”Əzilməmək üçün Azərbaycan regional trendləri nəzərə almaq məcburiyyətindədir”
“Moskvaya Qərblə danışıqlara təsir imkanları lazımdır, Ankaraya da o cümlədən. Hər iki dövlət Qərblə münasibətlərdə 9 avqust görüşü üzərindən manipulyasiyaya çalışacaqlar”.
Bu barədə Meydan TV-yə siyasi şərhçi Rauf Mirqədirov avqustun 9-da Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburqda baş tutan görüşünü şərh edərkən deyib.
Mirqədirov hesab edir ki, Ankara-Moskva yaxınlaşmasının səbəblərindən biri Türkiyənin Qərb müttəfiqlərilə münasibətlərində yaranan problemdir: “Qərb dövlətləri öncə 15 iyul dövlət çevrilişinə cəhdin əleyhinə çıxdılar, ardınca total repressiyaları qəbuledilməz saydıqlarını bəyan etdilər. Amerika hələ də Ankaranın Fətullah Güləni onlara vermək tələbinə müsbət cavab verməyib. Bu baxımdan, Rusiya-Türkiyə yaxınlaşması zorən yaxınlaşmadır”.
Siyasi şərhçi əlavə etdi ki, iqtisadi əlaqələr Ankara və Moskva üçün önəmli olsa da, bu əlaqələr həyati əhəmiyyət daşımır: “Ticarət balansına baxmaq kifayətdir ki, dediyimin təsdiqini görəsiniz. Türkiyənin ticarət balansının böyük hissəsi Avropa Birliyi və Amerikayladır”.
Görüşün siyasi tərəflərinə gəlincə, Mirqədirov qeyd etdi ki, Ankara Moskvayla yaxınlaşsa da onların Suriya məsələsində ortaq məxrəcə gələcəkləri inandırıcı deyil: “Son informasiya sızıntılarından bu barədə razılaşma əldə olunmadığı sezilir. Nəhayət, Ərdoğan Rusiya-Azərbaycan -Türkiyə formatını xatırlatsa da, Putin bu barədə susdu. Şanxay Əməkdaşlıq Təşkilatına gəlincə, bu qurum iqtisadi yox, daha çox siyasi qurum kimi özünü göstərir. İqtisadi qurum kimi Braziliya-Çin-Rusiya birliyi Qərbə daha çox müxalif ola bilərdi, amma bu quruma üzv olan ölkələrin iqtisadi durumu da ürəkaçan deyil. Braziliya iqtisadi böhran içindədir, Rusiyada iqtisadi köklü dəyişikliklər olmasa, təqaüdləri və maaşları verə bilməyəcəklər. Bunu Rusiyanın iqtisadiyyat nazirinin müavini deyir. Yaxud, “LEVADA” Mərkəzinin son sorğularına baxsaq, əhalinin sosial durum ağır olduğuna görə, Putinə qarşı soyuq münasibətinin aşkarlandığını görərik”.
“Artıq Krım eyforiyası sona çatır. Rusiya sosial durumu unutdurmaq üçün növbəti Krım avantürasına əl atmaq istəyər, amma bu, iqtisadi problemləri aradan qaldırmayacaq, əksinə, daha da ağırlaşdıracaq” deyən Mirqədirov hesab edir ki, iqtisadi baxımdan Rusiya və Türkiyənin bir-birinə verə biləcəyi elə də çox şey yoxdur: “Qərbdə isə kifayət qədər sabit bazar var və bu bazarı iqtisadi böhran içində olan Rusiyayla əvəzləmək ağılsızlıq olardı”.
“Türk axını”na gəlincə, Mirqədirov dedi ki, bu layihə böyük maliyyə tələb etdiyindən Avropanın bunda marağı yoxdur: “İndiki halda isə Rusiyanın investisiya qoymaq imkanı yoxdur. Lap tutaq ki, “Türk axını”nı Türkiyəyə çatdırdın, bəs, Avropa Birliyi həmin qazı almasa, nə olacaq?! Həm də Türkiyənin enerji mənbələrini şaxələndirmək niyyəti, İsraildən qaz almaq istəkləri var. Qeyd olunanların fonunda demək olar ki,Sankt-Peterburq görüşü siyasi oyun idi”.
Siyasi şərhçi onu da bildirdi ki,tərəflərin bir-birinə hərbi-siyasi ehtiyacları olsa da, o, Türkiyənin NATO-dan ayrılacağına inanmır: “Bu olacağı təqdirdə, Türkiyə ikinci, üçüncü dərəcəli oyunçuya çevrilə bilər və bu halda Ankaranın maraqları heç Moskva tərəfindən də nəzərə alınmayacaq”.
R.Mirqədirov düşünür ki, Türkiyə-Rusiya münasibətləri ən yaxşı halda konstruktiv rəqabət məcrasında olmalıdır: “Ən azından enerji daşıyıcılarının dünya bazarına çıxarılması baxımından hər iki ölkənin bir-birindən asılılığı var. Turizm, tikinti və başqa sahələrdə də bu ölkələr bir-biri üçün bazardır. Nəhayət, hər iki ölkə materik, quru imperiyalarıdır, bunların qarşısında əməkdaşlıqla yanaşı rəqabət də var. Çünki birbaşa və təsir dairəsi kimi iddia etdikləri ərazilər üst-üstə düşdüyündən maraqları toqquşur”.
Mirqədirov həmçinin qeyd etdi ki, hazırkı yaxınlaşmanın Azərbaycan üçün də neqativ tərəfləri ola bilər: “Söhbət Rusiya-Türkiyə və Rusiya-İran yaxınlaşmasından gedirsə, Azərbaycan böyük dövlət olmadığından regional trendləri nəzərə almağa məcburdur. Nəzərə alın ki, Türkiyə-İran-Rusiya üçlüyündə Ankara aparıcı tərəf deyil. Moskvanın ənənəvi mövqeyi ondan ibarətdir ki, Ankara Cənubi Qafqaz məsələlərinə müdaxilə etməməlidir. Problemləri region dövlətləri, yəni Rusiya ilə İran həll etməlidir. Bu halda Türkiyə siyasi elitasında öz problemlərini Azərbaycanın hesabına həll etmək arzusunun yaranmayacağına ümid edirəm. 1920-ci illə müqayisədə fərq çox böyükdür, ozamankı siyasi elita Türkiyə dövlətini qorumağı düşünürdüsə, indi söhbət Ərdoğan və onun hakimiyyətinin qorunmasından gedir. Məsələ ondadır ki, Ərdoğanın ölkə daxilində mövqeyi güclü olsa da, beynəlxalq dəstəyi zəifdir. Hazırda Türkiyə ordusu zəiflədilir, 100-dən çox zabit silahlı qüvvələrdən kənarlaşdırılır, faktiki ordu yenidən qurulur. Bu, öz növbəsində Türkiyənin mövqeyini zəiflədir. Regionda hərbi güc ciddi arqumentdir, söhbət yalnız Yaxın Şərqdən getmir, Cənubi Qafqaz da bura daxildir, yəqin ki, 2000-ci ildə İranın Xəzərdəki manevrlərindən sonra Bakı səmasında türk şahinlərinin uçuşunu xatırlayırsınız. Bəli, İranla Rusiya imperiyalar kimi həmişə Cənubi Qafqazda rəqabət aparsalar da, Türkiyənin bu regiona daxil olmasının qarşısını alıblar. Bu halda, Tehranla Moskva Cənubi Qafqazda maraq dairələrini bölüşdürməkdə meyllidirlər, amma bu ittifaq heç zaman Azərbaycanın xeyrinə deyil”.
“İran müstəqil və inkişaf etmiş Azərbaycanı özü üçün problem sayır. Biz bu problemi görməməklə, onu aradan qaldırmırıq, əksinə, Azərbaycan regional trendləri nəzərə almaq məcburiyyətindədir ki, əzilməyək”, – deyə R.Mirqədirov bildirib.