”Mitinq olmasın deyə prezidentə müraciət etməmişəm”

“Mitinq olmasın deyə prezidentə müraciət etməmişəm”

Müxalifət partiyalarının "Məhsul" stadionunda keçirdiyi 19 yanvar mitinqindən sonra ard-arda olunan iki müraciətə Bakı şəhər İcra Hakimiyyəti yox cavabı verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, mitinqdən sonra ictimai təhlükəsizlik əleyhinə əməllər törətməklə aksiyanın keçirildiyi məkanın yaxınlığında insanların dincliyi, nəqliyyatın və müəssisələrin normal fəaliyyəti pozulub. Bununla bağlı 200-dən artıq ayrı-ayrı təşkilat və vətəndaşların mitinqə icazə verilməməsi üçün müraciətlər göndərildiyi deyilir. Ölkə başçısı İlham Əliyevin rəsmi saytında müraciətlər bölməsində bir neçə sakinin mitinqlə bağlı şikayəti gözə çarpır. “Meyvə” adlı mağazada çalışan Xəzər Abdullayev yazır "Son zamanlar yaranan bəzi problemlər üzündən müştəri qıtlığından əziyyət çəkirəm. İşlətdiyim mağazaya yaxın məsafədə yerləşən “Məhsul” stadionunda mitinqlərin keçirilməsi səbəbindən müştəri və alıcı qüvvəsi demək olar ki, yoxdur. Çünki həmin vaxtlar müştərilər mağazaya gələrkən bir sıra problemlərlə üzləşirlər. Belə ki, həftənin şənbə və bazar günlərində alış-verişin yüksək olduğu vaxtlarda keçirilən mitinqlərlə bağlı küçədə sıxlıq yarandığından müştərilərin mağazaya gəlmələri çətinləşir". "Bizim mitinqə ehtiyacımız yoxdur axı. Şükür dolanışığımız var. Biz heç kəsə müraciət etməmişik", -Xəzər Abdullayev prezidentin rəsmi saytında yazılan müraciətin ona aid olmadığını deyir. Keçək başqa şikayətlərə. 22 fevralda “İnşaatçılar” stansiyasının yaxınlığındakı 160A saylı binada yaşayan sakinlərdən sayta müraciət daxil olub. Mitinqə toplaşanların səs-küyü, qışqırtıları, nalayiq sözləri istirahətlərini pozduqlarını deyirlər. "Məhsul" stadionun ətrafında yaşayanlardan soruşduq ki, mitinqin yaxşı ya pis onlara hansı təsiri olur? – Baxın, mən bu binada qalıram. Heç bir səs-küy olmur. Tam dinc mitinq keçirilir. – Bizə heç bir narahatlığı olmayıb. Yaxşı təsiri var ki, maaşları, pensiyaları artırıblar. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi ilə təmin edilir. Qanunla dövlət keçirilən toplantılarda təhlükəsizliyi təmin etmək məsuliyyəti daşıyır. Müxalif partiyalar icazəli mitinq keçirmək üçün icra hakimiyyətinə təkrar-təkrar müraciət edir. Onların martın 2-də keçirmək istədikləri mitinqə də fevralın 27-də yox cavabı verildi.

Ana səhifəVideo”Mitinq olmasın deyə prezidentə müraciət etməmişəm”