Mirqafar Seyidova sanksiya qoyulması istənilir

Beynəlxalq təşkilatlar ABŞ rəsmilərinə müraciət edib

Source:


Beynəlxalq təşkilatlar ABŞ rəsmilərinə müraciət edib

23 beynəlxalq təşkilat ABŞ Dövlət Katibi Reks Tillerson və maliyyə naziri Steven Mnuxinə müraciət ünvanlayıblar.

Müraciətdə deyilir ki, Mirqafar Seyidov 2016-cı ildə keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazan Bayram Məmmədov və Qiyas İbrahimova verilən işgəncələrdə iştirak edib. Həmçinin başqa hadisələrdə əli olduğu bildirilən generalın polislərin qurbanları döyməsinə birbaşa nəzarət etdiyi deyilir, “o, qurbanlardan birini təcavüzlə hədələyib, digərlərinə isə polis idarəsinin tualetini təmizlədib və olayı lentə alıb”.

ABŞ Konqresinin ötən ilin sonunda qəbul etdiyi bu akt Amerika prezidentinə “insan haqlarını pozan və ya korrupsiyaya bulaşmış” xarici rəsmilərə qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verir.

Söhbət əsasən onlara qarşı viza qadağasından və ABŞ-dakı aktivlərinin dondurulmasından gedir.

Sentyabrın 7-də ABŞ Senatoru Riçard Durbin Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə ABŞ Senatına düzəliş təqdim etmişdi. Həmin düzəlişdən sonra jurnalist Mehman Əliyev məhkəmənin qərarı ilə azadlığa buraxıldı.

Mirqafar Seyidov Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayorudur. O, İlham Əliyevin müvafiq sərəncamları ilə “İgidliyə görə” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Heydər Əliyevin heykəlinə şüar yazdığına görə həbs edilən gənclərdən biri Qiyas İbrahimov ifadəsində bildirmişdi ki, onu Bakı Şəhər Polis İdarəsinin rəisinin yanına gətiriblər və rəis Mirqafar Seyidov onu hədələyərək bildirib ki, onun qabağında oturmurlar, diz çökürlər. Bundan sonra Qiyas İbrahimovu gətirən əməkdaş dizinin arxasından təpiklə vurub və işgəncə verməyə başlayıb.

Gənc fəallar Bayram Məmmədov Qiyas İbrahimov 2016-cı il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B. Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə «Qul bayramınız mübarək!» yazdığına görə həbs edilib.

Digər gənc fəal Bayram Məmmədov da dekabrın 8-də eyni ittihamla 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ABŞ Konqresi 2016-cı il dekabrın 9-da Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu (“Global Magnitsky Human Rights Accountability Act”) qəbul edib.

Bu qanun 2012-ci ildə qəbul edilmiş Maqnitski İnsan Haqları qanununun təsir dairəsini daha da genişləndirir.

Əvvəllər bu qanun yalnız Rusiya vətəndaşlarına şamil edilirdisə, indi yeni qanun hər bir ölkəni əhatə edə bilər.



Tam siyahı üçün

link

ə daxil olun

Ana səhifəXəbərlərMirqafar Seyidova sanksiya qoyulması istənilir