On minlərlə etirazçı günortadan sonra şarlar, çiçəklər və bayraqlarla paytaxt Minskin mərkəzinə axışıb
Belaruslar bazar günü Prezident Aleksandr Lukaşenkonun iqamətgahı yaxınlığında qırmızı-ağ rəngli müxalifət bayraqlarını dalğalandıraraq “Doğum günün mübarək, siçovul” şüarları səsləndirib, – “Reuters” xəbər verir.
İyirmi altı ildir prezident postunda olan Lukaşenko etirazların intensivləşməsinə baxmayaraq istefaya getməyib. Rusiyanın RİA xəbər agentliyinin yayımladığı fotoşəkildə üst-üstə ikinci həftəsonu iqamətgahında gəzərkən Lukaşenko qara papaqda tüfəngi ilə görüntülənib.
Bazar günü 66 yaşına girmiş Lukaşenko 9 avqust seçkilərində rəqiblərini saxta səslərlə məğlubiyyətə uğratdıqdan sonra həftələrdir davam edən etiraz və tətillərə dirənir. O, seçki saxtakarlığını rədd edir və “siçovullar” adlandırdığı etirazçıların xaricdən dəstəkləndiyini qeyd edir.
Rusiya Prezidenti Vladimir Putin Lukaşenkonu ad günü münasibətilə telefon danışığı zamanı təbrik edib və onu Moskvaya dəvət edib. Bununla Putin Kremlin Lukaşenkonu iğtişaşlar və yeni Qərb sanksiyaları təhlükəsi ilə qarşılaşdığı bir zamanda dəstəkləməyə hazır olduğunu göstərir, – “Reuters” qeyd edib.
On minlərlə etirazçı günortadan sonra şarlar, çiçəklər və bayraqlarla paytaxt Minskin mərkəzinə axışıb. 1990-cı illərin əvvəllərində Belarusda qısa müddət ərzində ağ-qırmızı-ağ rəngli bayraq istifadə edilib. Hazırda bu bayraq hökumət əleyhinə etirazların simvoluna çevrilib.
Yoldan keçən maşınlar həmrəylik nümayiş etdirərək siqnal veriblər. Bəzi qadınlar dəbilqəli təhlükəsizlik qüvvələrinin qarşısında etiraz əlaməti olaraq uzanıblar.
Etirazçılar Lukaşenkonun iqamətgahına doğru hərəkət edərkən zirehli hərbi maşınların şəhər mərkəzinə doğru hərəkəti qeydə alınıb.
Polis gün ərzində insanları məhbus mikroavtobuslarına dolduraraq həbs edib. Daxili İşlər Nazirliyindən RİA-ya verilən məlumata görə, ən azı 140 nəfər saxlanılıb.