”Torpaq mülkiyyətçilərdən alınaraq qızıl zavoduna icarəyə verilib”
“Ölkədə aparılan torpaq islahatları zamanı Gədəbəy rayonunun Arıqdam kəndinin sakinlərinə də torpaq sahələri verilib. Lakin 2007-ci ildən bəri torpaq mülkiyyətçiləri sahib olduqları ərazidən istifadə edə bilmirlər”.
Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
M.Qəhrəmanlı deyir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti və Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti torpaqlara sahib çıxmağa çalışıb:
“Torpaq mülkiyyətçilərinin problemi 2007-ci ildən yaranıb. Həm Gədəbəy İcra Hakimiyyəti, həm də Beynəlxalq Mədən Əməliyyat Şirkəti torpaqların qızıl zavoduna verildiyini iddia edirlər. Halbuki, mülkiyyətçilərdə Torpaq Aktı var”.
Hüquq müdafiəçisinin sözlərinə görə, mülkiyyətçilərdən torpaqların geri qaytarılması tələb olunub. Torpaq mülkiyyətçiləri də məhkəməyə müraciət ediblər. Gədəbəy Rayon Məhkəməsinin 11 oktyabr 2007-ci il tarixli qətnaməsinə əsasən, Gədəbəy Rayonun Arıqdam kəndinin 150 nəfər mülkiyyətçisinin Dövlət Aktları ləğv edilib və torpaqlar dövlət mülkiyyətinə qaytarılıb. Amma qərarda o da göstərilib ki, torpaq mülkiyyətçilərinə verilmiş əvvəlki torpağa mülkiyyət hüququna dair Dövlət Aktında olan ölçülərə uyğun başqa sahədən torpaq sahəsi ayrılsın. Lakin üstündən 9 il keçməsinə baxmayaraq, mülkiyyətçilərə hələ də torpaq ayrılmır.
M.Qəhrəmanlı deyir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hələ də icra olunmayıb. Gədəbəy Rayon İcra Hakimiyyəti boş torpaq sahəsinin olmadığını bəhanə edir. Eyni zamanda rayon icra hakimiyyəti mülkiyyətçilərdən geri alınmış torpaq sahələrinin əvəzinə kompensasiya da ödəmək istəmir.
“Maraqlısı odur ki, qızıl zavodunun mülkiyyətinə verilmiş kimi geri alınmış torpaqlar icra hakimiyyətinə verilib, icra hakimiyyəti isə bu torpaqları qızıl zavoduna icarəyə verib”, hüquq müdafiəçisi deyir.
M.Qəhrəmanlı əlavə edib ki, Gədəbəy Rayon Məhkəməsinin 11 oktyabr, 2007-ci il tarixli və 5 iyul, 2012-ci il tarixli qətnaməsi həmin vaxtdan qanuni qüvvəyə minsə də, Gədəbəy Rayon İcra Hakimiyyəti məhkəmə qərarını yerinə yetirməkdən imtina edir. İcra hakimiyyəti “Məhkəmə qərarlarının icrası haqqında” qanunun 3-cü və 84.4-cü maddəsini pozaraq məhkəmə qətnaməsini yerinə yetirmir, mülkiyyətçilər isə hələ də müxtəlif qurumlara şikayət etməklə öz qanuni hüquqlarının bərpasına çalışırlar. Onun sözlərinə görə, son vaxtlar məhkəmələrə bu səpkili şikayətlərin sayı da artıb.
Gədəbəy Rayon İcra Hakimiyyətindən isə Meydan TV-nin sorğusunu cavablandırmaqdan imtina ediblər.