“Bölgədə gərginliyin azalması istiqamətində konkret addımlar atmalıdır”
ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan-Ermənistan sərhədində son günlər baş verənlərdən narahatlıq ifadə edən bəyanat yayıb.
Noyabrın 15-də açıqlanan bəyanatı ABŞ-dan Endrü Şofer, Rusiyadan İqor Xovayev, Fransadan isə Bris Rokfey imzalayıb:
“Regionda – Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə görə narahatıq. Tərəflər bölgədə gərginliyin azalması istiqamətində konkret addımlar atmalıdır”.
Həmsədrlər həmçinin Azərbaycan və Ermənistanı qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə, 9 noyabr bəyanatı və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarına əsasən götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.
Bəyanatda deyilir ki, gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün qalan məsələlərin danışıqlar yoluyla, hərtərəfli və davamlı həllinə ehtiyac olduğunu göstərir.
Həmsədrlər tərəfləri iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda və Minskdə Minsk qrupunun vasitəçiliyi ilə keçirilmiş görüşlərində əldə olunmuş proqresə əsaslanaraq, regionda təhlükəsizlik, sabitlik və rifah naminə birbaşa dialoqu davam etdirməyə çağırırlar.
Son günlər tərəflər Azərbaycan-Ermənistan sərhədində gərginlik olması barədə açıqlamalar yayır. Bir-birlərini atəşkəsi pozmaqda, provokasiyada ittiham edirlər.
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 15-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sərhədin şərq hissəsində Ermənistan ərazisinə girdiyini bildirib.
O əlavə edib ki, danışıqlar nəticəsində Azərbaycan hərbçiləri, eləcə də Ermənistan silahlı qüvvələri həmin ərazilərdən çıxarılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi isə “Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundakı Azərbaycan ordusunun mövqelərini atəşə tutması, iki dövlətin sərhədinin Laçın rayonu istiqamətində cəmlənərək növbəti təxribata hazırlığına cavab olaraq” müvafiq tədbirlərin həyata keçirildiyini açıqlayıb.
Noyabrın 16-da isə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozduğunu, nəticədə 2 hərbçisinin yaralandığını bildirib.
“Əks həmlə əməliyyatı ilə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, qüvvə və vasitələrinə zərər vurulub. Erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib”, – deyə məlumatda bildirilir.
Ermənistan tərəfi hələlik atəşkəsin pozulması ilə bağlı Azərbaycan tərəfin ittihamlarını cavablandırmayıb.
Ancaq ən son açıqlanan məlumatda bildirilir ki, Azərbaycanın Qafan-Çakaten yolunu bağlaması səbəbindən Qafan bölgəsinə məxsus 6 kəndin mərkəzlə olan birbaşa əlaqəsi kəsilib. Nəticədə yolları 150 kilometr uzanıb.
2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlayıb.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında döyüşlərin dayandırılması ilə bağlı atəşkəs razılaşması imzalanıb.
Bununla Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.