Sürücü: ”Bizi izləyənlər qara maşında idilər”
Noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğın hadisəsində təqsirləndirilən “Qlobal Stone” MMC-nin pbaş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi, idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində Miryusif Mahmudovun sürücüsü Rasim Qəhrəmanov ifadə verib. O bildirib ki, binada yanğın baş verən gün Miryusif Mahmudova telefonla kimsə zəng edib yanğının baş verdiyini bildirib. Həmin vaxt o, M. Mahmudovla birlikdə olub:
“Miryusif müəllim dərman qəbul etdi. Sonra Miryusif müəllim dedi ki, ofisə sür, ora MTN əməkdaşları gəlib. Mən də maşını ora sürdüm. Ofisin qabağında naməlum şəxslər vardı. Bir qədər sonra Miryusif müəllim və daha iki nəfər maşına əyləşdi. Maşını Miryusif müəllimin göstərişi ilə MTN-nin qabağına sürdüm. Ora da Miryusif müəllim düşəndə dedi ki, gözləmə, uşqaların məktəbdən çıxan vaxtıdır, onları götür. Mən də oradan getdim. Axşam saat 5 radələrində Miryusif müəllim zəng vurdu və Ağır Cinayətlər Üzrə İstintaq İdarəsinin qabağına gəlməyimi istədi. Saat 10-a kimi orada Miryusif müəllimi gözlədim”.
Digər şahid Elbrus Sultanov bildirib ki, “Qlobal Stone” MMC-nin ofisində mühafizəçi işləyib. Onun sözlərinə görə, yanğın baş verən günü ofisə 4 nəfər gəlib: “Onlardan kim olduğunu soruşdum. Vəsiqə göstərərək MTN əməkdaşı olduqlarını bildirdilər. Ön qapıdan içəri keçən 4 nəfər idi, digərləri kənarda dayanmışdı. Ümumilikdə gələnlər 12 nəfər olardı. Onlar ofisdən sənədləri apardılar, sonra axşamtərəfi Baş Prokurorluğun əməkdaşları gəldi, ofisdə axtarış aparıldı”.
Miryusif Mahmudov bildirib ki, hadisədən bir ay əvvəl həm telefonu dinlənilib, həm də izlənilib: “İzlənməyimi sürücüm də bilib. Sürücümə deyirdim ki, bizi izləyəni dolaşdır, izləyə bilməsin”.
Rasim Qəhrəmanov bildirib ki, onları maşınla izləyənlər qara maşında olub.
İclasda şahid Zaur Əbilov da ifadə verib. “Qlobal Stone” MMC-də menecer işlədiyini deyən şahid yanğın hadisəsi baş verən günü MTN əməkdaşlarının ofisə gəlməsindən danışıb: “Onları ofisdə direktor İlqar müəllim qarşıladı. Yarım saat sonra Miryusif müəllim gəldi, 15 dəqiqə sonra bayıra çıxdılar. İlqar müəllim bildirdi ki, şirkətin baş direktorudur. Onu aparmalarını xahiş etdi, lakin onlar İlqar müəllimi aparmadılar, dedilər ki, bizə Miryusif müəllim lazımdı”.
Proses noyabrın 22-də davam edəcək.
Ötən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Binanın üzlənməsində istifadə olunan “poliüretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs-qətimkan tədbiri seçilməyib.