Miryusif Mahmudov: Binanı yandırmaq üçün uzun müddət hazırlıq işləri gedib

”Saat 12-yə 15 dəqiqə işləmiş hadisə yerinə yanğınsöndürən maşınlar gəlir və eyni vaxtda bizim ofisimizdə xüsusi əməliyyat keçirilirsə, qərarın hardan gəldiyi maraq doğurur”

Source:
foto Meydan TV
foto Meydan TV


”Saat 12-yə 15 dəqiqə işləmiş hadisə yerinə yanğınsöndürən maşınlar gəlir və eyni vaxtda bizim ofisimizdə xüsusi əməliyyat keçirilirsə, qərarın hardan gəldiyi maraq doğurur”

Oktyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə təqsirləndirilən şəxslərin məhkəməsi davam edib.

Məndə belə hiss yarandı ki, Üsəma Ben Ladenin qohumuyam

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən binanı üzləyən “Global Construction” və istifadə olunan üzlükləri istehsal edən “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov ifadə verib. O deyib ki, binanı yandırmaq üçün uzun müddət hazırlıq işləri gedib. Hazırlıqlar da aprelin 10-da Xətaidəki binanın yandırılmasından başlanıb: “Orada bina yandırıldı, “poliuretan” bütün Azərbaycanda qulaqlara dəhşətli söz kimi ötürüldü. “Poliuretan” zəhər kimi təqdim olundu. Sonra Veteranlar Şurasının binası yandırıldı. Bundan da üç gün sonra bu binanı yandırdılar. Əgər əvvəlki hadisələr olmasaydı, bu, adi yanğın hadisəsi kimi qarşılanacaqdı. Mənim nə siyasi, nə mənəvi, nə də iqtisadi səhvim olub. Adamlar MTN-də baş verənlər barədə oktyabrın 16-dan sonra danışmağa başladılar. Amma mən hələ avqustun 20-də Kürdəxanıda müstəntiqə başımıza gələnləri danışmışdım. Demişdim ki, Xətaidəki yanğından sonra bizi şirkətimiz haqda dövlət rəhbərliyinin yanında mənfi rəy formalaşdırmaqla təhdid ediblər, pul istəyiblər. Konkret adamların adlarını, onların telefon nömrələrini dedim. Müstəntiq təəccübləndi, dedi: “Bunlar necə adam imiş?” Amma özü də elə o gedən oldu. Hadisə yerinə gələn yanğınsöndürən maşınların şlanqı çıxmamış qara maşınlarla 17-18 nəfər MTN əməkdaşı ofisimizi basmışdı. Bunu mənə xəbər verəndən dərhal sonra ofisə getdim. Oradakı ab-havanı görəndə məndə belə hiss yarandı ki, Üsəma Ben Ladenin qohumuyam, məni aparmağa gəliblər. Saat 12-yə 15 dəqiqə işləmiş hadisə yerinə yanğınsöndürən maşınlar gəlir və eyni vaxtda bizim ofisimizdə xüsusi əməliyyat keçirilirsə, qərarın hardan gəldiyi maraq doğurur. Rəsmi məlumata görə, yanğın saat 17.30-da söndürülüb. Deməli, yanğının səbəbi, günahkarın kimliyi ən tezi 17.31-dən əvvəl məlum ola bilməzdi”.

Nəzarətdə saxlanılanlar bu gündədirsə…

foto Meydan TV
foto Meydan TV

Miryusif Mahmudov hadisənin ertəsi gün prezidentin iştirakı ilə keçirilən iclasdan da danışıb: “Orada Kəmaləddin Heydərov deyib ki, “bizə lazımi sənədlər verilməyib”. Halbuki, bütün sənədlər verilib onlara. Orada prezident bildirdi ki, dedikləriniz bir-birilə ziddiyyət təşkil edir, bu məsələni ciddi araşdırın, mənim də nəzarətimdə olacaq. Bundan sonra düşündüm ki, prokurorluq bu işi ciddi araşdıracaq. Nəzarətdə saxlamaq o deməkdir ki, iş ətraflı, obyektiv araşdırılsın, yoxsa adamı həbsxanada ciddi nəzarət altında saxlamaq, sıxmaq demək deyil.

İki ay nə telefonla danışa bildim, nə kiminləsə görüşə bildim. Nəzarətdə olan bir işin istintaqı belə aparılıbsa, görün indi nəzarətdə olmayanlar nə gündədi. MTN-də saxlandıqdan sonra prokurorluğa gətirildim. Mənə hüquqlarımı izah eləmədilər. Mənim bir vəkil tutmağa 500 manatım yox idi? Bir adam gəlib soruşmadı ki, vəkilim varmı. Gecə 2-nin yarısında bir “kepkalı” kişi gəldi, dedilər ki, vəkildi. Üç dənə kağız verdilər ki, “imzala”. Sonradan bildim ki, biri şahid, biri şübhəli şəxs, biri də təqsirləndirilən şəxs qismində dindirmə protokolu olub. Tarixlərini də 19-u, 20-si, 21-i qoyublar. Əgər 21-nə qədər ölsəydim, yəqin o protokolu cırıb atacaqdılar”.

İcra başçısının keçmiş müavini müalicə olunmalıdır

Daha sonra iclasda təqsirləndirilən şəxslərdən 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov barədə ekspertizanın rəyi elan olunub. Rəydə göstərilib ki, o, qaraciyər serrozu, şəkər, arterial hipertaniya və s. xəstəliklərdən əziyyət çəkir. Müalicə olunmayacağı təqdirdə vəziyyəti kəskinləşə bilər.

Rəyə münasibət bildirən dövlət ittihamçısı Fərid Nağıyev deyib ki, rəydə göstərilən xəstəliklərin heç biri şəxsin həbsdən azad ediməsi üçün əsas sayıla biləcək ağır xəstəliklər siyahısında yoxdur. Prokuror Q. Novruzovun Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicəsini davam etdirməklə, həbsdə saxlanılmasını istəyib.

Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva isə prokurora etiraz edib: “Bəs humanizm prinsipi hara getdi? Bu adamın xəstəliklərini nəzərə almasaq, daha bir nəfərin ölümünə səbəb ola bilərik”.

Məhkəmə prosesi oktyabrın 6-da davam edəcək.

Ana səhifəXəbərlərMiryusif Mahmudov: Binanı yandırmaq üçün uzun müddət hazırlıq işləri gedib