”Mirqafar Seyidov dedi ki, mənim qarşımda oturmurlar, diz çökürlər”

Qiyas İbrahimov: “Saqqalımdan tutub, üzümə tüpürdülər”

Source:


Qiyas İbrahimov: “Saqqalımdan tutub, üzümə tüpürdülər”

Qiyas İbrahimov məruz qaldığı işgəncə barədə izahat yazsa da, onu vəkilinə verə bilməyib. Bakı İstintaq Təcridxanasının əməkdaşları buna imkan verməyiblər.

Bu barədə məlumatı vəkili Elçin Sadıqov öz Facebook səhifəsində yazıb:


“Bu gün gənclərlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına getdim. Hər iki gənclə görüşdüm. Qiyas İbrahimov ona verilən işgəncələrlə bağlı ətraflı yazmışdı. Həmin işgəncə barədə ərizəni onun əlindən aldılar. Bildirdilər ki, o işgəncə barədə vəkilinə müraciət edə bilməz. Buna nə qədər etiraz etsəm də, məhəl qoymadılar.


Məcbur olub özüm Qiyasa işgəncələr barədə ifadə verməyi təklif etdim və onun ifadəsi əsasında qeydlərimi apardım. Onun da xahiş o idi ki, prokurorluq onu hələ də işgəncə barədə dindirmədiyindən ifadəsini yayım. Bəlkə bundan sonra hansısa araşdırma olar”.

Qiyas İbrahimov ifadəsində deyib:

“10 may 2016-cı il tarixdə günorta saatlarında Bakı Slavyan Universitetinin ikinci korpusunda imtahandan çıxarkən, çıxış qapısından təxminən 30 addım aralanmışdım ki, başımın arxasından bərk zərbə vurdular. Zərbədən mən səndələdim, dərhal ikinci zərbənin vurulduğunu hiss etdim və ağzı üstə yıxıldım. Tez mənim yerdən götürüb göy rəngli furqon formalı avtomobilə basdılar. Hər iki tərəfimdə, sürcü və ön tərəfdə mülki geyimli şəxslər var idi. Onlar məni nə üçün heykəli yazdığımı irad bildirərək, döyməyə və söyməyə başladılar. Avtomobili Bakı şəhər Baş Polis İdarəsinin həyətinə sürdülər. Buraya gələndə başa düşdüm ki, onlar polisdirlər. Məni sürüyərək böyük bir otağa gətirdilər. Həmin otaqda məni yenidən döyməyə başladılar. Döyən zaman ağır söyüşlərlə məni təhqir edirdilər. Onlar əsasən mənim hər yerimdən zərbələr vururdular. Ən çox isə şapalaq və əllərinin içi ilə başıma, boynumun arxasına vururdular. Vurulan zərbələrdən mən huşumu itirdiyimi hiss etdim. Qollarımı arxadan qandallamışdılar. Sonra hiss etdim ki, üzərimə su tökdülər. Sonra biraz ayıldım. Mənə dedilər ki, iki nəfər hal şahidi çağırmışıq. İndi səndən narkotik çıxaracağıq, onlar da görəcəklər. Onlar mənim gödəkçəmin sol cibindən nəsə götürdülər və “narkotik” deyə bərkdən danışdılar. Mən onu birinci dəfə görürdüm. İndiyə qədər siqaret belə çəkməmişəm. Dedim ki, həmin götürdükləri şey mənim deyil, huşumu itirəndə cibimə qoymusunuz. Bu zaman məni yenidən döyməyə başladılar. Ağrılar dözülməz idi. Bir müddət döyəndən sonra məni qarşıdakı otağa sürüdülər. Həmin otaqda Bayramı gördüm. Onu da döyürdülər. Qışqırıb Bayramı çağırmaq istəyəndə ağzımı tutub başımı burdular, qarnımdan zərbə vurdular. Sancıdan səsim batdı. Həmin an Bayramı otaqdan çıxardılar. Məni yenidən döyməyə başladılar və tələb etdilər ki, heykəldən üzr istəyim, gül qoyum, AZTV gəlib çəksin. Mən imtina etdim. Onlar tələb etdilər ki, o zaman narkotik ittihamını etiraf etməliyəm. Mən imtina etdikdə məni yenidən döyməyə başladılar. Şalvarımı çıxardılar və dubinka ilə yaxınlaşaraq əxlaqsız hərəkət edəcəklərini bildidrilər. Mən məcbur olub saxta narkotik ittihamını qəbul etdim. Sonra bildirdilər ki, evimizə də gedib narkotik tapacaqlar, mənə deyəcəklər, mən də deyim ki, hə, filan yerə qoymuşam. Mən bildirdim ki, heç yerə narkotik qoymamışam axı. İstehza ilə biri dedi ki, sən qoymamısan, biz qoyarıq, sonrada taparıq. Yoxsa sənin ananı, atanı da tutub soxarıq içəri. Mənim yeriməyə də halım yox idi. Məni sürüyərək avtomobilə basdılar və yaşadığımız 1 otaqlı evə gətirdilər. Anam qapını açan kimi polislər zorla doldular içəri. Anamın yatağının altına narkotiki qoydular və sonra “buradadır, tapdıq”-dedilər. Anam çox narahat idi. Mən onunla danışmağa cəhd etdim. İstəyirdim başa salam ki, bu, siyasi bir işdir. Məni anamla danışmağa qoymadılar. Dərhal məni maşına basdılar və BŞBP-ə gətirdilər. Yolda məni yenidən döyməyə başladılar, daha sonra saçımdan tutub üzümə tüpürməyə başladılar. Məni BŞBP-ə gətirdikdən sonra yenidən məni döyüb etirafedici izahat, ifadə yazdırdılar ki, guya narkotik vasitəni Əkrəm adlı İran vətəndaşından almışam. Halbuki mən, ümumiyyətlə, Əkrəm adlı şəxs görməmişəm, tanımamışam və eşitməmişəm. Sonra məni BŞBP-nin rəisi Mirqafar Seyidovun yanına apardılar. Qollarım arxadan qandalda idi. Otaqda olan bir nəfər mənə dedi ki, otur. Mən oturmaq istədikdə Mirqafar Seyidov bildirdi ki, onun qabağında oturmurlar, diz çökürlər. Həmin an məni gətirən əməkdaş dizimin arxasından təpiklə vurdu və mən dizi üstə düşdüm. Mən qalmağa cəhd edəndə Seyidovun yanında olan keçəl baş (özünü dövlətşünas kimi təqdim edirdi) kəmərimi çıxarmağı əmr etdi. Mənim saqqalımdan və saçımdan tutaraq kəmərimi çıxardılar və kəmərimlə məni döyməyə, alçaltmağa başladılar. Məndən heykəli yazmaq üçün kimdən əmr aldığımı, kiminlə əlbir olduğumu, nə üçün belə etdiyimi soruşdular. Mən bildirdim ki, biz demokratiya istəyirik, o, olmayanda etiraz edirik. Seyidov uca səslə “hanı sənin demokratiyan?”- dedi. Bildirdi ki, sənin qohumlarının heç biri Qarabağda döyüşməyib, amma mən ayağımdan yaralanmışam. Belə söhbət və işgəncələr təxminən 1 saata yaxın davam etdi. Sonra məni  Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə gətirdilər. İçəri daxil olan kimi oranın rəisi “sənsən, ə, heykəli yazan?” – deyib məni vurdu. Mən yıxıldım. Sonra onun yanında olan şəxslər məni döyməyə başladılar. Huşumu yenidən itirmişdim, bədənim keyimişdi. Sonra məni kamerama sürüdülər. Sübh tezdən rəis məni MSY-nin həyətinə apardı və həyəti süpürməli olduğumu bildirdi. Mən imtina etdikdə məni yenidən döyməyə başladılar. Bədənimin hər yeri ağrıyırdı. Onlar məni MSY-nin həyətini süpürməyə, siqaret kötüklərini yığmağa məcbur etdilər. Daha sonra ayaqyolunu da təmizləməyim üçün möhkəm döyməyə başladılar. Onlar ətrafdan gülüşərək telefonları ilə mənim şəklimi çəkirdilər. Bu işgəncə və qeyri-insani rəftar davam etdi. 12 may 2016-cı il tarixdə yenidən məni MSY-nin həyətini süpürməyə, siqaret kötüklərini yığmağa məcbur etdilər. Bu zaman vəkilim Elçin Sadıqov həyətə daxil oldu və mənim işgəncəyə məruz qaldığımı gördü. Elçin Sadıqov buna etiraz edəndə MSY-nin rəisi onu zorla idarədən çölə çıxardı, “get, müstəntiq gələndə gələrsən”- dedi. Mən bu işgəncələr barədə 12 may 2016-cı il tarixli məhkəmə iclasında dedim və hakim qərar qəbul etdi ki, mənə verilən işgəncələr araşdırılsın. Mənə verilən işgəncələri araşdırmaq əvəzinə yenidən Nərimanov rayon Polis İdarəsinin MSY-nə gətirdilər, işgəncələr yenidən başladı və Bakı İstintaq Təcridxanasına gətirilənə qədər davam etdi. İndi bütün bədənim, sümüklərim xüsusilə də başım ağrıyır”.

Ana səhifəXəbərlər”Mirqafar Seyidov dedi ki, mənim qarşımda oturmurlar, diz çökürlər”