“Yanan bina işi”ndə vəkilin vəsatəti baxılmamış saxlanıldı
Oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Mən sifarişləri icra etmişəm
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahidlər ifadə veriblər. Şahid Hacıbaba Əkbərov ifadəsində deyib ki, 2012-ci ilin avqustun axırından 2014-cü ilin yanvarınadək Binəqədi rayon İcra Hakimiyyətində Memarlıq Şöbəsinin böyük məsləhətçisi kimi çalışıb. O, işlədiyi müddətdə yanan binada üzlənmə işləri ararılıb: “Mən icra hakimiyyətinə işə düzələndə artıq binalarda təmir işləri gedirdi. Mən də sifarişləri icra etmişəm”.
Şahid binanın təmir işlərinin Binəqədi rayon İcra Hakimiyyətinin sifarişi ilə aparılmadığını bildirib: “Buna görə də binada aparılan işlərə nəzarət etməmişəm. Bununla bağlı mənə hansısa göstəriş verilməyib. Vəzifəm icra hakimiyyətinin sifarişi ilə görülən işlərə nəzarət etmək olub. Mən ancaq memarlıqla bağlı işlər görmüşəm. Yanğın təhlükəsizliyi ilə bağlı nəzarəti İcra Hakimiyyətinin başqa şöbəsi həyata keçirib”.
O, təmir işlərinin kimin sifarişi ilə və hansı vəsaitlə həyata keçirilməsini bilmədiyini deyib.
Təqsirləndirilən Miryusif Mahmudov isə deyib ki, binada təmir işləri Binəqədi rayon İcra Hakimiyyətinin vəsaiti hesabına deyil, onun şəxsi vəsaiti hesabına aparılıb. Miryusif Mahmudovun vəkili İlhamə Həsənova isə şahidi yalan danışmaqda ittiham edib. H.Əkbərov isə yalan danışmadığını, yaşayış binasının icra hakimiyyətinin balansında olmadığını bildirib.
Vəkillərin sualını cavablandırarkən H.Əkbərov deyib ki, həmin tikilidə təmir-tikinti işlərinin aparılmasına nə hazırkı icra başçısı Xaləddin İsgəndərov, nə də ondan əvvəlki icra başçısı Alı Qocayev icazə verib. Şahid kimin sifarişi ilə həmin işlərin görülməsindən xəbəri olmadığını deyib.
Mən iş üçün fəhlə yığmışam
Daha sonra iclasda yanan binada təmir işləri aparılan zaman fəhlələrin briqadiri işləmiş Telman Adıgözəlov ifadə verib. Telman Adıgözəlov bildirib ki, yanan binada təmir işləri üçün fəhlə yığıb: “İşə götürüləndə sənədə imza etmişəm. Amma sənədin nədən ibarət olduğunu bilməmişəm. Hər ayın sonunda əməkhaqqı almışam”.
Telman Adıgözəlov qeyd edib ki, onun işlədiyi dövrdə Xanlar Tanrıverdiyev adlı iş icraçısı olub və işlərə o, nəzarət edib.
Təqsirləndirilən şəxslərdən Qəzənfər Novruzovun vəkili Xanlar Bayramzadə isə X.Tanrıverdiyevin məhkəmədə şahid kimi dindirilməsi haqqında vəsatətlə çıxış edib. Hakim vəsatəti baxılmamış saxlayıb.
Proses noyabrın 1-də davam edəcək.
Ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın roliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını rozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Eridemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.