XİN: ”Razılıq əldə olunub ki, prezident seçkilərindən sonra intensiv danışıqlar davam etdirilsin”
Fevralın 7-də ölkə başçısı İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, həmsədrlərin Bakı səfərində Krakov görüşündə irəli sürülən fikirlər əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb.
“Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin. İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır”, deyə XİN-in məlumatında belə qeyd olunub.
Bu il, yanvarın 18-də Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş keçirilib.
Görüşdə həmsədrlər (Rusiya – İqor Popov, Fransa – Stefan Viskonti və ABŞ – Endryu Şofer) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Həmin görüşü Meydan TV-yə şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, o, Krakov görüşünə pessimist və skeptik
yanaşır
.
Sabiq nazir deyib ki, danışıqlarda irəliləyiş olması üçün Ermənistana beynəlxalq ictimaiyyət və yaxud Azərbaycan təzyiqlər göstərməlidir:
“Rəsmi Bakı öz hüquqlarından istifadə edib işğalçıya hərbi-diplomatik vasitələrlə təzyiq etməlidir. Ermənistana bu münasibət göstərilməsə, onların mövqeyinin dəyişəcəyinə inanmıram. Ona görə tərəflərin görüşlərinə pessimist baxıram və danışıqların imitasiyası davam edir”.