Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxışı zamanı bildirib ki, Azərbaycanda saxlanılan 19 erməninin azad edilməsi Ermənistan–Azərbaycan barışıq prosesinə mühüm töhfə ola bilər.
Mirzoyan çıxışında Ermənistan–Azərbaycan normallaşma prosesinə toxunaraq qeyd edib ki, son illərdə müharibə və onun humanitar nəticələri də daxil olmaqla ağır sınaqlarla üzləşməsinə baxmayaraq, Ermənistan şüurlu şəkildə sülh yolunu seçib. Onun sözlərinə görə, bu istiqamətdə atılan addımlar Cənubi Qafqazda sülhə doğru irəliləyişə imkan yaradıb.
Xarici işlər naziri xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitini “tarixi dönüş nöqtəsi” kimi dəyərləndirib. Bildirib ki, sammit çərçivəsində Ermənistanın Baş naziri ilə Azərbaycanın Prezidenti ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıb.
Mirzoyanın sözlərinə görə, o, Azərbaycanın xarici işlər naziri ilə birlikdə Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişi paraflayıb. Həmin sənəddə suverenlik və ərazi bütövlüyü uzunmüddətli sülh və sabitliyin əsas prinsipləri kimi təsbit olunub.
Nazir qeyd edib ki, bu razılaşma Ermənistan üçün onilliklər davam edən münaqişədən əziyyət çəkmiş vətəndaşlar qarşısında verilmiş ciddi bir vəddir.
Mirzoyan yaxın vaxtlarda dörd erməni məhbusun Azərbaycandan azad edilməsinin ümid yaratdığını bildirib. Onun sözlərinə görə, qalan 19 nəfərin azad edilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və bu istiqamətdə əməkdaşlıq barışıq prosesinə əhəmiyyətli töhfə verə bilər.
Çıxışında sülh və demokratiya məsələsinə də toxunan Mirzoyan vurğulayıb ki, bunlar sadəcə verilən dəyərlər deyil, daimi qorunmalı və yenilənməlidir.
O, Avropa Şurasının regiona göstərdiyi diqqəti yüksək qiymətləndirərək, qurumun baş katibinə, AŞPA sədrinə və Assambleya üzvlərinə Ermənistan–Azərbaycan normallaşması prosesinə verdikləri dəstəyə görə təşəkkür edib. Mirzoyan bildirib ki, Ermənistan “onilliklər boyu davam edən düşmənçilik səhifəsini çevirir” və bu yolda beynəlxalq tərəfdaşların dəstəyini vacib hesab edir.
Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi səbəbilə 30 ildən çox gərginlik və hərbi toqquşmalar yaşanıb. Azərbaycan 2023-cü ildə ərazi bütövlüyünü bərpa etsə də, sülh danışıqları uzun müddət nəticəsiz qalıb. Nəhayət, ötən il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıb və birgə bəyannamə imzalayıblar. Sənədə əsasən, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz əlaqə yaradılacaq və tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyaraq qarşılıqlı iddialardan imtina edəcək.
Yanvarın 14-də Azərbaycan 4 nəfər erməni məhbusu – Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abrahamı Ermənistana təhvil verib.