“İxtisarlar zamanı qanun pozuntularına yol verilib, işçilərə məcburi ərizə yazdırılıb”
Fevralın 1-də Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı mətbuat konfransı keçirib. Öncə ötən il, dekabrın 4-də “Günəşli” platformasının 10-cu dərin dəniz özülündə baş verən yanğından danışan hüquq müdafiəçisi deyib ki, bu qəza neft tarixində ən ağır hadisədir. Qəza nəticəsində 32 nəfər xəsarət alıb, 12 neftçi ölüb, 19 işçi də itkin düşüb.
Mirvari Qəhrəmanlı vurğulayıb ki, bir gün əvvəldən külək və tufanla bağlı məlumat olsa da, işin dayandırılmaması göstərişi verilib. Bundan başqa, fövqəladə hallar zamanı işçilərin necə davranmaları ilə bağlı maarifləndirilməsi işi zəif aparılıb.
Təşkilat rəhbəri çıxışında əksər müəssisələrdə aparılan ixtisarlar məsələsinə də toxunub. Bildirib ki, artıq “İntertek Azəri”, “ASCO”, “SWİFT Engineering”, “Bahar Enerji”, “Qarasuoil”, “Şirvanoil” şirkətlərində, o cümlədən “Neftqaztikintitresti”, “Azərneftyanacaq”, “Azərneftyağ” və “Azəriqaz” İstehsalat Birliyində yüzlərlə neftçi ixtisara salınıb.
Onun sözlərinə görə, adları çəkilən şirkətlərdə ixtisarlar zamanı qanun pozuntularına yol verilib, işçilərə məcburi ərizə yazdırılıb.
Mirvari Qəhrəmanlının sözlərinə görə, bununla bağlı rəhbrlik etdiyi quruma xeyli şikayətlər daxil olub: “Təşkilata edilən müraciətdə deyilir ki, “Elit Marino” şirkəti işdən çıxardığı işçilərə kompensasiya ödəməkdən imtina edib. “Qarasuoil” şirkəti ixtisarlar aparılarkən işçinin peşəkarlığını deyil, qohumbazlığı nəzərə alır. Nəticədə, onlarla mütəxəssis işdən çıxarılıb. Araşdırmalarımız zamanı bəlli oldu ki, “Şirvanoil” şirkətində əmək müqavilələri ləğv edilərkən işçilərin ailə vəziyyətləri, ailə üzvləri içərisində 1-ci qrup əlil və digər əlillik qrupu olan şəxslərin olması, uzun illər neft sahələrində işləməklə təcrübəli işçilər olmaları, peşəkarlıqları, əmək intizamı qaydalarını pozmadıqları, əmək funksiyalarını layiqincə yerinə yetirmələri və digər güzəşt və təminatları nəzərə alınmayıb».
Mirvari Qəhrəmanlı deyir ki, “Neftçala” Əməliyyat Şirkətində «“Neftçala”, “Xıllı”, “Durovdağ” və “Bazanan”yataqları) 100-ə qədər işçiyə məcburi ərizə yazdırmaqla yanvarda onları ödənişsiz məcburi məzuniyyətə göndəriblər. Ödənişsiz məzuniyyətə göndərilənlər əsasən fəhlələrdir. Onların orta əməkhaqqı 200-250 manat civarındadır:
“Artıq bir neçə nəfər bununla bağlı məhkəməyə üz tutub. Məsələn, “Caspian Employment Provider” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları İsrafil Novruzov, Eynur Əkbərov, İlham Nəbiyev hüquqlarının pozulması iddiası ilə Suraxanı Rayon Məhkəməsinə müraciət ediblər. Onların iddia ərizələr təmin olunub”.