2011-2013-ci illərdə Azərbaycandan turist axını bir qədər azalandan sonra Misir kurortlarının populyarlığı yenidən artıb
Misir turizm sahəsində Azərbaycanla ikitərəfli əməkdaşlığı genişləndirmək istəyir.
Bu məqsədlə Misir Turizm İdarəsi və Misir Otelçilər Assosiasiyasının rəhbərlərindən ibarət missiya mayın 16-da Bakıda Fairmont Baku otelində təqdimat keçirib.
Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Suzan Cəmil bildirib ki, bu səfərin əsas məqsədi iki ölkə arasında turizm əlaqələrinin inkişaf etdirməkdən ibarətdir. Bu görüş Misirlə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın yeni mərhələsidir.
İki ölkə arasında turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Misirin 13 aparıcı turoperatorunun nümayəndələri Azərbaycanın turizm şirkətləri ilə əlaqələri qurmaq məqsədi ilə Bakıya gəliblər.
Onlar Azərbaycan turistlərinə yüksək keyfiyyətli xidmət paketi təklif edir. İyunun 3-dən “Misir Hava Yolları” Bakıdan Şarm əl-Şeyxə reyslərə başlayacaq. Reyslər cümə günləri Airbus-320 təyyarələri ilə olacaq. Biletin qiyməti orta hesabla 350 ABŞ dolları təşkil edəcək. Bilet bir il ərzində qüvvədə olacaq.
“Misir prezidenti Əbülfəttah Sisi azərbaycanlı həmkarını martın 27-də Qahirəyə rəsmi səfərə dəvət edib. Hesab edirəm ki, turizm vasitəsilə iki ölkə arasında siyasi əlaqələr də inkişaf edəcək”, – deyə Misir Otelçilər Assosiasiyasının rəhbəri Əhməd Əyyub bildirib.
2011-2013-ci illərdə Azərbaycandan turist axını bir qədər azalandan sonra Misir kurortlarının populyarlığı yenidən artıb, son iki ildə bu ölkəyə Azərbaycandan minlərlə turist gedib.
Cənubi Sina və Qırmızı dəniz regionu qubernatorları, Misir Turizm İdarəsi və Misir Otelçilər Assosiasiyasının nümayəndələri Bakıdadır.
“Turan” İA