Mənbə: google

Minsk qruplaşması

Məqalə yeniləndi:  7 Oktyabr 2020

Sülhyaratma, yoxsa canqurtaranlıq?

Minsk Qrupu həmsədri olan ölkələrin ( ABŞ, Rusiya, Fransa) Xarici işlər nazirlərinin sonuncu birgə bəyanatı maraqlı oldu. Ona görə yox ki, bu bəyanatda yeni bir şey vardı. Məhz ona görə maraqlı idi ki, orada yeni heç nə yoxdur. İtkilər, dağıntılar, mülki obyektlərin, dinc insanların bombalanmasına dair hər hansı çəkindirici xatırlatma belə olmadan tərəfləri dayanmağa çağırmaq cəhdi həm də sülhdən daha çox canqurtaranlıq missiyasını xatırladır. Deyə bilərsiniz ki, həmsədrlər bundan əvvəlki çağırışlarından fərqli olaraq bu dəfə bir az daha ədalətli olmağa cəhd ediblər. Amma yarımçıq ədalət anlayışı ədalətsizliyə bərabər deyilmi? Siz həqiqəti tam deyə bilmirsinizsə, deməli, yalan deyirsiniz. O başqa məsələdir ki, yalanı hansı səviyyədə deyirsiz. Bu mənada yeni çağırışı yeni vəziyyət yaratmaq üçün kifayət görünmür.

Paşinyanın telefon bombardımanı

Yayılan xəbər və görüntülərdən aydın olur ki, Azərbaycan silahlı qüvvələrinin Xankəndindəki hərbi obyektləri vurmasından sonra Paşinyan dünya liderlərinə və beynəlxalq birliyin nümayəndələrinə durmadan telefon zəngi edir. Onun erməni xalqına müraciətinin ikinci hissəsi ilə bu telefon danışıqlarının mətni bir-birini tutmamaqda davam edir. Paşinyan xalqa “erməni xalqının qəhrəmanlığından” danışırsa, dünya liderlərinə Azərbaycan və Türkiyə dayandırılmasa, Vyanaya qədər gedəcəklərini deyir. Bu eyforiyadırmı? Əlbəttə, həm də isterikadır. Amma bu bəyanlardan sonra Gəncə və Mingəçevir kimi şəhərləri atəşə turmaq həm də aqoniyadır. Bu cür davranışlar bir mənada tələ xarakteri daşıyır. Məsələn, Azərbaycan dövlət başçısı bir müsahibəsində Azərbaycanın şəhərlərinə atəş açan hər bir nöqtənin Azərbaycan üçün qanuni- legitim hədəf olduğunu deyir. Bu, təbii ki, belədir və Azərbaycan öz mülki əhalisini qorumalıdır. Amma Ermənistanın əsas məqsədi münaqişəni öz sərhədləri daxilinə çəkməklə hərbi blokda olan ölkələri, ya da konkret ölkəni bu prosesə qatmaqdır. Söhbət təbii ki, Rusiyadan gedir. Moskva bu işə qol qoyarmı? Əlbəttə, bu barədə konkret danışmaq çətindir. Çünki Rusiya bu münaqişədə tərəf olsa, vasitəçi olmaq imkanını itirəcək. İndi dünya 30 il əvvəlki dünya deyil. Putin Ermənistanın yanında sülhyaradıcılar üçün tərəf olmaqdansa, sülhyaradıcıların içində olmağı seçər. Çünki Rusiya burada münaqişə tərəfi olsa, deməli, regionda sabitliyin qarantı olan güc mərkəzi statusunu itirir. Bu faktiki olmayan, amma rəsmi belə görünən statusu itirmək Kreml üçün ciddi itki ola bilər. Ona görə də Rusiya onsuz üzünü başqa tərəfə çevirmiş Paşinyan üçün riskə getmək istəməz. Bəs Ermənistan üçün? Bu, artıq yeni sual yaradır. Ermənistan bundan sonra müharibə istəyəcək, ya sülh? Müharibə istəyəcəkmi? Əgər bu sualın cavabı pozitiv olarsa, Rusiya üçün işıq görünə bilər. Hazırda isə məğlub Ermənistan toplumu bir an öncə silahların dayanmasını və onlara lazım olmayan müharibənin bitməsini, onların olmayan torpaqlar uğrunda ölümlərin sona çatmasını istəyir. Rusiya isə bu istək üçün ancaq və ancaq ABŞ və Fransaya qoşulub çağırış edə bilir. Ermənilər müharibə istəsəydilər, Sarkisyana qarşı Paşinyanı dəstəkləmələri məntiqsizlik olardı. Paşinyan isə göründüyü kimi özünün missiyasını məntiqin konyunksional riyazi mahiyyətinə uyğunlaşdıra bilmədi. Ona görə də, o, indi nə Rusiyanın dəstəklədiyi hərb, nə də Qərbin dəstəklədiyi sülh adamıdır.

Fransa sülh istəyir, ya Paşinyanı xilas etmək?

Paşinyanın ardıcıl olaraq Makrona üz tutması Kremli özündən çıxarır. Açıq görünür, Paşinyanın xilası Makronda axtarması Putini qıcıqlandırıb və o düşünür ki, Paşinyan başını götürüb qaçmaq qərarını verənədək susmalıdır. Makron isə Azərbaycan və Ermənistan arasındakı konfilikt zəminində Türkiyəyə qəzəb ifadə etməklə onu göstərdi ki, o, sülh istəmir. Sadəcə, Paşinyanın xilasını istəyir. Paşinyan ona təkcə Ermənistanı sevdiyi üçün deyil, həm də dünyada ona ehtiyac duyan yeganə dövlət başçısı kimi lazımdır. Əslində bu situasiya Fransa üçün daha arzuolunmaz imic yaratdı, nəinki Paşinyana kömək etdi. Makron bununla Minsk Qrupunun da üstündən çarpaz çizgilər atmağa başladı. Baxaq yeni vəziyyət bu çizgilərə hansı rəngləri verəcək.

ABŞ və...

ABŞ “Suriyadan gələn cihatçılar” iddiasına Pompeo səviyyəsində reaksiya verməklə vəziyyətdən tam xəbərdar olduqlarına eyham vurdu. Həm də dünyaya göstərdi ki, Makronla eyni mövqeni bölüşmür. Bu zaman o həm də elə təmkin nümayiş etdirir ki, Kreml də bu davranışın təsir dairəsindən çıxmaqdan çəkinir. Yəni Vaşinqton məsələyə etinasız deyil, onu diqqətlə izləyir, amma birbaşa müdaxiləni zəruri saymır. Bu zaman Rusiya da eyni davranışı sərgiləmək məcburiyyətində qalır, çünki Vaşinqtonla sinxronluğun pozulması Rusiyanı da qərəzli göstərmək üçün kifayət edər. ABŞ bir NATO ölkəsidir. Münaqişədə siyasi baxımdan fəal iştirak edən dövlət də NATO-nun ən önəmli ölkəsidir. Bu isə reallıqların başqa üzünün də olduğunu deməyə əsas verir...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  7 Oktyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rqb0ow

Ən çox baxılan