İlham Əliyev və Mirmahmud Mirəlioğlu

Mənbə: Foto: Meydan tv

Başlıq: İlham Əliyev və Mirmahmud Mirəlioğlu

Mirmahmud Mirəlioğlu: İlham Əliyev müstəqillikdə xidməti olmayan adamlar sırasındadır

Məqalə yeniləndi:  27 Noyabr 2019

“Elçibəy hakimiyyətinin əleyhinə danışanların savadı yoxdur”

“Başa düşdüyüm budur ki, İlham Əliyevin dövlətçilikdən, diplomatik qaydalardan xəbəri yoxdur”.

Bunu Meydan TV-ə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu prezident İlham Əliyevin sabiq prezident Əbülfəz Elçibəy haqqında söylədiklərinə münasibət bildirərkən deyib.

İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirdə bildirib ki, Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə:

“Bu, fərarilikdir, bu, satqınlıqdır, bu, xəyanətdir. Liderin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi”.

Dövlət başçısı daha sonra deyib ki, AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər:

“O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi. Ona görə belə günə düşdü”.

Mirmahmud Mirəlioğlu xatırladıb ki, Azərbaycanın problemi 1992-1993-cü illərdə hakimiyyətdə olanlarda deyil. O bəyan edib ki, Azərbaycanın problemi Qarabağ məsələsidir, onu da mövcud iqtidar həll etməlidir ki, o da etmir:

“Problemlə bağlı köklü addımlar atmadığına görə Soçidə, Sumqayıtda, Bakıda, Aşqabadda, dünya mollalarının, Qoşulmamaq Hərəkatının tədbirlərində işi-gücü 1992-1993-cü il hakimiyyətini tənqid və təhqir etmək, aşağılamadıqdır. İlham Əliyev guya bununla özünü yüksəldir. Kökündə o dayanır ki, ciddi savadsızlığı var. Hətta bəzən şübhələnirsən ki, danışan Əliyevin özü deyil, oxşarıdır. Çünki adam bu cür danışmalı deyil. Ancaq məsələ ondadır ki, keçmişə güllə atanları gələcək topa tutacaq. Bu məsələlərin sonunda Heydər Əliyevin hakimiyyətə gəlməyi dayanır və bunların hamısı bir-biri ilə uzlaşmır”.

O qeyd edib ki, Elçibəy hakimiyyətinin və onun əleyhinə danışanların savadı, səviyyəsi və dünyadan xəbərləri yoxdur, ümumiyyətlə, dövlətçilik tarixini bilmirlər.

Mirmahmud Mirəlioğlu İlham Əliyevin son bir ayda 26 il əvvəlki hakimiyyət barədə sərt çıxışlarının səbəbini belə izah etdi:

“Bəlkə bununla bağlı xüsusi təlimat verən texnoloqları ona deyir ki, bu məsələnin üstünə getməklə gündəmdə qalacaq, həm də aktuallıq kəsb edən problemlər arxa plana keçəcək. Məsələ ondadır ki, AXC hakimiyyəti milli-demokratik hakimiyyət adlanır. Biz milli azadlığımıza qovuşmuş, müstəqilliyimizi qazanmışıq. Amma Heydər Əliyev və İlham Əliyev Azərbaycanın müstəqilliyi ilə bağlı heç bir xidməti olmayan adamlar sırasındadırlar və birincilərdəndir. Buna görə də çox narahatdır. Azərbaycandan Rusiya qoşunlarının çıxarılmasına, ərazimizin 52 faizinin işğaldan azad olunmasından narahatdılar. Nəhayət, xalqı və ölkəni təslimçi sülhə aparmaqda özlərinin alternativlərini bilirlər. Onu da anlayırlar ki, bu adamlar həyatda olmasalar da, qoyduqları izə görə Azərbaycan insanı o yolla gedəcək, istiqlaliyyətindən ötrü canıyla və qanıyla döyüşəcək”.

Əbülfəz Elçibəy 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin sədri, 1992-ci ildə Azərbaycanın prezidenti seçilib.

1993-cü ilin 4 iyun tarixində Gəncədə Surət Hüseynovun başladığı hərbi qiyam nəticəsində paytaxtı tərk edərək doğulduğu Ordubad rayonunun Kələki kəndinə gedib. 1997-ci ilin oktyabrında Bakıya qayıdıb. 2000-ci ildə Türkiyənin Gülhanə Hərbi Hospitalında vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 Noyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/i4kk8h

Ən çox baxılan