“Öz şəxsi mənzilimizdə yaşamağımıza imkan vermirlər”
Nəsimi rayonu, Mirqasımov küçəsi 4 ünvanında yaşayan sakinlər öz mənzillərində yaşaya bilmədiklərini deyirlər. Səbəb məhəllənin “İnvest.M Construction” tikinti şirkəti tərəfindən sökülməsidir.
“2021-ci ilin yayından indiyə kimi əziyyət çəkirik. Nə vaxtsa belə bir vəziyyət ilə qarşılaşacağımızı söyləyən olsaydı, inanmazdıq. Öz şəxsi mənzilimizdə yaşamağımıza imkan vermirlər”, – sakinlər Meydan TV-yə bildiriblər.
Şikayətçilərin sözlərinə görə, aidiyyatı dövlət qurumları müraciətlərə söküntü və tikintiyə icazə verilmədiyini açıqlayır. Hətta vəziyyət o yerə çatıb ki, söküntüyə etiraz edən sakinlərdən biri şirkətin nümayəndəsi tərəfindən döyülüb. Hadisə bir neçə gün əvvəl baş verib.
Hüquq mühafizə orqanlarına müraciət edilib, iş araşdırılır:
“Şirkətin nümayəndələri mətbuata yalan danışırlar. Guya köçürmək üçün bütün təkliflərə razıdılar. Amma bizimlə hədə-qorxu dili ilə danışırlar. Buna görə də onlara inamımız yoxdur”, – Azər adlı sakin bildirib. Əlavə edib ki, söküntü zamanı işıq, qaz, su xətləri dağıdılıb. “Evdə uşaq ola-ola qonşu evin divarını uçurdurlar”, – başqa bir sakin deyib.
Şikayətçilərdən biri isə deyib ki, adını açıqlamaqdan çəkinir, çünki bir neçə dəfə aidiyyəti qurumlarının rəhbərləri, o cümlədən rayon polis idarəsinin vəzifəli şəxsləri ilə görüşüblər. Bundan sonra təzyiqlər başlayıb, oğlunun şərlənərək tutulacağından qorxur.
“Martda məhlədəki ağacları məhv etdilər. Guya budayıblar. Şirkət dedi ki, bu işdə onların əli olmayıb. Ağacları Bakı şəhər Yaşıllaşdırma Departamentinin əməkdaşları bu vəziyyətə salıblar. Müstəqil ekoloqlar budamanın bu cür aparılmadığını deyirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə guya araşdırma aparıb, yaşıllıqların məhv edilməsinin təsdiqlənmədiyinə dair arayış verib”,– şikayətçi bildirib.
Sakinlər bildiriblər ki, işin ədalətlə həll olunacağına inanmırlar. Şirkətin digər rayonlarda görülən işləri ilə bağlı dəfələrlə narazılıqlar işıqlandırılıb, amma görünür nəticəsi olmayıb.
Evlərini tərk etməyən sakinlər deyirlər ki, onlar söküləcək mənzillərinin yerinə yeni mənzil tələb edirlər. Sakinlərin sözlərinə görə, şirkət nümayəndəsi onları məhkəməyə verəcəkləri, polisin əli ilə mənzillərindən qovacaqları ilə hədələyir.
Ərazidə söküntü aparan “İnvest.M Construction” şirkətindən Meydan TV-yə bildiriblər ki, həmin ərazidə bir neçə binanın tikintisi nəzərdə tutulub. Sakilərə də tikiləcək binalarda mənzillərinin sahəsindən bir qədər artıq olmaqla yeni mənzillər təklif edirlər. Amma sakinlər bazar qiymətindən dəfələrlə artıq məbləğ tələb etdiklərindən narazılıq yaranır.
Məhəllədəki binaların qəzalı olmasına dair Fövqəladə Hallar Nazirliyinin rəsmi sənədi var.
Şəhərsalma və Arxitektura Komitəsindən isə sözügedən ərazidə tikinti işlərinin aparılması üçün şirkətə icazə verilmədiyini açıqlayıblar. “Ecofront” təşkilatından isə bildirib ki, həmin ərazidə ağacların çoxu barbarcasına budaqlanıb, buna görə də ağaclar stres altındadır. Məsələ ilə bağlı hüquqi tədbir görülməsi üçün müraciət ediblər.