyabra qədər mayda da mitinq oldu, sonra respublika rəhbərliyi dəyişildi, iyun ayında Əbdürrəhman Vəzirovu Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin etdilər. Vəzirovun özünün də rəhbərliyi ilə bir mitinq keçirildi.


– 17 noyabr mitinqi necə başladı?

– Burda təsadüf ola bilməz, bütün hadisələri xüsusi situasiyalar yaradır. Situasiya ondan ibarət idi ki, fevralda Sumqayıt hadisələri baş vermişdi, ona qədər Ermənistandan azərbaycanlıların məcburi köçü olmuşdu, Dağlıq Qarabağda ilk toqquşmalarda ölənlər vardı. Bunların hamısı ciddi reaksiyalara səbəb olurdu, həm də AMEA-nin özündə müxtəlif materiallar yayılırdı. Mənim özüm də erməni alimlərinin saxtakarlıqları ilə bağlı kitab nəşr etdirmişdim, bunlar ictimai baxımdan çox təsir edirdi.

Gələk 17 noyabr mitinqinə, bir gün əvvəl BDU-nun tələbə qrupu olan “Yurd” cəmiyyəti vardı, onlarla məsləhətləşdik, sonra Politexnik və Memarlıq universitetləri ilə danışdıq. AMEA-nın yataqxanalarında olduq. Qərar belə oldu ki, noyabrın 17-də Aqanbekyanın çıxışının bir ili tamam olduğundan ciddi cavab verilməlidir. AMEA-dan keçirilən sonuncu toplantıda mən çıxış etdim və dedim ki, ermənilərə öz metodları ilə cavab verilməlidir. Yəni meydanda bir gün dayanıb sonra dağılışmaqla heç nəyə nail olunmayacaq, oturaq aksiyalara keçmək lazımdır. Əgər ermənilər bizimlə bir masa arxasında otursalar, onlarla da danışıb yürüş etməyə hazırıq. Səhər tezdən ADR-nin bayrağının iki şəklini hazırladım, akademiyanın yaşlı alimləri respublikanın atributları barədə mənə danışmışdılar. Uşaqlarla şəkilləri Azadlıq Meydanına aparmaq qərarına gəlmişdik. O zaman şəhərə milislə bərabər OMON-da tökmüşdülər, hətta deyirdilər ki, Vəzirovun dövründə ilk mitinq edənin başı getdi. Çünki Vəzirov respublika rəhbəri təyin ediləndən sonra ilk mitinqi özü etmişdi. Təəssüf ki, bu barədə deyilənlər bəzilərində qorxu yaratsa da, hazırlıq işləri aparılmışdı. “Yurd”un uşaqları bizə demişdilər ki, siz 200-300 nəfərlə yataqxanaya daxil olsanız, biz də çıxacağıq, yoxsa çıxmayacağıq. Politexnik İnstitutunda şans az idi, onlar institutdan aksiyaya getmək istədiklərini deyirdilər. Təxminən 500-ə qədər Politexnik və Memarlıq institutlarının tələbəsi ilə Mətbuat prospektindən, Şərifzadə 33-in yanından BDU-nun yataqxanasına düşdük. Təəssüf ki, heç kim yox idi. Amma axşamdan şüarlar yazılmış, plakatlar hazırlanmışdı. Yataqxananın yanında milislər bizə hücum edib plakatları cırsa da, onları keçdik, saat 8.15-də akademiyanın ətrafında dayanan çoxlu insan kütləsi bizə qoşuldu. Yenə də milislər plakatlarımızı alsalar da, onları da keçdik. Parlamentin qarşısına gələnə qədər bu cür qarşıdurmalar oldu. Məsələ ondaydı ki, o dövrün əhval-ruhiyyəsi fərqliydi, təsəvvür edin ki, uşağını bağçaya aparan analar eyvandan çığırırdılar ki, bizi də gözləyin, uşaqları qoyub gəlirik. Parlamentin qarşısında da milislə çox nəhəng toqquşma oldu, OMON-çular da ordaydı, məni də vurmuşdular. Özümə gələndə Mərkəzi Klinik Xəstəxananın yanındaydım, bir nəfər trolleybusa mindirdi və Axundov bağında özümü onlara çatdırdım. Əlimdə sındırılmış bayraqlar vardı, yerdə oturduq ki, milislər toxunmasın, vəziyyət bunu tələb edirdi. Xəbər çatdı ki, Azadlıq Meydanına yüzminlərlə adam toplanıb, sizi gözləyirlər. Amma Sabir Bağında yenidən qarşımızı kəsdilər, çox təkid etdilər ki, mitinqi burda edin, bitsin.


– Kim təkid edirdi?

– Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev və katibləri. Aralarında məni tanıyanlar vardı, çünki o zamanlar Azərbaycanın SSRİ-dən çıxması barədə ərizələr yazıb Mərkəzi Komitəyə göndərirdim. Mən edilən təkidlə razılaşmadım. Onlar da bilirdi ki, razılaşmasam, arxamca gələn minlərlə insan da razılaşmayacaq. Sabir Bağını da keçdik, Nizami Muzeyinin qarşısında artıq durumum pis idi, milislərin zərbərlərinə tuş gəlmişdim, bayraqlar əlimdən alınmışdı, orda mənə Azərbaycan SSRİ-nin iri bayrağını verdilər. Bayraq əlimdə bir neçə nəfərin köməkliyi ilə saat 13.35-də meydana çatdıq. Plan belə idi, tribuna təmizlənir, bir şair, yazıçı, müğənni ora buraxılmır, çünki onlar şeir, mahnı oxuyub vəziyyəti hökumətin xeyrinə yönəldə bilərdilər. Ən əsası 2-3 saatarası tələblər meydanda səslənirdi ki, meydana gələnlər də Azərbaycanın hansı durumda olduğunu bilsinlər. Bu mexanizm 2-3 gün çox yaxşı işlədi, tribunada xeyli tanınmış adam vardı – Sabir Rüstəmxanlı, Xəlil Rza, Rüstəm Behrudi, Hatəmi, Mənsur Əlisoy, Aydın Məmmədov, Kamal Abdulla və başqaları.


– Əbülfəz Elçibəy də ordaydı?

– Əbülfəz Elçibəy bir az gec qoşuldu, əvvəl ona söz veriləndə qəbul etmirdilər, sonradan kim olduğunu bildilər. Mən özüm Əbülfəz bəyi təqdim etdim, ondan sonra bəy qoşuldu, iki-üç dəfə çıxış etdi. Sonradan belə razılaşdıq ki, mən bir neçə gün dincəlim, müalicə alım, çünki xəsarət də almışdım. Ancaq iki gün sonra gələndə milis dedi ki, səndən başqa hamı tribunaya buraxılacaq. Təəssüf ki, belə anlaşılmazlıq yarandı. Sonradan istintaq vaxtı bildik, Dövlət Təhlükəsizlik Komitəsinin planı beləymiş ki, təsadüfü adamlar vasitəsilə mitinqi idarə etsinlər.


– 17 noyabr – 5 dekabr mitinqləri Azərbaycan xalqına, tarixinə nə verdi?

– İndi bu sualın gündəmə çıxması təbiidir. Amma o zaman bu sualı vermirdilər. Çünki hamı hər şeyi bilirdi. Azərbaycan xalqı 17 günlük mitinqdə sübut etdi ki, torpaqlarını verməyəcək. İkinci, Azərbaycan xalqı mütəşəkkil, etiraz qabiliyyəti olan xalq olduğunu göstərdi. Bu xalqın ərazilərini qorumaq istəyi ermənilərin düşündüyündən də çoxdur. Üçüncü, milyondan artıq əhalisi olan Bakı şəhərinin sakinləri mitinqlər dövründə gərginlikdən çıxırdı, 17 günlük mitinqlər hadisələrin Sumqayıt variantına istiqamətlənməsinin qarşısını aldı. Mitinqlər insanlara başa saldı ki, normal idarə olunan aksiyalar cəmiyyətdəki stresi çıxarır. İstintaqda mənə dedilər ki, mitinqi elə təşkil olunmuşdu ki, bir neçə ay davam etsəydi belə ciddi səhv olmayacaqdı. 17 noyabr aksiyaları təcrübəsindən çinlilər də sonradan istifadə etdilər. Nəhayət, “Newsweek” dərgisi Azərbaycan xalqını “İlin xalqı” elan etdi və biz SSRİ-də ən mübariz xalq olduğumuzu sübut etdik.

Ana səhifəVideoMitinqin ilk aparıcısı 17 noyabrdan danışdı