Mirəddin Ağayev dələduzluqda təqsirləndirilir
Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Onun barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, o, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında istintaqa cəlb olunub. Vətəndaş Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.
Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. Ötən ilin may ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.
İttihama görə, M.Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib.