Mirşahin Ağayev: ”Azərbaycan qanunları qarşısında hamımız bərabərik”
Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin qardaşı həbs olunub.
Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Məlumatı BakiPost.az yayıb. Xəbərə görə, Mirəddin Ağayev barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. O, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında istintaqa cəlb olunub. Vətəndaş Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.
Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. Mayın əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.
Məsələylə bağlı Mirşahin Ağayevin fikrini öyrənmək mümkün olmayıb. Mirşahinin digər qardaşı Rəşad Ağayev isə xəbəri nə təsdiq, nə də təkzib edib.
Qardaşının həbsini şərh edən Mirşahin Ağayev isə virtualaz.org-a bildirib ki, Mirəddin Ağayevin saxlanılması xəbərini KİV-dən öyrənib:
“Əgər qardaşım doğrudan da cinayət törədibsə, qanunun tələbinə uyğun cəza çəkməlidir. Azərbaycan qanunları qarşısında hamımız bərabərik. Qohumluq əlaqələrimizin məsələyə heç bir aidiyyatı yoxdur”.
M.Ağayev həmçinin əlavə edib ki, qardaşının həbsi ilə bağlı heç kimə xahişlə müraciət etmək fikrində deyil.
İxtisasca həkim olan Mirəddin Ağayev Mirşahinin böyük qardaşıdır.