“Güman ki, həmsədrlər fəallıqlarını artırmaq və sentyabr görüşündə danışıqların yeni formulasını tapmaq istəyirlər”
“Prezidentləri zorakılığın çoxalmasından uzaq durmağa, habelə atəşkəs rejiminin qorunub saxlanması üçün bütün tədbirləri görməyə çağırırıq”
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin və Ermənistan və Azərbaycan prezidentləri ilə görüşlərinin yekunlarına dair press-reliz yayıblar.
“Yerevana və Bakıya səfər zamanı yüksək səviyyədə görüşlər və danışıqlar keçirilib, hər bir prezidentlə Dağlıq Qarabağ münaqişəsinin yekun həlli üçün danışıqların irəli çəkilməsi üzrə son təkliflər müzakirə olunub.
Prezidentlərin bu ilin sonuna qədər görüş keçirməyə hazır olmasını alqışlayırıq, onlar öz xarici işlər nazirlərinə görüşün gündəliyinin hazırlanması üçün Minsk Qrupunun həmsədrləri ilə işi davam etdirmək göstərişi veriblər.
Biz həmçinin cəbhə xəttində son aylar hər iki ölkədə böyük beynəlxalq hadisələrlə eyni vaxta təsadüf edən nisbi sakitliyi alqışlayırıq.
Lakin biz hazırda gərginliyin artmasından narahatıq və prezidentləri zorakılığın çoxalmasından uzaq durmağa, habelə atəşkəs rejiminin qorunub saxlanması üçün bütün tədbirləri görməyə çağırırıq.
Prezidentlər Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər üzrə məlumat mübadiləsinə hazır olduqlarını təkrar ediblər”, deyə press-relizdə bildirilir (“Turan” İA).
Açıqlamada “Hər bir prezidentlə Dağlıq Qarabağ münaqişəsinin yekun həlli üçün danışıqların irəli çəkilməsi üzrə son təkliflər müzakirə olunub” fikrini Meydan TV-yə şərh edən siyasi şərhçi İlqar Vəlizadə birmənalı mülahizə yürütməyin çətin olduğunu dedi: “Təxminən ötən ilin sonunda sentyabrda prezidentlərin görüşməsi razılaşdırılmışdı. Hətta görüşün BMT-nin assambleyasının açılışında olması da vurğulanmışdı. Artıq sentyabr yaxınlaşır, hətta xarici KİV-də ABŞ prezidenti Barak Obamanıən 2 prezidentin görüşünə qatılacağı və moderator rolunu oynayacağı da deyilmişdi. Necə ki, Rusiya prezidenti belə roil oynamışdı”.
Son təkliflər fikrinə gəlincə, İlqar Vəlizadə bu məsələdə çox müəmmalı məqamların olduğunu düşünür: “Ümumiyyətlə, son vaxtlar nə həmsədrlər, nə də tərəflər danışıqların predmeti ilə bağlı yeni təklif səsləndirməyib. Ötən ilin sonunda tərəflərin struktur danışıqlarına getməsi təklifi irəli sürülmüş və danışıqların bu çərçivədə aparılması ortaya qoyulmuşdu. Amma həmsədrlərin son səfərlərində bu barədə heç bir söhbət olmadı. Ona görə də təkanverici addımlar gözləmək çətindir, heç ümid gətirən bəyanatlar da yoxdur. Güman ki, həmsədrlər fəallıqlarını artırmaq və sentyabr görüşündə danışıqların yeni formulasını tapmaq istəyirlər”.