Minillik zülm 4 gündə

Qadınların minillik mübarizəsi və onun parlaq nəticələri insanlığın təntənəsidir.

Source:

Dördcə gün iş vaxtı Atilla (14 aylıq oğlum) mənim ixtiyarımda oldu. Yoldaşım işləyir. Qohum, dayə və s. variantlar bu həftə alınmadı. Özüm baxası oldum. Sakit də uşaqdır. Multfilminə baxır, yeyir, özü üçün oynayır, bu müddət ərzində 2 dəfə yatır, söz deyirsən, başa düşür, nə isə istəyəndə adətən əvvəlcə sakitcə istəyir, paltar asıb eləyəndə kömək eləyir və s. Yəni belə əziyyətli uşaq deyil.

Amma bu 4 gündə ciddi bir işlə məşğul ola bilmədim. Hər an nəzarət eləməliyəm deyə, hansısa işə girişə bilmirdim. Tez-tez fikrim yayınmalı olurdu, ümumiyyətlə, fikri toplamaq da olmur. Dincəlmək üçün uşaq yatanda ya yatmalı olurdum, ya da xırda-para ev işlərindən görməli olurdum ki, uşaq duranda yenə məşğul edəcək məni.

Həftənin tez bitməyini arzu edə-edə keçirdim bu 4 günü. Arzu edərkən, fikirləşdim ki, qadınlar əsrlər, yox e, min illərdir bu işi görürlər. Kişi gedir, işləyir, qadın evdə uşağa baxır. Ciddi, ağıl, diqqət tələb edən işlə məşğul ola bilmir. Günü məişət qayğıları ilə başlayıb, eləcə də başa çatır (Hələ bunu eləyə-eləyə işləyən qadınlar da var, o da bir başqa zülmdür).

Cəmiyyət olaraq, sən qadına düşünməyə, ciddi iş görməyə, elmlə, mütaliə ilə məşğul olmağa imkan vermə, onu uşaq, ev – məişət qayğıları ilə yüklə, sonra da de ki, niyə qadın siyasətçi azdır, niyə qadın iqtisadçı azdır, niyə qadın milyonçu azdır, niyə qadın çox danışır, niyə qadın qışqırır, niyə qadın… niyə qadın… və niyə qadın çıxıb gedir. Mən 4 gün zorla dözdüm. Bir ömür boyu buna dözmək insan işi deyil. Bunu şüursuz, yalnız instinktlə idarə olunan canlılar edə bilər.

Həm də bu, tək bizim ölkənin problemi deyil. Bütün dünya bu gündədir. Ona görə də qadınların ictimai, siyasi, sosial həyatda iştirakı hətta gender bərabərliyi hüquqi cəhətdən təmin olunmuş ölkələrdə də kişilərin iştirakından geri qalır. Çünki bu həyat tərzi min illərdir, davam edir. Ömrü boyu inkişaf edə bilməyən, uşağına, ailəsinə, evinə baxan qadın qızlarını belə öyrədir. O qızlar da belə edirlər, onların da qızları, onların da qızları… Və bu, matriarxat dağılandan indiyə kimi belə gəlib, belə gedir.

Bu minillik nəhəng təzyiqin altında irəli gedən, inkişaf edə bilən, elmdə, siyasətdə və s. sahələrdə sözünü demiş qadınlar olub, var. Nə böyük iradə, nə böyük uğur… Mən 4 günə 1 sətir oxuya bilmədim. Adamlar ömür boyu bu 4 gündən daha ağırını (çünki qadınlar uşağa adətən 24 saat baxır, mənim kimi 8-9 saat yox) təkrar-təkrar yaşayaraq, kitablar yazıblar, təşkilatlar qurublar, atomu parçalayıblar…

Bu, insanın mahiyyətidir – azadlığa, inkişafa can atmaq. Qadınların minillik mübarizəsi və onun parlaq nəticələri insanlığın təntənəsidir. İnkişaf, ədalət istəyiriksə, məişət işləri bölünməlidir, yük olmamalıdır. Harari insanın sosiallaşaraq, heyvanlar aləmindən uzaqlaşmasının əsas səbəbi kimi məhz uşaqlara qayğının sürü tərəfindən görülən ictimai işə çevrilməsini göstərir. Belə ki, ilk homolar başqa heyvanlara nisbətən fiziki cəhətdən zəif olduqlarına görə, baş beyin inkişaf edib. Nəticədə baş böyüyüb. Böyük başlı uşaqları doğmaq çətinləşib. Ona görə də evrim (Yeri gəlmişkən, təkamül uğursuz tərcümədir. Evrim həmişə təkmilləşməyə, mükəmməlliyə aparmır) avtomatik öz işini görüb, erkən doğumlar baş verib. İnsan 9 ay yox, daha çox hamilə qalmalı idi, amma bu zaman baş o qədər böyük olurdu ki, doğuşlar faciələrə çevrilirdi. Nəticədə evrimin görünməz əli bu prosesi 9 ayda sabitləşdirdi.

Amma 9 ayda doğulan uşaq yarımçıqdır axı. Ona baxmaq, qayğı göstərmək lazımdır. Digər heyvanlarda doğum normal vaxtında olur deyə, 1 dişi və ya 1 ailə, ya da xüsusi sosiallaşma olmadan bir koloniya, sürü uşaqlara qayğı göstərə bilirlər və onlar tezliklə yetkin həyata atılırlar. İnsan övladı isə belə deyil. Ona nəhəng qayğı, həm də uzun illər lazımdır. Nəticədə insan övladına insan sürüsü bütövlükdə baxmağa başlayıb. Hər uşaqla bütün sürü məşğul olurdu. Nəticədə bir-birinin uşaqlarını və onlara göstərilən xidməti qısqanan adamlar arasında qeybət yarandı. Qeybət artıq heyvanlar aləmində yenilik idi. Çünki ilk dəfə idi bir heyvan – homo görmədiyi şey haqqında danışırdı. Yəni oturub baş vermiş və ya verəcək hadisə haqqında söhbət edirdi. Bunu bizdən başqa heç bir heyvan edə bilmir. Bu, sosiallaşma, institutlaşmanın rüşeymləri idi.

Yəni uşağa baxmaq tək adamın işi deyil, o qədər ümumi işdir ki, bu ümumiliyin sayəsində müasir insan yaranıb, heyvanlar aləmindən uzaqlaşıb. İndi bunu yalnız qadına yükləmək həm o qadının hüququnu pozur, həm uşağın inkişafına ziyan vurur, həm də növümüzün təbii inkişafına təpik atır. Artıq müasir dünyadır, aşkar görmək olur ki, “qadın işi” deyə bir sahə yoxdur. Kişi işi ola bilər: əlavə fiziki göstərici tələb etdiyinə görə, müvəqqəti olaraq, hansısa işi kişilər görə bilər (ağır əşya qaldırmaq kimi). Amma yalnız qadının görəcəyi iş yoxdur. Uşağa baxmağın müşətərək olması isə zəruridir.

Ana səhifəMənim FikrimcəMinillik zülm 4 gündə