Jurnalist Coşqun Eldaroğlu hər gün qızını dərsdən götürüb evə gedirdi, amma bu dəfə istiqamət dəyişib polis idarəsinə yollanır. 19 yanvarda keçirilən mitinqdə iştirak etdiyi üçün onu Nəsimi rayon Polis İdarəsinə çağırıblar.
19 yanvarda Milli Şura “Mehman Hüseynova azadlıq”, “Siyasi məhbuslara azadlıq” şüarı ilə mitinq keçirib. Mitinq iştirakçıları bloger Mehman Hüseynovun həbs müddətinin bitməsinə 2 ay qalmış onunla bağlı yeni cinayət işinin açılmasına etiraz ediblər. Etiraz aksiyası Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Mitinqdən sonra Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda etiraz zamanı ictimai asayişin pozulmadığı qeyd olunub. Amma yanvarın 22-də İdarənin şəhər prokurorluğu ilə birgə məlumatında qeyd olunub ki, mitinqdən sonra iştirakçıların bir qrupu qanunsuz küçə yürüşünə cəhd ediblər. Hüquqşünas Xalid Ağalıyev deyir ki, mitinqdə iştiraka görə vətəndaşların çək-çevir edilməsi onların sərbəst toplaşmaq, ifadə azadlığına müdaxilədir. O, polisə çağırılan şəxslərə bir neçə tövsiyə verir.
Təkcə Coşqun Eldaroğlu yox, mitinqdə iştirak edən onlarla şəxs sosial şəbəkələrdə polisə çağırıldıqların qeyd ediblər. Onlar şübhələnirlər ki, istifadə etdikləri mobil operatorların köməyi ilə polis onların mitinqdə iştirakını müəyyən edib və telefon nömrələrini əldə edib.
Jurnalistlə polisin söhbəti 15 dəqiqə çəkir. Polis idarəsinin Saleh adlı əməkdaşı ondan mitinqdə iştirakının səbəbini soruşub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, ölkədə işləyən mobil operatorlarla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədilər.