Mira Markoviç- ”Balkan qəssabı”nın ”ledi Maqbet”i

Serbiyanın Baş naziri Zoran Cinciçin qətlində əli var

Source: meydan.tv

Mira Markoviç – Serbiya və Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviçin arvadı, Yuqoslaviya Sol Partiyasının qurucusu və ilk sədri. 2005-cı ildə İnterpol xəttilə axtarışa verilib, 2006-cı ildə Rusiyadan siyasi mühacir status alıb. Rəsmi olaraq vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılır. Qeyri-rəsmi şübhələrə görəsə, Yuqoslaviya Milli Məclisinin sədri İvan Stamboliçin və Serbiyanın Baş naziri Zoran Cinciçin qətlində əli var.

Miranın atası Moma Markoviç İkinci dünya müharibəsində Yuqoslaviya partizan hərəkatında iştirak edib, o cümlədən, anası Vera Miletiç və xalası, İosif Titonun sevgilisi Davoryanka Paunoviç də. Miranın rəsmi bioqrafiyasında anasının almanlara əsir düşdüyü, ağır işgəncələrə məruz qaldığı və Banitsan əsir düşərgəsində öldürülüdüyü qeyd edilir (Amma Miranın nənəsi iddia edirmiş ki, Veranı gestapoya əri satıb). Bəzi mənbələrə görəsə, işgəncələrə dözməyən gənc qadın bildiyi hər şeyi almanlara danışıb, buna görə onu azad ediblər, sonradan satqınlığa görə Veranı özününkülər – Titonun partizanları öldürüblər.

Moma Markoviçin qızı Miradan da qurtulmaq istədiyi, körpəykən onu bir bulağa atdığı haqda da söyləntilər var – qızcığazı xilas edən nənə və babası ona məhz buna görə ona “Baka” (atılmış) ləqəbi veriblərmiş. Sonrakı illərdə onlar qızı atasına qaytarmaq istəyəndə o, “Bu bic mənə lazım deyil!” deyə qışqırıbmış. Müharibədən sonra Mamo Markoviç Serbiyanın nüfuzlu adamlarından biri, Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olub, amma 70-ci illərdə ölkənin bir nömrəli şəxsinə çevrilmiş qardaşı Draj Markoviçdən fərqli olaraq müəyyən müddətdən sonra mövqelərini itirib.

Mira da kommunist olub, ailə ənənəsinə sadiq qalıb. Vera kimi, o da həmişə saçına gül taxıb, səbəbini soruşan jurnalistlərə deyib ki, bunu erkən itirdiyi anasının xatirəsini yaşatmaq üçün edir. Sosiologiya üzrə təhsil alan “Baka” Belqrad Universitetinin professoru, Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru, Rusiya Elmlər Akademiyasının daimi üzvü olub. Nəzəri sosiologiya sahəsində iki dərslik, 100-ə qədər elmi iş yazıb, mətbuatda məqalələr dərc etdirib, “Cavab” və “Gecə və gündüz” kitabları rus, bolqar, ingilis, alman, alban, yunan, macar, rumın, türk, sloven, yapon dillərinə tərcümə edilib (Deyilənlərə görə, həm tərcümələr, həm də nəşrlər Miloşeviç rejiminə yaxın ciyasətçilər və biznesmenlər tərəfindən maliyyələşdirilirmiş).

Amma onun şah əsəri əriydi – Xorvatiyada, Bosniya və Hersoqovinada, Sloveniyada və Kosovoda 1989-1999-cu illər aralığında milyonlarla insanın qaçqın düşməsi, yüzminlərlə insanın öldürülməsiylə nəticələnmiş milli münaqişələrin müharibə həddinə çatmasında xüsusi rolu olan “Balkan qəssabı”.

****

Miloşeviçə böyük siyasətçi karyerasını birinci Mira planlaşdırmışdı. 1968-ci ildə rəfiqəsiylə birlikdə Zadar şəhərinə – orda hərbi xidmətdə olan Sloboya baş çəkməyə gedən “Baka” İosif Titonun (Yuqoslaviya Komunnstləri Liqasının baş katibi, İkinci dünya müharibəsi illərində partizan hərəkatının lideri, Yuqoslaviya Sosialist Federativ Resbublikasının ömürlük prezidenti, ali baş komandan) böyük portretini ona göstərib demişdi: “Gün gələcək, mənim Slobomun da hər yerdə şəkli olacaq”.

Onlar məktəb illərində tanış olmuşdular. Atası və üç əmisi Titonun kommunist hökumətində təmsil olunan, Yuqoslaviya elitasının gənc nümayəndəsi Mira Markoviç kasıb həmyaşıdlarına maddi yardım göstərməyi xoşlayır, oğlanlara kostyum, qızlara don, dostlarına velosiped, telefon bağışlayırdı. Slobodan ilk növbədə buna görə onun diqqətini çəkmişdi – kasıblığına və çəkingənliyinə görə. Evliliklərinin ilk illərində Mira onu ünsiyyət psixologiyasını öyrənməyə məcbur etmiş, Yuqoslaviyanın ən nüfuzlu adamlarını qonaq çağırıb Slobodanı onlarla tanış etməyə başlamışdı. Həmin ziyafətlərdə xanım özü danışır, Miloşeviç başını tərpədib onun dediklərini təsdiqləməklə kifayətlənirdi. Mira qonaqları inandırmağa çalışırdı ki, tezliklə əri öz qabiliyyətini nümayiş etdirəcək və onun “qızıl dövrü” başlayacaq.

Serbiyadakı qəzetlərdən birində çalışan jurnalist xanımın Miloşeviçlərlə bağlı maraqlı xatirəsi var: “Mira Markoviçdən müsahibə üçün razılıq almışdım. İşlədiyi universitetdə onu tapmadım, mənimçün ev telefonunun nömrəsini qoyub getmişdi. Nömrəni yığdım, dəstəyin o biri başında mitinq çıxışlarından çox yaxşı tanıdığım səs “Eşidirəm” dedi. Özümü itirdim, dilim dolaşa-dolaşa nə üçün zəng etdiyimi dedim. Səs xeyli yumşaldı və “Mira razılıq veribsə, mütləq vədinə əməl edəcək. Bir də zəng vurun, amma çox gec olmasın. O, işdə çox yorulur” dedi”.

Miloşeviçin ev halı barədə daha bir maraqlı informasiya var. Müəyyən dönəmdə Mira Markoviç ölkə rəhbərliyinin qeyri-rəsmi toplantılarını öz evində təşkil edirmiş. Siyasi Büronun səyyar iclasını xatırladan bu yığıncaqlarda əsasən ölkədaxili məsələlər müzakirə olunurmuş. Bir dəfə təzə nazirlərdən biri Miloşeviçi otaqda görməyib soruşur: “Bəs, yoldaş prezident hardadır?” Mira sakit səslə deyir: “Buterbordları hazırlayıb gələcək. Fikriniz burda olsun”.

Bahalı idman avtomobilləri həvəskarı olan Marko Miloçeviçin atası haqqında dediklərindən belə məlum olur ki, “Balkan qəssabı” övladlarıyla da yumşaq davranırmış: “Atam heç vaxt məni tənbehləmir. İlk iki maşını əzəndə danlamışdı, sonrakı 10-una heç nə demədi”. Balkanlarda “Madonna” adlı ən böyük əyləncə mərkəzinın sahibi olan bu gənc Yuqoslaviyaya NATO bombardmanları başlayandan (1999) cəmi bir gün sonra Pojarevatsda (Miloşeviçin məmləkətində) “Disneylend”in Serbiya variantını – “Bambilend”i açanda da Miloşeviç etiraz etməmiş, oğlunun ilkin kapitalının mənbəyi haqqında suala ciddi-ciddi belə cavab vermişdi: “Mağazada meyvə yeşikləri daşıyaraq qazandığı puldur”.

Amma onu böyük cinayətlərə sürükləyən əsas səbəb uşaqlarına yox, arvadına qarşı zəifliyi olmuşdu – Böyük Serbiya ideyasına Slobodan daha çox Mira sayəsində “yoluxmuşdu”.

****

Yuqoslaviyada hadisələrin mümkün inkişafını proqnozlaşdırmaq üçün vaxtilə Slobodan Miloşeviçin psixoloji portretini hazırlatdıran Amerika Dövlət Departamenti əslində onun yox, arvadının psixologiyasını öyrənməliydi, çünki Mira Markoviç ərinin “alter ego”su – ikinci “mən”iydi və az qala bütün situasiyalarda onu idarə edirdi.

Miloşeviçin rəsmi bioqrafiyasında qeyd olunur ki, sinif yoldaşları onun ən yaxşı halda dəmiryol stansiyasınını rəisi olacağına inanırmışlar. Serbiyada bu gün də çoxu hesab edir ki, Slobonun prezidentlik səviyyəsinə qədər yüksələ bilməsi daha çox arvadının xidmətidir.

1986-cı ildə tələbəlik dostu İvan Stamboliçin dəstəyilə Serbiya Kommunist Partiyasının sədri seçilən, bir il sonra Kosovoya gedib serblərə “Sizə heç kim toxuna bilməz!” deyəndən sonra milli qəhrəmana çevrilən Miloşeviç buna görə də Miraya borcluydu, çünki milliyyətçilik toxumlarını Slobodanın beynində məhz onun “ledi Maqbeti” cücərtmişdi. Üstəlik, mister Maqbet kimi, az sonra o da “krala” qarşı çıxmışdı – 1987-ci ildə həm hökumət, həm də Stamboliç Serbiya Elmlər Akademiyasının Kosovoda serblərə qarşı milli-ayrı seçkiliklə bağlı memorandumunu kəskin pisləyib bunu milliyyətçiliyin qızışdırılması kimi qiymətləndirəndə Miloşeviç öz tərəfdarlarını onun əleyhinə qaldırmış, Stamboliçi istefa verməyə məcbur etmişdi (2000-ci ildə – növbəti prezident seçkisi ərəfəsində Stamboliç qəflətən yoxa çıxmış, onun 8 zabit tərəfindən öldürüldüyünü, sui-qəsd əmrini isə Miloşeviçin verdiyini polis 3 il sonra aşkara çıxarmışdı).

****

“Hamı Miloşeviç haqqında danışır, onun nə düşündüyünü, nə deyəcəyini, hansı addımı atacağını bilmək istəyir. Halbuki hər kəs bunu soruşmalıdır: filan məsələ haqqında Miranın fikri nədir? Çünki bu qadının ərinə təsiri hədsiz dərəcədə böyükdür. Mira ondan çox-çox güclüdür. Miloçeviçə yüksək siyasi karyera təşkil edən də odur. Kimi vəzifədən atmaq, kimi təyin etmək məsələlərini də Mira həll edir” – ailəni yaxından tanıyan adamlardan biri adının çəkilməməsi şərtilə jurnalistlərdən birinə belə demişdi.

Miloşeviçin yaxın gələcəkdə hansı addımlar atacağını, kimin haqqında nə qərar çıxaracağını öyrənmək üçün Mira Markoviçin “Duqa” jurnalında dərc edilən məqalələrini oxumaq kifayət edirdi. Əcnəbi diplomatlar və jurnalistlər, o cümlədən yerli siyasətçilər arasında məhz Miranın məqalələrinə görə çox populyar olan bu jurnal dərc olunan kimi satılıb qurtarırdı. Belqrad ziyalıları onun rubrikasını ironiyayala “Orakul” adlandırırdılar – onun bu gün yazdıqlarını Miloşeviç bir-iki ay sonra birə-bir yerinə yetirirdi. Yaxın gələcəkdə kimə cəza, kimə mükafat, kiməsə “özünü yığışdır” xəbərdarlığı veriləcəyini “Baka” xeyli əvvəldən yazıb konspektləşdirirdi. Onun məqalələri hakimiyyətin addımları barədə yeganə informasiya mənbəyi idi.

****

Bu balacaboylu sərt qadın konservativ kommunizmin bayraqdarı roluna girib özünü Titonun davamçısı elan etmişdi. Onun 1994-cü ildə yaratdığı Yuqoslaviya Sol Partiyası (YSP) adamların keyfiyyətlilik dərəcəsini yoxlayan məhək daşına çevrilmişdi. Karyera qurmaq istəyən hər kəs təşkilatın süzgəcindən keçməli, onun sınaqlarına tab gətirməliydi – bu sınaqlar Ailəyə yüksək səviyyəli xidmət təmin etmək üçünüydü. YSP dövlət içində mafiya yox, bütöv bir dövləti inhisarına almış mafiyaydı.

Mira Markoviçin hər kəlməsi qanun gücündəydi – Ali Məhkəmənin hökmü kimi, onun qərarları da apelyasiyaya məruz qala bilməzdi. Serbiya ordusunun Kosovoya girməsinə mane olan Yuqoslaviyanın baş qərargah rəisi Momçilo Persiç məhz onun tələbiylə vəzifəsindən kənarlaşdırılmışdı. Məşhur jurnalist Slavko Kuruvijanı isə daha ağır cəzalandırmışdılar – Miloşeviç və arvadının müharibə siyasətini tənqid edən məqaləsinə görə onu öldürmüşdülər…

Amma bütün səylərə baxmayaraq serb millətçiliyi və “qarışıq sosializm” siyasəti iflasa uğramaqdaydı: dövlət büdcəsinin gəlirləri azalmış, yoxsulluq və işsizlik artmışdı. Belə durumda narazıları susdurub hakimiyyətdə qalmağın yeganə yolu azadlıqları məhdudlaşdırmaq, ölkədə avtoritar idarəçilək tətbiq etməkdi. Müharibə halkimiyyətə bu fürsəti yaradan ən ciddi bəhanəydi. Ona görə də hakim ailə onu taleyin hədiyyəsi kimi qəbul edib “Yaşasın müharibə!” ruhlu siyasət yürütməyə başlayır.

Bu haqda düşünmək və fikir izhar etmək hüququ yalnız “Baka”ya məxsusuydu. NATO-yla müharibənin vacibliyini əsaslandıran tezisləri məhz o işləyib hazırlayır və qızı Mariyanın televiziyası, o cümlədən, “Politika” və “Politika ekspress” qəzetləri vasitəsilə bütün ölkəyə tirajlayırdı.

Birləşmiş Balkan Dövlətləri ideyasının əsas təbliğatçısı da Mira Markoviçiydi. Onun planına görə, Xorvatiyadan tutmuş Bolqarıstana qədər bütün Balkan dövlətləri serblərin hegemonluğu altında ya ittifaq dövlətində, ya da federasiya halında birləşməliydilər. Bu planın detallarını “Baka” 1992-94-cü illərdə qələmə aldığı gündəliyində də qeyd etmişdi.

“Xalqın “imperializmə” qarşı mübarizəsi, “sülh və əmin-amanlıq”, “əzilənlərlə həmrəylik”, “genosid”, “Amerika hegemonluğu”, “imperalizmə xidmət edən xəyanətkarlar”, “Varşava hərbi müqaviləsinin bərpası” – o dönəmlərdə aramsız təbliğ edilən bu fırtına kimi şiddətli ideya və ifadələrin müəllifi də Mira Markoviç idi. Amma gündəliyində o, müharibə zərurətini sadəcə xalqlar dostluğu tezisiylə əsaslandırmışdı:



''BALKAN BİRLƏŞMİŞ ŞTATLARI''

Müharibənin ilk günlərindən Yuqoslaviya xalqları digər xalqlarla ittifaq planları qururdular. Balkan xalqlarının bu mümkün qardaşlığı milli münasibətlərdəki gərginliyi azaldar, hərbi toqquşmaları yox edərdi. Xalqlar arasındakı “ən qədim, ən güclü, ən ağıllı” mübahisələrinə bəlkə ancaq bu yolla son vermək olardı. Belə birliyin yaradacağı beynəlxalq imic bizə imkan verərdi ki, dünya dövlətlərindən və Avropadan bizim suverenitetimizin və siyasi statusumuzun tanınmasını tələb edək”.

****

YSP-nin 1999-cu ilin mart ayında keçirilən qurultayında Mira Markoviç Yuqoslaviyanı müharibəyə sürükləyən mövqe sərgiləməkdə davam edir, “Mən vətənimçün həyatımı qurban verməyə hazıram! Biz hinduların taleyini yaşamayacağıq!” deyə silahdaşlarını NATO-yla qarşıdurmaya ruhlandırır. Belqradlıların “yekə..tlər” adlandırdığı YSP-çilər burunlarının ucuna gəlib çıxmış müharibəni hakimiyyətin təbliğatına çevirmək imkanı verən motivasiyanı sevinclə qarşılayırlar, yeni ideologiyanı “yumaq” üçün bombardmandan bir gün əvvəl bahalı restoranlardan birinə yığışırlar. Xalq onları sevməməkdə haqlıydı, çünki Miloşeviçin rəhbərliyi dönəmində hakimiyyətin yuxarı eşalonlarında hər hansı ideologiyadan uzaq, dövlət nəzəriyyəsindən heç nə anlamayan dayaz, amma çox tamahkar adamlar təmsil olunmuşdular.

Mira Markoviç Titonun ritorikasını “qəbirdən” çıxarıb sərt nizam-intizam və qayda-qanunu ləyaqət simvolu elan edir, serblər və Serbiya qarşısında yeni hədəf müəyyənləşdirir – bəyan edir ki, allah bütün slavyan xalqlarının xilası missiyasını serblərin üzərinə qoyub. Bu mistik təbliğat fonunda – NATO raketləri Yuqoslaviya torpağında partlayan günlərdə Miloşeviç Yuqoslaviyanın Məğlubedilməz Atası kimi qəbul edilməyə başlayır. Yuqoslaviyanın Vətənpərvərlər İttifaqı onu Millətin Qəhrəmanı – “mərdlik və birlik sinonimi, faşizm və imperializm üzərində qələbənin qarantı” adlandırmağı təklif edir.

Amma bu epitetlər Yuqoslaviyanı xilas edə bilmir, müharibə məğlubiyyətlə başa çatır. Miloşeviçə qarşı hələ 1991-ci ildən başlayan vətəndaş müqaviməti hərəkatı onun Yuqoslaviya prezidentliyinin birinci dönəminin sonunda (2000) pik nöqtəyə yüksəlir (daha əvvəl o, iki dəfə – 1989 və 1997-ci illərdə Serbiya prezidenti seçilmişdi). Həmin ilin yayında prezidentlik müddətinin iki dəfəyə qədər artırılması və prezidentin ümumxalq səsverməsi yoluyla seçilməsi barədə konstitusiyaya dəyişikliklərindən sonra parlamentin federal palatası və yerli seçkilkərlə eyni günə növbədənkənar prezident seçkiləri keçirilmiş, iki aya yaxın davam edən təbliğat kampaniyası dövlətə xəyanət ittihamları, müstəqil KİV-in qapadılması və hətta qətl hadisələriylə müşayət olunmuşdu. İvan Stamboliçdən başqa, Miloşeviçin daha iki keçmiş silahdaşı – əfsanəvi səhra komandiri Jelko Raznatoviç və daxili işlər naziri Pavel Bulatoviç qətlə yetirilmişdilər. Seçki Komisiyyası səsvermənin nəticələrini saxtalaşdırdığı üçün müxalifət hökuməti devirmək çağırışıyla əhalini dinc etiraz aksiyalarana səsləmişdi. Mira və Slobodan xalqın qəzəbindən qorxub bir zamanlar Titoya məxsus olan şəxsi malikanələrində – Belqradın ən gözəl binasında gizlənmişdilər. Övladları psixoloji sarsıntı keçirmişdilər – Marko gözünə görünən xəyali düşmənlərə atəş açmış, Mariya sərxoş vəziyyətdə polisləri yumruqlamışdı (2000-ci ildə "Müqavimət" tələbə təşkilatının üzvünü elektrik mişarıyla öldürmək cəhdində günahlandırılan Marko hazırda siyasi mühacir statusuyla Rusiyada yaşayır. Mariya isə 1 aprel 2001-ci ildə – atası həbs olunan gün Demokrat Partiyasının üzvü Çedomir Yovanoviçə atəş açmaqda günahlandırılıb, amma sonradan cinayət işi ləğv edilib, hazırda o, Çernoqoriyada yaşayır).

****

Yuqoslaviyanın bütün böyük şəhərlərini bürüyən etiraz hərəkatı artan xətlə inkişaf edərək kulminasiya nöqtəsinə çatır. Binalardan birinin təkərli yükləyicinin akkumulyatoru vasitəsilə işıqlandırılmasına görə “buldozer inqilabı” adlandırılan, iki nəfərin ölümünə səbəb olan (biri ürək tutmasından, digəri yük maşınının zərbəsi nəticəsində) prosesin sonunda Miloşeviç istefa verir. Yuqoslaviyanı serbləşdirmək ideyası və yeni dövrün Titosu olmaq xülyası ona baha başa gəlir – bir il sonra həbs olunub Haaqa tribunalına təhvil verilir, 2006-cı ildə təcridxanada ürək tutmasından vəfat edir.

2018-ci ilin yayında – mənzillərdən birinin nəvəsinə verilməsi üçün komissiya üzvlərinə təzyiq etməsilə bağlı cinayət işi açılandan 15 il sonra Serbiya Ali Məhkəməsi Mira Markoviçi dövlət mənzillərini qeyri-qanuni bölüşdürülməsi (2000) ittihamıyla bir illik həbs cəzasına məhkum edir . Rusiya Baş Prokurorluğu onun siyasi mühacir statusuna sahib olduğunu, buna görə də ölkəsinə təhvil verilməyəcəyini açıqlayır.

Ana səhifəXəbərlərMira Markoviç- ”Balkan qəssabı”nın ”ledi Maqbet”i