”Tankın üstünə də yandırıcı maddə atsan alışıb yanar”
Noyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə yaşayış binasında baş verən yanğında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyev sədrlik etdiyi iclasda şahid qismində “Global Stone” MMC-nin üzlük detallarının qəliblənmə sexində usta işləmiş Rizvan Mehdiyev vəkillərin suallarını cavablandırıb. O bildirib ki, Xətai rayonunda yaşayış binası yananda onların şirkətinə komissiya gəlib və materiallardan nümunələr götürülüb. Aparılan araşdırmalar nəticəsində isə materialların yanğına davamlı olması müəyyən edilib.
“Global Construction” MMC-nin təsisçilərindən biri olan Miryusif Mahmudov isə deyib ki, istehsal olunan materialın keyfiyyətli olması barədə bütün qurumların rəyi var: “Biz cinayətkar deyilik, quldur deyilik. Tankın üstünə də yandırıcı maddə atsan alışıb yanar. Yanğının səbəblərini siz araşdırın. Zərərçəkənlər də məhkəmədə dedilər ki, partlayış səsi eşidiblər. Mənim evim də, uşağımın evi də, şirkətin ofisi də bu materialla üzlənib”.
Daha sonra iclasda vəkillər zərərçəkmiş şəxslərdən Aytən Rəsulova, İlqar Məmmədov və Ülvi Hüseynovun məhkəmə prosesinə çağırılaraq dindirilməsini istəyiblər. Məhkəmə vəsatəti təmin edib.
İclasda Miryusif Mahmudov şirkətin müavinləri Toğrul Məmmədovun və Arif Əliyevin məhkəməyə şahid qismində dindirilmələrini istəyib. Bildirib ki, təsisçi, MİS müdiri məsuliyyətə cəlb olunsalar da, müavinlər dindirilməyib: “Demirəm ki, onları tutsunlar. Amma gəlib mütləq ifadə verməlidirlər. Çünki təhlükəsizliyə birbaşa nəzarət edən şəxslər onlardır “.
Proses noyabrın 10-da davam etdiriləcək.
2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb və binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçilərindən biri Miryusif Mahmudov, “Qlobal Stone” MMC-in keçmiş sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.