Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib

“Bəzi qurultay nümayəndələri Yeni Azərbaycan Partiyasını tədbirimizə dəvət etdiyimiz üçün bura gəlməyiblər”

Source:


“Bəzi qurultay nümayəndələri Yeni Azərbaycan Partiyasını tədbirimizə dəvət etdiyimiz üçün bura gəlməyiblər”

Avqustun 1-də Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayı keçirilib.

M. Mirəlioğlu bildirib ki, 55 rayonda qurultaya hazırlıq üzrə konfrans keçirilib, 298 nümayəndə seçilib. O, qurultayda 230 nümayəndənin qeydiyyatdan keçdiyini bildirərək, yetərsayın olduğunu qeyd edib.

Daha sonra mandat və say komissiyası seçilib.

Sonra qurultaya qonaq qismində dəvət olunan siyasi partiyaların rəhbərləri çıxış edib.

Qurultayda Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, BAXCP, VHP, AXP, VİP, Ədalət Partiyası, AMİP və digər partiyaların sədrləri iştirak edirlər.

AXCP sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı qurultaya dəvət olunsa da, qatılmayıblar.

Dəvət olmasına baxmayaraq, YAP-dan qurultayda iştirak edən yoxdur.

APA-nın məlumatına görə, qurultayda partiya sədrliyinə seçkilər keçirilib və Mirmahmud Mirəlioğlu yenidən sədr seçilib. Səsverməyə qatılanlardan 220 nəfər onun lehinə, 2 nəfər əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.

Sonra M. Mirəlioğlu çıxış edib. O, çıxışında növbəti qurultayda partiya sədrliyinə namizədliyini irəli sürməyəcəyini bəyan edib: “Bu baxımda bu qurultay həm də mənim sədr kimi vida qurultayımdı. Növbəti dəfə sədrliyə başqa adam namizəd olacaq. Mən istəyirəm ki, gənclər irəli çıxsın. Alternativ namizədlər olsun. Məni meydanda tək qoymayın”.

M.Mirəlioğlu onu da bildirib ki, bəzi qurultay nümayəndələri Yeni Azərbaycan Partiyasını tədbirimizə dəvət etdiyimiz üçün bura gəlməyiblər.

O, hakim partiyanı qurultaya dəvət etməkdə onu ittiham edənlərə cavab verib: “Bəzi dostlarımız, qurultay nümayəndələrimiz bizdən küsüb ki, nəyə görə qurultaya Yeni Azərbaycan Partiyasını, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu dəvət etmişik? Buna görə də qurultaya gəlməyiblər. Bunu bizim üzümüzə deməyə cəsarətləri çatmayıb, söz göndəriblər. Mən burdan onlara səslənib deyirəm ki, yaxşı etmişik. Bizim məqsədimiz Azərbaycanı birləşdirməkdir, ölkənin mənafeyini qorumaqdır. Siz isə öz niyyətinizi bir daha nümayiş etdirdiniz”.

Ana səhifəXəbərlərMirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib