Deportasiya olunanların arasında siyasi fəal da var
Martın 29-da 38 nəfər Azərbaycan vətəndaşı Almaniyadan Bakıya qaytarılıb.
Bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
Bildirilib ki, Azərbaycan vətəndaşlarının geri qaytarılma prosesi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.
DMX geri qaytarılan şəxslərin kimliyi barəsində məlumat verməyib.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Almaniyadan deportasiya olunanlar arasında siyasi fəallığı ilə seçilən mühacir Samir Aşurov da var.
Bundan əvvəl fevralın 15-də Avropa ölkələrindən 42 mühacir Azərbaycana deportasiya olunmuşdu. Onların 39 nəfəri Almaniyadan, 3-ü Avstriyadan idi.
Xaricdə Azərbaycan hökuməti əleyhinə aksiyalarda iştirak edən, fəallıq göstərən azərbaycanlılar ölkəyə döndükdən sonra müxtəlif maddələrlə həbs edilirlər. Ötən il deportasiya olunanlardan siyasi fəallar Malik Rzayevə və Mütəllim Orucova Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.
Onlara bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
2021-ci ilin sentyabrın 14-də Almaniyadan deport olunanlar arasında jurnalist Röya Rəfiyeva da olub.
2017-ci ildə Azərbaycandan gedən jurnalist Röya Rəfiyeva və 3 övladına Almaniya hökuməti yaşamaq icazəsi verməkdən imtina edib.
2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında” Saziş imzalanıb.